FUTBOL
"Sabah" tarixində ilk dəfə Azərbaycan Kubokunun qalibi oldu
"Sabah" klubu futbol üzrə Azərbaycan Kubokunun qalibi olub.
Olimpnews.az xəbər verir ki, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirilən həlledici matçda "Qarabağ"a 3:2 hesabı ilə qalib gələn "Sabah" tarixində ilk dəfə ölkə kubokuna sahib çıxıb. Matçda hesabı 36-cı dəqiqədə "Sabah" klubu açıb. Bakılıların heyətində Pavol Şafranko penaltidən fərqlənib. Lakin Ağdman təmsilçisi ilk hissəsinin sonlarında hesabdakı tarazlığı bərpa edib. 45+1-ci dəqiqədə Kadi Borges dəqiq zərbə ilə hesabı bərabərləşdirib.
Matçın 67-ci dəqiqəsində "Qarabağ" hesabda önə keçib. "Sabah"ın futbolçusu Con İrasabal topu öz qapısına göndərib.
Lakin ümidlərini itirməyən "bayquşlar" 90+6-cı dəqiqədə Kahim Parrisin baş zərbəsi ilə hesabda bərabərliyi bərpa edib. Oyunun əsas vaxtında qalib müəyyənləşmədiyindən əlavə 30 dəqiqə oynanılıb. Əlavə dəqiqələrin sonlarına yaxın - 119-cu dəqiqədə "Sabah" hesabda yenidən irəli çıxıb. Tellur Mütəllimov gərgin və dramatik məcrada keçən oyunda fərqlənərək komandasına çempionluğu qazandıran qolun müəllifi olub.
Tarixində ilk dəfə Azərbaycan Kubokunun sahibi olan "Sabah" həmçinin Avropa Liqasına vəsiqə qazanıb.
Paylaş :