Fərdi Dünya Kubokunun son günündə 1 qızıl və 3 bürünc medal şansı

Fərdi Dünya Kubokunun son günündə 1 qızıl və 3 bürünc medal şansı

Bu gün Serbiyanın paytaxtı Belqradda keçirilən güləş üzrə Fərdi Dünya Kubokuna yekun vurulacaq. Sonuncu yarış günündə 61 kq, 65 kq, 79 kq, 86 kq və 97 kq çəki dərəcələrində çıxış edən sərbəst güləşçilər arasında mükafatçılar müəyyənləşəcək. Azərbaycan idmançıları da bu gün mükafatlar uğrunda yarışacaq. Xalça üzərinə çıxan idmançılarımızdan 1 qızıl, 3-ü isə bürünc medal uğrunda mübarizə aparacaq. Belə ki, ötən gün güləşçimiz Əhmədnəbi Qvarzatilov (61 kq) startda Fransanı təmsil edən erməni güləşçi üzərində inamlı qələbə qazanıb. Bolqarıstan və Tacikistan güləşçilərindən də güclü olan Ə.Qvarzatilov finala yüksəlib.

Üçqat Avropa və dünya çempionu Hacı Əliyev debütdə prinsipial rəqiblə qarşılaşıb. 65 kiloqram çəki dərəcəsində dünya çempionu Hacımurad Rəşidovla görüşə əla start verən H.Əliyev 4 xal qazandıqdan sonra görüş yarımçıq saxlanılıb. Buna səbəb rəqibin zədələnməsi olub. Güləşçimiz dörddəbir finalda qırğızıstanlı güləşçi ilə gərgin keçən görüşdən də qalib ayrılaraq adını yarımfinala yazdırıb. Macarıstan təmsilçisi ilə görüş gərgin idman mübarizəsi şəraitində keçib. H.Əliyev əzmkarlıq nümayiş etdirsə də, onu qələbədən 1 xal ayırıb. Güləşçimiz bu gün bürünc medal üçün xalça üzərinə çıxacaq.

Rəşad Yusifli (79 kq) ilk görüşdə türk həmkarına məğlub olub. Ancaq rəqib finala yüksəldiyi üçün həmyerlimiz təsəlliverici görüşə çıxacaq.

Abubakr Abakarov (86 kq) startda Bolqarıstan təmsilçisinə "tuşe" ilə qalib gəlib. Ancaq dörddəbir finalda İspaniya idmançısına uduzub.

Mübarizəyə dörddəbir finaldan başlayan Şamil Zubairov (97 kq) Moldova təmsilçisini çətinlik çəkmədən məğlub edərək yarımfinala yüksəlib. Lakin güləşçimiz finalın bir addımlığında Belarus təmsilçisinə uduzub və ümidini bürünc medala bağlayıb.

Bu çəki dərəcələri üzrə təsəlliverici görüşlər və medal qarşılaşmaları dekabrın 18-də keçiriləcək.

Qeyd edək ki, daha əvvəl yunan-Roma güləşçilərindən İslambek Dadov (67 kq) gümüş, Eldəniz Əzizli (55 kq) və Beka Kandelaki (130 kq) bürünc medal əldə ediblər. Qadınlardan isə Elis Manolova (65 kq) fəxri kürsünün 3-cü pilləsinə qalxıb.

 

61 kq
1/8 final: Əhmədnəbi Qvarzatilov - Arman Eloyan (FRA) 9:5
1/4 final: Əhmədnəbi Qvarzatilov - Georgi Vangelov (BUL) 4:3
1/2 final: Əhmədnəbi Qvarzatilov - Muhamad İkromov (TJK) 8:1
FİNAL: Əhmədnəbi Qvarzatilov - Abashacı Məhəmmədov (RUS)
 
65 kq

 

1/8 final: Hacı Əliyev - Hacımurad Rəşidov (RUS) 4:0
1/4 final: Hacı Əliyev - Ernazar Akmataliyev (KGZ) 6:4
1/2 final: Hacı Əliyev - İsmayıl Musukayev (HUN) 6:7
Bürünc medal görüşü: Hacı Əliyev - İlman Muxtarov (FRA) / Niurqun Skriabin (BLR)
 
79 kq
 
Təsnifat: Rəşad Yusifli - Muhammet Kotanoğlu (TUR) 2:5
Təsəlliverici görüş: Rəşad Yusifli - Vasile Minjala (ROU)
 
86 kq
 
1/8 final: Abubakr Abakarov - Axmed Maqamayev (BUL) 8:3 (tuşe)
1/4 final: Abubakr Abakarov - Teymuraz Friyev (ESP) 0:10
 
97 kq
 
1/4 final: Şamil Zubairov - Samhan Cəbrayılov (MDA) 8:1
1/2 final: Şamil Zubairov - Aleksandr Xuştin (BLR) 0:8
Bürünc medal görüşü: Şamil Zubairov - Ahmed Batayev (BUL)