Yaponiyanın paytaxtı Tokioda sinxron üzgüçülük üzrə Olimpiya seçmə turniri mayda keçiriləcək. Bu barədə Beynəlxalq Üzgüçülük Federasiyası məlumat yayıb. Turnir mayın 1-4-də təşkil olunacaq. Bu qərarın səbəblərindən biri də koronavirus infeksiyasına görə, Yaponiyada fövqəladə vəziyyətin fevralın 7-dək tətbiqi olub. Səlahiyyətli nümayəndələr bu müddətin daha bir ay uzadılmasını düşünürlər. Xüsusilə, bu tədbirlər çərçivəsində əvvəllər əcnəbi idmançılar və xaricdən vətənlərinə qayıdan yapon idmançıları üçün tətbiq olunan güzəştlər ləğv edilib.
Turnirin əvvəlcə martın 4-7-də təşkili nəzərdə tutulmuşdu.
Xatırladaq ki, Tokio Olimpiadası 2020-ci il iyulun 24-dən avqustun 9-dək keçirilməli idi. Ancaq pandemiya səbəbindən yarış bir il sonraya təxirə salınıb. Olimpiadanın iyulun 23-dən avqustun 8-dək keçirilməsi planlaşdırılır.
Üzgüçülük üzrə Olimpiya seçmə turnirinin vaxtı dəyişdirildi