Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) yaranmasının 30 illiyi ərəfəsində müasir quruluşda hazırlanmış Olimpiya himni yaxın günlərdə ictimaiyyətə təqdim olunacaq. İlk dəfə 2002-ci ildə baş prodüser Elnur Kələntərov tərəfindən MOK-un 10 illiyi münasibətilə yaradılan və bəstəkarı Eldar Mansurov olmuş himn 20 il sonra Yaşar Baxış tərəfindən müasir üslubda aranjiman edilib.
Altı ay davam edən layihədə himn Əməkdar artist Tünzalə Ağayeva, İlhamə Qasımova, Lamiyə Kərimova (Rast qrupu), Rəvanə Əmiraslanova, Zamiq Hüseynov, Ayaz Qasımov, Nadir Rüstəmli və Elnur Kələntərovun ifasında səsləndirilib. Olimpiya stadionunda tanınmış idmançıların və azarkeşlərin iştirakı ilə həyata keçirilən klip çəkilişləri artıq yekun vurulub. Ən son qrafik dizayn həlləri və müasir çəkiliş üslubları ilə hazırlanan Olimpiya Himninin klipində mötəbər idman yarışlarında parlaq qələbələri ilə üçrəngli bayrağımızın dalğalanmasına vəsilə olan idmançılarımızın arxiv kadrlarından istifadə edilib.
Olimpiya himninin layihə rəhbəri Elnur Kələntərov, rejissoru Elvin Əhmədoğludur.
Himnin layihə rəhbəri Elnur Kələntərov “Olimpiya dünyası” qəzetinə açıqlamasında 20 il sonra yenidən Olimpiya himninin yeni aranjeimanda hazırlanmasında payı olduğu üçün sevindiyini bildirib.
“2002-ci ildə Milli Olimpiya Komitəsinin Olimpiya himninin müəllifi, layihə rəhbəriyəm.
Çox xoşbəxtəm ki, bu hadisədən 20 il sonra Çingiz müəllimin rəhbərliyi ilə bu layihə yenidən mənə həvalə olundu. Milli Olimpiya Komitəmizin himninin yeni aranjimanda, Azərbaycanda analoqu olmayan ən müasir yeni qrafika ilə hazırladıq. Bu klip yaxın günlərdə ictimaiyyətə təqdim olunacaq. Çox xoşbəxtəm ki, mənim həyatımda Milli Olimpiya Komitəsi belə bir iz buraxıb və mən də bu ailənin kiçik bir üzvüyəm. Azərbaycanda Olimpiya Hərəkatının, idmanın geniş vüsət almasında mənim də az da olsa payım var”.
Qeyd edək ki, Olimpiya himninin yeni üslubda hazırlanan musiqisi və klipi noyabrın 11-də MOK-un 30 illik yubileyinə həsr olunmuş tədbirdə təqdim ediləcək.
Müasir quruluşda hazırlanmış Olimpiya himni yaxın günlərdə ictimaiyyətə təqdim olunacaq