13:36 22-04-2025
70
Hicran Şərifovun “Qızıl fit” mükafatı Tarix Muzeyində sərgilənir - FOTO
“Şöhrət” və “Olimpiya” ordenli, “Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi”, güləş üzrə Olimpiya kateqoriyalı, beynəlxalq dərəcəli hakim Hicran Şərifovun London-2012 Yay Olimpiya Oyunlarında göstərdiyi peşəkar fəaliyyətinə görə təqdim edilən “Qızıl fit” mükafatı artıq Azərbaycan Tarix Muzeyinin daimi ekspozisiyasında yer alıb.
Bu nüfuzlu mükafat 2014-cü ildən muzeyin kolleksiyasına daxil edilsə də, həmin dövrdə sərgi üçün nümayiş olunmamışdı. Lakin muzeydə aparılan əsaslı yenidənqurma və təmir-bərpa işlərindən sonra “Qızıl fit” mükafatı da ictimaiyyətə təqdim edilən eksponatlar sırasında yer alıb.
Hicran Şərifovun bu mükafatla təltif olunması, onun beynəlxalq arenada qazandığı böyük uğurun bariz nümunəsidir. Bu nailiyyət həm də Azərbaycanın idman tarixində yer alan dəyərli mükafatlardan biridir.
Qeyd edək ki, Hicran Şərifov Pekin-2008, London-2012 və Rio-2016 Olimpiya Oyunlarında, Avropa Oyunlarında, İslam Həmrəyliyi Oyunlarında, dəfələrlə dünya və Avropa çempionatlarında və digər mühüm beynəlxalq yarışlarda ədaləti qoruyub. Azərbaycan güləş tarixində 3 olimpiadada iştirak etmiş yeganə hakim adına sahib olan Hicran Şərifov London-2012-nin ən ədalətli hakimi qismində “Qızıl fit” mükafatına layiq görülüb. O, “Şöhrət” və “Olimpiya” ordeni, “Azərbaycan Respublikası Prezidentinin Fəxri Diplomu”, “Tərəqqi” medalı, “Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi”, “Əməkdar məşqçi” fəxri adları ilə təltif olunub.
Hicran Şərifov ötən il dekabrın 24-də fitini və qolçaqlarını xalça üzərinə qoyaraq, həmkarlarının gur alqış sədaları altında 25 illik hakimlik karyerası ilə vidalaşıb.




