14:33 25-07-2025
1406
Fariz Hüseynov - hakim ədalətinin 45 yaşlı təntənəsi
Tribunalar azarkeşlərlə doludur. Həyəcanla tatami üzərində yer alan cüdoçuların səssizliyi hökm sürür. Arenadakı izdiham və iki cüdoçu arasında gərginlik gözlə sezilir. Elə bu anda hamının gözü bir nəfərin üzərində cəmlənir - hakimin...
Sözsüz ki, tatamidə məhz onun qərarı yekun nəticəni müəyyənləşdirəcək. Bu qərarın arxasında illərin təcrübəsi, qətiyyət və obyektivlik dayanır.
Bu yazımızda həmin ədalət təmsilçilərindən biri - Olimpiya dərəcəli cüdo hakimi Fariz Hüseynov haqqında danışacağıq.
Onun adı mötəbər arenalarda bəlkə də çox səslənmir, çünki o, qalibiyyətin görünməyən arxa səhnəsində dayanır. Amma qərarları, baxışları, prinsipiallığı ilə minlərlə tamaşaçının, yüzlərlə idmançının və ən əsası - bir ölkənin etimadını özü ilə daşıyır.
Bəzən qəhrəmanlar ədalətli qərarlarla da tarix yazırlar. Fariz Hüseynov da belə simalardandır. Onun hər çıxışı, verdiyi qərarlar ölkəmizin idman uğurunun səsinə çevrilir.
Fariz Hüseynov 1980-ci il iyulun 25-də Bakıda dünyaya gəlib. Uşaqlıq illərində gimnastika ilə başlayan idman sevgisi zamanla onu karateyə, daha sonra isə cüdo tatamisinə aparır. Elə orada, yumşaq tatami üzərində həyatının taleyüklü qərarı verilir.
14 yaşında “Dinamo” İdman Cəmiyyətində ilk məşqçisi Roman Frenkinin sayəsində cüdo ilə tanış olan Fariz Hüseynov üçün cüdonun fəlsəfəsi, qaydaları və meydandakı etikası onun ruhuna tam uyğun idi. Daha sonra isə İbadulla Şahbanov və Validə Nuriyeva kimi mütəxəssislərin rəhbərliyi altında "Atilla" klubunda təcrübə qazanıb.
Tələbəlik illərində ağır zədə ilə idmançı karyerasına nöqtə qoysa da, mübarizə ruhunu itirmir. Anlayır ki, idmanın səhnəsi təkcə yarış meydanı deyil. Bu sahədə ədaləti qoruyanlar da qəhrəman ola bilər. Məhz o vaxtdan etibarən cidogini (cüdo geyimi - red.) hakim geyimi ilə əvəz edir.
2002-ci ildə hərbi xidmətdən qayıtdıqdan sonra məşqçiliyə başlayır. Rafiq Hacıyevin dəvəti və Firdovsi Tağıyevin rəhbərliyi altında "Dinamo" cəmiyyətində gənclərə cüdonu öyrədir. Zədəyə görə özünü yarışlarda ifadə edə bilməsə də, yetişdirdiyi gənclərin beynəlxalq arenalarda Azərbaycan bayrağını yüksəklərə qaldırması üçün çalışır.
2003-cü ildə cüdo yarışlarında ilk dəfə hakim kürsüsündə əyləşəndə, heç kim onun bu qədər uzağa gedəcəyini təxmin etmirdi. O isə hər görüşdən, hər qərardan bir təcrübə, bir dərs götürürdü. Zaman keçdikcə, bu təmkinli gənc beynəlxalq yarışlarda Azərbaycan bayrağını hakim qüruru ilə təmsil etməyə başladı.
2009-cu ildə Sloveniyada keçirilən imtahanda B kateqoriyalı beynəlxalq hakim lisenziyası alır.
İlk beynəlxalq sınağı paytaxıtımızda keçirilən Dünya Kuboku olur. Həmin andan etibarən onun həyatında yeni bir səhifə açılır. Dünya Kuboku, Avropa çempionatı, Olimpiya festivalları... Fariz Hüseynovun adı artıq Avropanın idman protokollarında yer almağa başladı.
2014-cü ildə Avstriyada təşkil olunan imtahanla A kateqoriyası üzrə beynəlxalq dərəcəli hakim adını alır. Elə həmin ildən paracüdo yarışlarında da hakimlik etməyə başlayır. ABŞ-ın Kolorado şəhərində keçirilən IBSA dünya çempionatında ədaləti təmsil edənlərdən biri də məhz odur. Həmin il ABŞ-da keçirilən dünya çempionatında Azərbaycanın ilk paralimpiya cüdo hakimi adını tarixə yazdırdı.
Fariz Hüseynovun adı zamanla Avropanın və dünyanın nüfuzlu yarışlarında çəkildi. Seulda keçirilən İBSA Dünya Oyunları, Bakı-2015 I Avropa Oyunları, Bakı-2017 IV İslam Həmrəyliyi Oyunları, Bakı-2019 yarışlarında hakimlik etməklə yanaşı, EYOF-un cüdo üzrə yarışlarında menecer vəzifəsini də yerinə yetirmişdi.
Rio-2016 Paralimpiya Oyunlarında dünyanın dörd bir yanından seçilən 12 hakimin arasında yer alan Fariz Hüseynov üçün bu seçim əlamətdar idi. Həmin vaxt o, 36 yaşında Rio-2016 Yay Paralimpiya Oyunlarının ən gənc cüdo hakimi statusuna yiyələnmişdi.
Qeyd edim ki, Fariz Hüseynov 2023-cü ilin iyun ayından 2024-cü ilin iyul ayına qədər “Judo Club 2012”nin idman direktoru, daha sonra isə icraçı direktoru kimi fəaliyyət göstərib. Onun rəhbərliyi dövründə klub böyüklər arasında ölkə çempionatı və şəhər birinciliklərinin qalibi olmaqla yanaşı, yeniyetmə və gənclər arasında həm şəxsi, həm də komanda hesabında birinci yeri tutub.
Bu müddətdə klubun yetirmələrindən Zelim Kotsoyev dünya və Olimpiya çempionu adına layiq görülüb. Klubun digər gənc cüdoçuları da Avropa çempionatlarında və mötəbər yarışlarda medallar qazanıblar. 2024-cü ili “Judo Club 2012” klubu Fariz Hüseynovun rəhbərliyi altında 117 medalla başa vurub.
Hazırda Fariz Hüseynov Avropa Cüdo Birliyinin prezidenti Laslo Totun köməkçisi kimi çalışır. Bu, onun beynəlxalq aləmdə qazandığı nüfuzun və peşəkarlığın daha bir sübutudur.
O, həmçinin Azərbaycanın ACF Akademiyasına qəbul olan ilk hakimlərdən biridir və Deflimpiya Oyunlarında hakimlik edən yeganə azərbaycanlıdır. 2016, 2017 və 2019-cu illərdə “İlin hakimi” adına layiq görülməsi, 2023-2024-cü illərdə isə Fair-play mükafatı ilə təltif olunması onun peşəkar fəaliyyətinin dəyərli nəticələridir.
Bu gün Fariz Hüseynov 45 yaşını qeyd edir.
Fariz müəllimi bu əlamətdar gün münasibətilə təbrik edir, ona yeni uğurlar, möhkəm cansağlığı və daha böyük zirvələr arzulayırıq.
Azər Əlizadə
















