GÜNDƏM
İranda baş verənlərdən sonra Azərbaycanda radiasiya təhlükəsi araşdırılıb
Fövqəladə Hallar Nazirliyinin Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi, "İzotop" xüsusi kombinatı və Mülki müdafiə qoşunlarının Radiasiya və kimya laboratoriyasının mütəxəssislərindən ibarət mobil qruplar tərəfindən ölkənin cənub sərhədləri boyunca (30 məntəqə üzrə), o cümlədən Naxçıvan Muxtar Respublikası ərazisində xüsusi cihazlarla radiasiya fonunun ölçülməsi məqsədilə müayinələr aparılıb.
Olimpnews.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar və Ekologiya və Təbii Sərvətlər nazirliklərinin birgə məlumatında qeyd olunub.
Bildirilib ki, müayinələr zamanı ətraf mühitdə radiasiya fonunda hər hansı çirklənmə aşkar edilməyib. Müayinələr mütəmadi olaraq davam etdirilir.
Həmçinin ölkə ərazisində, o cümlədən transsərhəd bölgələrdə radiasiya şəraitinə fasiləsiz nəzarət məqsədilə Astara, Beyləqan, Zəngilan, Sədərək və digər sərhədyanı rayonlarında Ekologiya və Təbii Sərvətlər Nazirliyi Ətraf Mühitin Monitorinqi Mərkəzinin avtomatik stansiyaları fəaliyyət göstərir və bu stansiyalar vasitəsilə radiasiya fonu üzrə gündəlik müşahidələr aparılır.
Hazırda havada hər hansı bir çirklənmə müşahidə edilməyib.
Paylaş :