Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunları sona yaxınlaşır. Bu gün Oyunların rəsmi bağlanış mərasimi keçiriləcək. İslamiadada iştirak edən Azərbaycan komandası 13 gündən sonra 89 medalla 4-cü sırada qərarlaşıb. Qazanılan 89 medaldan 26-sı qızıl, 30-u gümüş, 33-ü bürüncdür.
İlk 3 mövqedə medal əyarında müvafiq olaraq, Türkiyə 303 (127 qızıl, 97 gümüş, 79 bürünc), Özbəkistan 140 (46 qızıl, 38 gümüş, 56 bürünc) və İran 127 (38 qızıl, 41 gümüş, 48 bürünc) medalla qərarlaşır.
İndiyədək ümumilikdə 56 ölkədən 45-i medal qazana bilib.
Qeyd edək ki, Azərbaycan yığması medallarını 19 növdə – güləş (8 qızıl, 8 gümüş, 7 bürünc), bədii gimnastika (5 qızıl, 2 gümüş, 1 bürünc), cüdo (2 qızıl, 3 gümüş, 2 bürünc), aerobika (2 qızıl, 3 gümüş), qılıncoynatma (2 qızıl, 2 gümüş, 2 bürünc), taekvondo (1 qızıl, 2 gümüş, 2 bürünc), idman gimnastikası (1 qızıl, 2 gümüş, 1 bürünc), atletika (1 qızıl, 2 gümüş), kikboksinq (1 qızıl, 1 gümüş, 6 bürünc), üzgüçülük (1 qızıl, 1 gümüş, 1 bürünc), 3X3 basketbol (1 qızıl, 1 gümüş), stend atıcılığı (1 qızıl, 1 gümüş), ağırlıqqaldırma (1 gümüş, 3 bürünc), həndbol (1 gümüş), karate (3 bürünc), para-oxatma (2 bürünc), para-stolüstü tennis (1 bürünc), voleybol (1 bürünc) və futbolda (1 bürünc) əldə edib.
Konya-2021: Azərbaycan 89 medalla 4-cü sırada yer alır