Azərbaycan gəncliyi dövlətin diqqət və qayğısı ilə əhatə olunub

Azərbaycan gəncliyi dövlətin diqqət və qayğısı ilə əhatə olunub



Xalqımızın ümummilli lideri Heydər Əliyev Azərbaycan gənclərinə diqqət və qayğı göstərir, daim onların problemləri ilə maraqlanırdı. Bu gün respublikamızda həyatın elə bir sahəsi yoxdur ki, orada gəncliyin əzəmətli addım səsləri eşidilməsin. Ulu öndərin 1997-ci ildə imzaladığı sərəncamla hər il fevral ayının 2-nin "Gəncləri günü” kimi qeyd olunması Azərbaycan gəncliyinə dövlət qayğısının bariz nümunəsidir.
Heydər Əliyev uzaqgörən siyasətinin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də hər zaman gənclərimizə diqqət və qayğı göstərir. Bu il "Gənclər Günü”ndə bir qrup gənclə görüşən dövlət başçısı İlham Əliyev bir daha bəyan etdi ki, Azərbaycanın gələcəyi etibarlı əllərdədir. Gənclər böyük qüvvədir. Azərbaycan gəncləri sağlam düşüncəli, vətənpərvər olmaqla, millətinə, xalqına çox bağlıdır.
Bu gün Azərbaycan Respublikasında həyata keçirilən gənclər siyasəti çox geniş bir spektri - gənclərin təhsili, tərbiyəsi, sağlamlığı, intellektual və mənəvi inkişafı, asudə vaxtının təşkili, problemlərinin həlli, hüquqlarının müdafiəsi, respublikanın ictimai-siyasi və mədəni həyatında iştirakı ilə bağlı məsələləri və s. əhatə edir. Bu siyasətin həyata keçirilməsi üçün ölkəmizdə gənclərlə iş sahəsində, gənclərin sosial-iqtisadi inkişafına yönəldilmiş mükəmməl qanunvericilik bazası formalaşıb.
Gənclər siyasətində dövlətin xüsusi diqqət və qayğısı, bununla əlaqədar dövlət orqanlarının konkret vəzifələrinin müəyyənləşdirilməsi, səmərəli iş üsullarının öyrənilərək tətbiq edilməsi Azərbaycanın müstəqil dövlət kimi inkişafına kömək göstərir. Ölkəmizdə ictimai-siyasi sabitliyin, milli-mənəvi dəyərlərimizin qorunub saxlanılmasında, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında, ümummilli maraqlarımızın təmin edilməsində daim öndə gedən gənclərimiz müstəqil dövlətçiliyimizin gələcək təminatçıları kimi öz məsuliyyətlərini və vətəndaşlıq borclarını dərk edir, konkret əməli fəaliyyətləri ilə özlərini təsdiqləməyə çalışırlar. Xüsusilə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin regionların sosial-iqtisadi inkişafı ilə bağlı apardığı məqsədyönlü siyasətin həyata keçirilməsində, yeni iş yerlərinin açılmasında və istehsal sahələrinin yaradılmasında gənclərimizin potensialından səmərəli istifadə olunur. Bu gənclərin özlərinin sosial problemlərinin həllində də önəmli rol oynayır.
Gənclərin I Forumunun keçirilməsindən artıq bizi on dörd illik zaman kəsiyi ayırır. Forumda ulu öndər Heydər Əliyevin qarşıya qoyduğu vəzifələr əlaqədar dövlət orqanları tərəfindən uğurla həyata keçirilmiş və növbəti mərhələlərdə reallaşdırılması vacib olan məsələlər üçün əsaslı zəmin yaradılmışdı. Dünyanın reallıqlarını və xalqımızın milli xüsusiyyətlərini nəzərə alan bu çoxşaxəli siyasətin əsas məqsədi respublikamızın gələcək inkişafını təmin etməyə qadir olan, öz tarixinə, mədəniyyətinə, milli-mənəvi dəyərlərinə hörmətlə yanaşan, vətəninə dövlətçiliyə sədaqətli gənclərin yetişdirilməsindən ibarətdir.


Gənclərimiz dövlətçiliyimizə
sədaqətlə xidmət edirlər

Bu gün fəxrlə demək olar ki, Azərbaycan gəncliyi doğma vətənimizə, dövlətçiliyimizə sədaqətlə xidmət etməyə hazırdır. Ötən on dörd il ərzində Azərbaycan gəncləri sözün əsl mənasında ümummilli lider Heydər Əliyevin ideyalarına inam və sədaqət nümayiş etdirmiş, ölkədə ictimai-siyasi sabitliyi, dövlət başçısının apardığı mövcud siyasi kursu və dinamik inkişafı dəstəkləmişdir. Bu sahədə təsdiq olunmuş tədbirlər planı gənclərin fəaliyyəti üçün baza yaratmışdır. 2002-ci ilin aprel ayında Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən qəbul edilmiş "Gənclər siyasəti haqqında” qanun isə mövcud hüquqi bazanı tamamlamış, növbəti mərhələlərdə görüləcək işlərə zəmin yaratmışdır.
2003-cü ildən, cənab İlham Əliyevin ölkə başçısı kimi fəaliyyətə başladığı dövrdən ölkədə gənclər siyasəti yeni mərhələyə qədəm qoydu. Zamanın tələbinə uyğun olaraq gənclər siyasətinə göstərilən qayğı geniş vüsət aldı. Bu gün Azərbaycan gənclərinin səsi dünyanın bir çox elm, təhsil mərkəzlərindən gəlir, ölkəmizdə, o cümlədən dünyanın ən böyük şirkətlərində gənclərimiz məsul vəzifələr tuturlar. Azərbaycan gəncləri idman sahəsində də çox böyük nailiyyətlər əldə ediblər.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 2005-ci ildə təsdiq edilmiş "Azərbaycan Gəncliyi Dövlət Proqramı” dövlətimizin gələcək qurucuları olan ölkə gəncliyinə dövlət qayğısının əyani sübutudur. Həmin Sərəncamda Azərbaycan gəncliyinin mənəvi-əxlaqi tərbiyəsinin gücləndirilməsi, sosial müdafiəsinin, məşğulluğunun, təhsilinin təminatı, yaradıcılıq axtarışlarının stimullaşdırılması, hərbi vətənpərvərlik ruhunun artırılması, onların kütləvi surətdə dövlət quruculuğu prosesinə cəlb edilməsi, müasir qloballaşma əsrində öz güc, bilik və bacarıq potensialını ümummilli dövlət mənafeyinə xidmətə sərf edən mütəşəkkil qüvvə kimi formalaşdırılması və digər məsələlər prioritet vəzifə kimi qarşıya qoyulmuşdur.
Gənclərimizə həmişə arxalanan və onlara böytük ümidlər bəsləyən ölkə rəhbəri 2007-ci il noyabrın 1-də Beynəlxalq İslam Konfransı Gənclər Forumunun nümayəndə heyətinin qəbulu zamanı bunu bir daha təsdiq etmişdir: "Bu gün Azərbaycanda milli - mənəvi dəyərlərimizi, ana dilimizi, adət-ənənələrimizi qoruyub yaşadan, eyni zamanda, ümumbəşəri ideyaları mənimsəyərək, dünyanın qabaqcıl gəncliyi ilə inteqrasiya etməyə qadir olan nəsil yetişmişdir. Onlar Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində erməni qəsbkarları tərəfindən işğal edilmiş torpaqlarımızın azad olunması naminə qüvvə və bacarıqlarını səfərbər edərək fəaliyyət göstərirlər. Son illərdə ölkəmizin iqtisadiyyatının yüksəlişi gənclərimiz qarşısında geniş uğurlar açmış və onlara bəslənilən ümidləri daha da artırmışdır.
2007-ci ilin Azərbaycanda "Gənclər ili” elan edilməsi ilə əlaqədar ölkəmizdə müxtəlif səviyyəli tədbirlər təşkil olunmaqdadır. Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumunun təşəbbüsü ilə Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı, Avropa Şurası, İSESKO kimi beynəlxalq təşkilatların və Heydər Əliyev Fondunun birgə təşkil etdiyi "Gənclər sivilizasiyaları alyansı naminə” beynəlxalq konfransın bu baxımdan ölkəmizin ictimai-siyasi həyatında özünəməxsus yeri vardır.


Təhsilə külli miqdarda
vəsait ayrılır
Heydər Əliyev Fondunun prezidenti, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyeva müxtəlif xeyriyyə layihələri ilə uşaq və gənclərin, ümumiyyətlə, qayğıya ehtiyacı olanlara hər zaman yardım edir, dəstəyini əsirgəmir. Azərbaycanın çoxmillətli ölkə olduğunu xatırladan ölkənin birinci xanımının Bakıda təşkil edilən İslam Konfransı Gənclər Forumunda çıxışı maraq doğurur: "Bu cür əhəmiyyətli konfransın Azərbaycanda keçirilməsi böyük rəmzi xarakter daşıyır. Təqribən 50 ölkənin gənc liderləri, beynəlxalq təşkilatların təmsilçiləri, siyasətçilər, alimlər və ictimai xadimlər yeni beynəlxalq hərəkatın təsis edildiyi yerə - Bakı şəhərinə toplaşmışlar. Hələ qədim vaxtlardan Azərbaycan müxtəlif mədəniyyətlərə və dinlərə hörmətlə yanaşma və dözümlülük ənənələri ilə tanınmışdır. Biz uzun illər ərzində əmin-amanlıq şəraitində, yanaşı yaşamışıq.
Azərbaycan tarixən çoxmillətli ölkə olmuşdur. Konstitusiyaya uyğun olaraq, burada bütün milli azlıqlar bərabər hüquqlara malikdirlər və bir ailə kimi yaşayırlar. Dini və etnik dözümlülük bütün nailiyyətlərimizin əsas elementlərindən biridir. Biz bundan çox fərəhlənirik”.
Dövlət başçısı İlham Əliyev praqmatik siyasətçi olaraq Azərbaycan xalqının gələcəyini yalnız neft gəlirlərində, təbii sərvətlərin zənginliyində deyil, eyni zamanda, yüksək elm və təhsildə, müasir biliklərin, informasiya və kompüter texnologiyalarının geniş tətbiqində, insan kapitalının formalaşmasında görür: "Biz istəyirik ki, gənc nəsil bilikli, savadlı olsun, eyni zamanda, vətənpərvərlik ruhunda tərbiyə alsın. Gələcəkdə həm özlərini təmin etsinlər, cəmiyyətdə özlərinin yerini tutsunlar, eyni zamanda, ölkəmizin ümumi inkişafına öz töhfələrini versinlər. Çünki ölkənin inkişafı təkcə iqtisadi amilərlə ölçülmür, iqtisadi amillər də öz növbəsində insanların cəmiyyətə verdiyi töhfədən asılıdır”. Prezidentin 19 oktyabr 2006-cı il tarixli "Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil almasına dair Dövlət Proqramı haqqında” Sərəncamı isə bu sahədə həyata keçirilən dövlət siyasətində ardıcıllığın və sistemliliyin təmin olunması baxımından təqdirəlayiqdir. Bu Sərəncam əsasında "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə Dövlət Proqramı” hazırlanmış və təsdiq olunmuşdur. Proqram əsasında 2007-2008-ci tədris ilində Azərbaycan gənclərinin Amerika Birləşmiş Ştatları, Almaniya, Cənubi Koreya, Fransa, İngiltərə, İspaniya, Rusiya, Türkiyə və digər ölkələrdə təhsil almalarını təmin etmək məqsədilə Azərbaycan Respublikasının 2007-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Təhsil Nazirliyinə 2,2 milyon manat məbləğində vəsait ayrılmışdır. Hazırda Azərbaycandan kənarda 4000-dən çox azərbaycanlı tələbə təhsil alır ki, onun təxminən 1000 nəfərinin təhsil xərcləri dövlət tərəfindən ödənilir. Bir faktı qeyd edək ki, təkcə 2007-ci ildə ABŞ Dövlət Departamentinin xətti ilə 16 nəfər azərbaycanlı tələbə ABŞ-ın 16 ştatında təhsil alıb. Bu layihə həm gənclərin dünya standartlarına uyğun öz bilik potensiallarını artırmaqla bərabər, həm də Azərbaycanı ABŞ əhalisinə geniş tanıtmaq baxımından mühüm əhəmiyyət kəsb edir.


Gənclərin öz potensialını
genişləndirmək imkanları genişdir

Azərbaycan gənclərinin ölkənin gələcək inkişafında iştirakını və məsuliyyətini yüksəltmək, paytaxt və regionlarda yaşayan gənclərin fikir mübadiləsinə şərait yaratmaq, gənclər və dövlət qurumları, hökumət nümayəndələri ilə açıq ünsiyyəti asanlaşdırmaq məqsədilə ulu öndərimizin təşəbbüsü ilə Gənclər Forumunun (1995) yaradılması dövlətin gənclər siyasəti istiqamətində apardığı mühüm addımlardan biridir. İlk forum 1996-cı il fevralın 2-də keçirilib və ümummilli lider bu tədbirdə iştirak edib. İndiyədək Azərbaycan Gənclərinin VIII Forumu təşkil edilib və sonuncu tədbir bu ilin noyabr ayında reallaşıb.
Keçirilən forumlar ölkəmizin ictimai-siyasi həyatında böyük əks-sədaya səbəb olmuş, respublikanın hər yerində gənclərlə aparılan işin nəzərə çarpacaq dərəcədə canlanmasına təkan vermişdir. Forumların qəbul etdiyi qərarlar geniş ictimaiyyətin diqqətini gənclərin problemlərinin həllinə yönəldilməsi baxımından müstəsna əhəmiyyət kəsb etmiş, gənclərlə iş sahəsində yeni düşüncə tərzinə malik olan gənclərin təşkilatlanması prosesini sürətləndirmiş, eləcə də, dövlət gənclər siyasətinin normativ-hüquqi bazasının təkmilləşdirilməsi ilə yadda qalmışdır. Məsələn, "Gənc istedadlar üçün xüsusi təqaüdlər və İstedadlı gənclərin qızıl kitabının təsis edilməsi” haqqında sərəncam, "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” qanunun qüvvəyə minməsi, "Uşaqların təlim - tərbiyəsinin yaxşılaşdırılması və hüquqlarının qorunması haqqında”, "İstedadlı yeniyetmələrin və yaradıcı gənclərin sosial, iqtisadi və s problemlərinin həllinə yönəlmiş, onların öz qabiliyyətlərini inkişaf etdirmələrinə kömək edən” Dövlət Proqramlarının təsdiqi, "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” və s. müxtəlif illərdə keçirilən forumların yekunu olaraq qəbul edilmişdir.

Müasir dövrdə elmin və texnologiyanın sürətli inkişafı Azərbaycan dövlətinin də gənclərlə bağlı zamanın tələblərinə uyğun siyasət yürütməsini zəruri edib. Bu zərurəti nəzərə alan dövlətimizin başçısı gənclərin intellektual, fiziki və mənəvi inkişafını, ölkənin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında fəal iştirakını təmin etmək məqsədilə 2015-ci il yanvarın 26-da "2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb. Gənclərimizin dini ekstremizm, separatizm, beynəlxalq terrorizm kimi təhlükəli, zərərli təsirin altına düşməsinin qarşısını almaq məqsədi ilə qəbul edilən "Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı da Azərbaycanda gənclər siyasətinin daha səmərəli həyata keçirilməsinə nail olmağa xidmət edir.
Dövlətimiz gənclər siyasətində idmanın inkişaf etdirilməsi və onun kütləviliyinin artırılmasına da xüsusi diqqət yetirir. Prezident İlham Əliyevin mətin iradəsi və böyük səyləri nəticəsində Azərbaycan dünyanın qabaqcıl idman ölkələrindən birinə çevrilib. Bu gün respublikamızda 43 Olimpiya İdman Kompleksinin fəaliyyət göstərməsi, ölkəmizin nüfuzlu beynəlxalq idman yarışlarına ev sahibliyi etməsi, idmançılarımızın Olimpiya, dünya və Avropa çempionatlarında uğurlu çıxışları buna əyani sübutdur. Beynəlxalq yarışlarda qələbə qazanan gənc idmançıların əməyinin dövlətimiz tərəfindən layiqincə qiymətləndirilməsi də onların yeni uğurlarında mühüm rol oynayır.
Beynəlxalq yarışlarda qazanılan idman nailiyyətlərimizin sayı ildən-ilə artır. Təkcə bir faktı qeyd etmək kifayətdir ki, Azərbaycanın dünyanın mötəbər idman tədbiri olan Rio-2016 XXXI Yay Olimpiya Oyunlarında 18 medal qazanmaqla medal sayına görə 14-cü yerdə qərarlaşması bu sahəyə göstərilən diqqət və qayğının bariz nümunəsidir. Eləcə də, milli komandamızın ölkəmizdə yüksək səviyyədə keçirilən Bakı-2015 birinci Avropa Oyunlarında ikinci, Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında birinci yeri tutması, ötən il şahmatçılarımızın üçündü dəfə Avropa çempionu olmaları Azərbaycan gənclərinin son illərdə idman sahəsində qazandıqları uğurların əyani göstəriciləridir.
Hazırda ölkəmizdə gənclər siyasəti uğurla həyata keçirilir. Sosial həyatın bütün sferalarına nəzər salsaq, görərik ki, orada gənclər əksəriyyət təşkil edir. Təbii ki, bu, Prezident İlham Əliyevin gənc kadrların irəli çəkilməsi ilə bağlı qarşıya qoyduğu vəzifənin reallaşmasının nəticəsidir. Prezident İlham Əliyev gənclərə olan münasibətini belə ifadə edib: "Mənim gənclərə xüsusi münasibətim var, mənim ürəyim sizinlədir. Siz bütün işlərdə mənə arxalana bilərsiniz. Mən də sizə arxalanıram”.
İdmançı gənclər də öz növbəsində dövlət qayğısını daim üzərlərində hiss edərək nailiyyətləri ilə onlara göstərilən etimadı layiqincə doğrultmağa çalışırlar. Bu yüksək münasibətə cavab kimi Azərbaycanın parlaq gələcəyinin təminatçısı olan gənclər bütöv və müstəqil Azərbaycan respublikası naminə bütün güclərini səfərbər edir, Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasətini dəstəkləyirlər.
Dilqəm Ouliyev,
pedaqogika üzrə elmlər doktoru,
professor