10:19 26-06-2025
38
Azərbaycanda müasir milli ordu quruculuğunun formalaşması Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır
1917-ci ilin aprel ayında Bakıda keçirilən Qafqaz müsəlmanlarının qurultayında xüsusi hərbi hissələrin yaradılması ilə məşğul olan büronun təsis edilməsi haqqında qərar qəbul edildi. Müsavat Partiyasının 1917-ci ilin oktyabr ayının 26-da keçirilən birinci qurultayında milli ordu yaradılması məsələsi tələb edilirdi. Həmin ilin noyabr ayının 5 də Gəncədə keçirilən Qafqaz müsəlman hərbi qurultayı şəhərə gələn tatar atlı batalyonu bazasında Azərbaycan korpusunun yaradılmasını tövsiyə etdi. Ölkədə yaranmış gərgin vəziyyətlə əlaqədar olaraq nəzərdə tutulan tədbirlər çox çətinliklə və ləng həyata keçirilirdi.
Hərb tariximizin şərəfli səhifəsi olan 26 iyun 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin qərarı ilə ilk nizami hərbi hissə – Əlahiddə Azərbaycan Korpusu yaradıldı. Müsəlman Korpusunun adının dəyişdirilməsi və Əlahiddə Azərbaycan Korpusu kimi adlandırılması milli silahlı qüvvələrin yaradılması istiqamətində mühüm addım oldu.
Lakin 1920-ci il 28 aprelində Sovet imperiyasının təcavüzü nəticəsində Xalq Cümhuriyyəti süqut etdi. Bundan sonra ölkəmizdə ordu quruculuğu prosesi dayandı. Yalnız Milli Ordu quruculuğunda əsaslı dönüş müasir dövrdə Ulu Öndər Heydər Əliyevin 1969-cu ildə hakimiyyətə gəlişindən sonra onun müstəsna xidmətləri sayəsində ölkəmizdə hərbi kadrların hazırlanması prosesi başlandı. Heydər Əliyev 1971-ci ildə böyük zəhmətlər bahasına Azərbaycanda hərbi kadrlar hazırlayan məktəbin - görkəmli sərkərdə Cəmşid Naxçıvanskinin adını daşıyan hərbi liseyin yaradılmasına nail oldu. Bundan sonra Ulu Öndər Heydər Əliyevin fədakarlığı sayəsində azərbaycanlı gənclərin Bakı Ali Birləşmiş Komandanlıq və Bakı Ali Hərbi Dənizçilik məktəblərində oxuması, eləcə də SSRİ-nin digər hərbi məktəblərinə güzəştli şərtlərlə qəbul olunması mümkün olmuşdur.
Azərbaycan Demokratik Respublikasının milli ordusu
1918-ci ildə yaradılan Əlahiddə Azərbaycan Korpusu Cümhuriyyət Ordusunun hüquqi bazasını təşkil etdi və Ümummilli Liderimiz varislik prinsipini əsas götürərək 26 iyun tarixini müasir Azərbaycan Silahlı Qüvvələrinin yaradılması günü elan etdi.
Hələ XX əsrin 70-ci illərinin əvvəllərindən başlayaraq Azərbaycanda milli ordu quruculuğu prosesi, onun formalaşması Ulu Öndər Heydər Əliyevin adı və zəngin fəaliyyəti ilə bağlıdır. Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə ordu quruculuğu, milli zabit kadrların hazırlığı məsələlərini daim önə çəkib. Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1971-ci ildə Bakı şəhərindəki 2 saylı 8 illik internat məktəbinin bazasında ixtisaslaşdırılmış internat məktəbi yaradılıb, məktəbə diviziya komandiri, general C.Naxçıvanskinin adı verilib. Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra, 1991-ci ilin sentyabrında Ali Sovetin qərarı ilə Müdafiə Nazirliyi, oktyabrın 9-da isə qarşıdakı 3 ay ərzində Azərbaycan Silahlı Qüvvələrinin yaradılması barədə qərar qəbul edildi. 1992-ci ildə Azərbaycan Müdafiə Nazirliyinin komandanlığının rəhbərliyi altında desant qoşunları yaradıldı və Xəzərdə hərbi donanmanın komplektləşdirilməsi başa çatdı. 1997-ci il noyabrın 24-də Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təhsil müəssisəsi C.Naxçıvanski adına Hərbi Lisey adlandırıldı. Azərbaycan müstəqillik əldə etdikdən sonra hərbi liseyin məzunları ordunun yaranmasında, Vətənin ərazi bütövlüyünün qorunması uğrunda mübarizədə həmişə ön cəbhədə oldular.
Azərbaycanda vahid komandanlığa əsaslanan nizami və mütəşəkkil, ən əsası müstəqilliyə və dövlətçiliyə qarşı yarana biləcək hər hansı təhlükənin qarşısını almağa qadir ordunun yaradılması Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə xalqın təkidi ilə təkrar hakimiyyətə qayıdışından sonra mümkün oldu. Başlanğıcını 1993-cü il noyabrın 2-də Ulu Öndərin xalqa müraciətindən götürən və hərb tariximizə Heydər Əliyevin müasir ordu quruculuğu kimi düşən bu dönəmin ilkin çağlarında yeni yaradılan və vahid komandanlığa tabe olan hərbi birləşmələr, nəinki Ermənistanın güclənən hücumlarının qarşısını böyük mətinliklə aldı, hətta Horadiz əməliyyatı ilə çoxsaylı yaşayış məntəqələrini, strateji əhəmiyyət kəsb edən yüksəklikləri düşməndən azad etdi. Heydər Əliyevin 1998-ci il 22 may tarixli qərarına əsasən, 26 İyun – Silahlı Qüvvələr Günü elan edildi. Hər il xalqımız bu günü böyük təntənə ilə qeyd edir. Ulu Öndər bu Fərmanı imzalamaqla tarixi həqiqətin və milli ordu quruculuğunda varislik ənənələrinin bərpası istiqamətində çox gərəkli bir addım atdı. 1998-ci il iyunun 25-də Azərbaycan Ordusunun yaradılmasının 80 illiyinə həsr olunmuş təntənəli yubiley mərasimində Ulu Öndər bu barədə deyirdi: “Biz 26 iyun gününü bayram elan etmişik. Bu, tam əsaslıdır, məqsədəuyğun, qanunauyğundur. Çünki 80 il bundan öncə məhz bu gün Azərbaycan Xalq Cümhuriyyətinin - ölkəmizin müstəqilliyini elan edən Xalq Cümhuriyyətinin, müstəqil Azərbaycanı qurub-yaradan, hələ Gəncədə fəaliyyət göstərən hökumətin ilk addımlarından biri Azərbaycanın Milli Ordusunun yaranması haqqında verdiyi qərar olmuşdur. Həmin qərara, addıma böyük hörmət əlaməti olaraq biz 26 iyun gününü Azərbaycanın Silahlı Qüvvələri, ordusu günü elan etmişik”.
Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev hərbi təhsil sisteminin daha da inkişaf etdirilməsi məqsədi ilə 1999-cu il yanvarın 20-də Hərbi Akademiyanın yaradılması haqqında fərman imzalamışdır. 2011-ci il iyunun 26-da Bakıda Silahlı Qüvvələr Günü və müstəqilliyin bərpasının 20 illiyi, 2013-cü ildə isə Silahlı Qüvvələr Gününün yaranmasının 95 illiyi ilə münasibətilə hərbi parad keçirilib. Bunu 2016-cı ildəki Aprel döyüşləri də sübut etdi. Dördgünlük müharibə erməni mif və utopiyalarını alt-üst etdi. Erməni ordusu Qafqazın ən böyük ordusu qarşısında aciz qaldı.
Aprelin 3-də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva 2016-cı ilin aprel döyüşləri zamanı Azərbaycan Ordusunun yaralanmış bir qrup əsgər və zabiti ilə görüşüb.
Görüşdə Mehriban Əliyevanın iştirakı ilə “2016-cı ilin aprel döyüşlərində yaralanmış əsgər və zabitlərin yüksək texnologiyalı protezlərlə təmin edilməsi” layihəsi təqdim olunub.
Ulu Öndər Heydər Əliyevin müasir Azərbaycan Ordusunun daha da qüdrətlənməsi istiqamətində apardığı böyük işlər dövlətimizin başçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan Ordusunun maddi-texniki təchizatı ən yüksək səviyyədədir.
Hərbi qulluqçuların sosial müdafiəsini gücləndirmək, onların məişət şəraitini yaxşılaşdırmaq məqsədilə də mühüm layihələr icra olunur. Azərbaycan Ordusunun şəxsi heyətinin sosial şəraitinin yaxşılaşdırılması məsələsinə xüsusi diqqətlə yanaşan Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə bu istiqamətdə çox mühüm və ardıcıl tədbirlər həyata keçirilir. Əlverişsiz, köhnə hərbi hissələr daha müasir dünya standartlarına cavab verən yeni hərbi şəhərciklərlə əvəz olunur. Bəzi hərbi hissələrdə təmir-bərpa işləri aparılır. Bu da şəxsi heyətin döyüş, mənəvi-psixoloji və digər hazırlıqlarının artırılmasına güclü təkan verir.
Ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin cəbhə bölgələrinə səfərləri zabit və əsgərlərimizin döyüş əzmini artırmaqla xalq-ordu birliyini daha da möhkəmləndirir.
Azərbaycan Ordusunun 2016-cı ilin aprelin əvvəllərində Qarabağda Lələtəpə yüksəkliyi və ötən ilin mayında Naxçıvanda həyata keçirdiyi uğurlu əks-hücum əməliyyatlarında düşmən işğalında olan ərazilərimizin bir hissəsi, bəzi strateji əhəmiyyətli yüksəkliklər azad edildi. 2018-ci ildə Bakının işğaldan azad olunmasının 100 illiyi ilə əlaqədar Azadlıq meydanında keçirilən hərbi parad da ölkəmizin müdafiə qabiliyyətinin göstəricisi və dövlətimizin hərbi gücünün təsdiqi kimi tarixə düşdü. Azərbaycanda ordu dövlət üçün prioritetdir, ordu quruculuğuna fasiləsiz, dönməz diqqət var. Hərbi qulluqçuların vəzifə maaşlarının artırılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı bu diqqətin təzahürüdür. Son illərdə həyata keçirilən irimiqyaslı islahatlar, genişmiqyaslı təlimlər, ən yüksək texnikalarla və qurğularla təchizat, ümumən hərtərəfli diqqət və qayğı şəxsi heyətin döyüş və mənəvi-psixoloji hazırlığının səviyyəsini nəzərəçarpacaq dərəcədə yüksəldilməsinə və Azərbaycan Ordusunun 44 günlük 2-ci Qarabağ müharibəsində tarixi Zəfər qazanmasına səbəb oldu. Şuşanın azad edilməsi üçün Azərbaycan Ordusunun keçirdiyi hərbi əməliyyat dünya hərb tarixinə yazıldı. Hər tərəfi sıldırım dağlarla əhatə olunan Şuşa əlləri və dırnaqları ilə yüksəkliyi aşıb şəhərə girən əlbəyaxa döyüş də daxil olmaqla misli görünməmiş qəhrəmanlıqlar nümayiş etdirən Azərbaycan əsgərlərinin gücü və vətənpərvərliyi hesabına azad olundu. Azərbaycan Ordusunun 2023-cü ildə keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində Xankəndi, Xocalı, Ağdərə, Əsgəran və bütün Qarabağ erməni separatizmindən təmizləndi. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin dediyi kimi: "Azərbaycan güclü dövlətdir və onun güclü ordusu vardır”.
Dövlətimizin başçısı İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın diqqət və qayğısı sayəsində hərbi qulluqçuların xidməti-məişət şəraitinin, maddi rifah halının, mənzil məsələlərinin yaxşılaşdırılması və sosial qayğılarının həlli istiqamətində görülən işlərin davam etdirilməsi hərbi xidmətə marağın artmasına səbəb olmuşdur. Şəhidlərimizin ailə üzvləri və sağlamlığını itirən döyüşçülərimiz, müharibə veteranları daima dövlətimiz tərəfindən diqqət mərkəzində saxlanılır.
Möhtərəm Prezident, cənab Ali Baş Komandan İlham Əliyevin 28 dekabr 2011-ci il tarixli "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə" Fərmanının icrasının təmin edilməsi məqsədilə 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçulara daimi mənzillərin verilməsi şəxsi heyətdə böyük ruh yüksəkliyi yaratmışdır.
Tariximizin şanlı səhifəsi sayılan bu gün, 107-cı ildönümünü böyük qürur hissi ilə qeyd etdiyimiz Azərbaycan Ordusunda vahid komandanlığın təmin edilməsi, nizami ordu quruculuğu prosesinin prioritet məsələ elan olunması xalqımızın Ümummilli Lideri Heydər Əliyevin bu istiqamətdə atdığı cəsarətli addımların nəticəsidir.