OLİMPİYA DÜNYASİ
Azərbaycanda keçiriləcək III MDB Oyunlarının maskotları ictimaiyyətə təqdim edilib
Ölkəmiz bu ilin sentyabr-oktyabr aylarında növbəti böyük idman tədbirinə - III MDB Oyunların ev sahibliyi etməyə hazırlaşır. Gəncə, Mingəçevir, Qəbələ, Şəki, Göygöl, Yevlax və Xankəndi şəhərlərində keçiriləcək Oyunların rəsmi maskotları Bəbir və Leyla ictimaiyyətə təqdim olunub. Enerjili və mehriban obrazlarla təqdim edilən bu simvollar, yarışlara həm vizual cazibə, həm də mənəvi dəyər qatır.
Qafqaz bəbirinin obrazında canlandırılan Bəbir təkcə maskot deyil, həm də Azərbaycanın zəngin təbiətinin, gücünün və qonaqpərvərliyinin simvoludur. Bu nadir canlı uzun əsrlərdir ölkənin füsunkar təbii guşələrində məskunlaşıb. Bəbir eyni zamanda, nəsli kəsilmək təhlükəsi ilə üzləşmiş fauna növlərinin qorunmasına yönəlmiş "Böyük Beşlik" proqramının iştirakçılarındandır. Həmçinin, Azərbaycan Respublikasının "Qırmızı Kitabı"na və Beynəlxalq Təbiəti Mühafizə İttifaqının "Qırmızı Siyahısı"na daxil edilib.
Leyla isə oyunların rəmzi olaraq dostluğu, əzmkar ruhu və idman dəyərlərini əks etdirir. Onun obrazı MDB Oyunlarının universal mesajını – birlik, əməkdaşlıq və sağlam rəqabəti simvolizə edir.
III MDB Oyunları 28 sentyabr - 8 oktyabr tarixlərində baş tutacaq. Turnir çərçivəsində 23 idman növü üzrə yarışların keçirilməsi planlaşdırılır. Təkcə MDB ölkələrindən deyil, digər dövlətlərdən də idmançıların yarışa qatılacağı gözlənilir ki, bu da tədbirin beynəlxalq əhəmiyyətini bir daha təsdiqləyir.
Paylaş :