18:06 19-06-2025
82
Elcan Hacıyev: “Dünya çempionatının mükafatçısı olmaq böyük uğurdur” - MÜSAHİBƏ
Macarıstanın paytaxtı Budapeştdə keçirilən cüdo üzrə dünya çempionatında bürünc medal qazanan Elcan Hacıyev Olimpnews.az saytına müsahibə verib. -90 kq çəki dərəcəsində fəxri kürsüdə yer alan cüdoçumuz yarışla bağlı təəssüratlarından və gələcək planlarından danışıb. Həmin müsahibəni oxucularımıza təqdim edirik.
- Elcan, əvvəlcə səni dünya çempionatındakı uğura görə təbrik edirik. Bu medal sənin üçün üçün nə ifadə edir?
- Çox sağ olun. Dünya çempionatının mükafatçısı olmaq böyük uğurdur. Düzdür, istəyirdim ki, medalın əyarı qızıl olsun. Amma qismət bürünc medal imiş.
-Yarışa hazırlıq prosesi necə keçdi? Ən çox nəyə diqqət yetirirdin?
- Hazırlıq müddətində müxtəlif təlim-məşq toplanışlarında iştirak etdik. Həm fiziki, həm də texniki baxımdan gərgin məşqlər etmişdik. Şükürlər olsun ki, əziyyətim hədər getmədi, çempionatda medalsız qalmadım.
-Bir qədər də keçirdiyin görüşlər barədə danışardın. Hansı rəqibin səni daha çox çətinliyə saldı?
- İlk görüşüm çox çətin keçdi. Baxmayaraq ki, özbəkistanlı rəqibimə daha əvvəl 2 dəfə qalib gəlmişdim. Fiziki cəhətdən çox güclü idmançı idi.
- Necə düşünürsən, finala çıxmaq üçün nə çatmadı?
- Yarımfinaldakı rəqibim yaponiyalı dünya çempionu Qoki Tacima idi. Həmin görüşdə "vazari" xalı ilə öndə idim. Müdafiyə olunmadan yenidən fəndə girdim. Bu isə səhvimlə nəticələndi. Mən müdafiyədə güləşməyi sevmirəm. Hətta xalda qabaqda olsam belə, çalışıram ki, hücum xarakterli güləşim. Rəqib də bu səhvimdən məharətlə yararlandı. Həmin görüş mənə çox pis təsir etdi. Bəlkə də, iki saat ağladım. Çünki hiss edirdim ki, bu görüşdə qalib gələ bilərəm. Amma alınmadı. Məşqçilərimin sayəsində özümə gəldim və bürünc medal qazandım. Hər yarışda yeni nəsə öyrənirəm. Bu məğlubiyətdən də özüm üçün müsbət nəticələr çıxardım.
- Qazandığın uğurdan sonra ilk zəng etdiyin və sevincini bölüşdüyün şəxs kim oldu?
- Anamla danışdım. Belə bir sevinci məhz onunla bölüşməli idim.
- Bir qədər də qarşıdakı hədəflərin barədə danışardın.
- Ən böyük hədəfim təbii ki, gələn il ölkəmizdə keçiriləcək dünya çempionatında qızıl medal qazanmaqdır. Bu il demək olar ki, çox yarış qalmayıb. Yalnız VI İslam Həmrəyliyi Oyunları və Tələbələrin Yay Universiadasında çıxış edəcəyəm. Təbii ki, bu oyunlardan da Vətənimizə qızıl medalla qayıtmaq istəyirəm.
Azər Əlizadə


