Azərbaycan Prezidenti İlham Əliyev jurnalistlər üçün tikilmiş binada Milli Mətbuat Günü münasibətilə mənzillərin paylanması mərasimində iştirak etmişdir

Azərbaycan Prezidenti İlham Əliyev jurnalistlər üçün tikilmiş binada Milli Mətbuat Günü münasibətilə mənzillərin paylanması mərasimində iştirak etmişdir


Əvvəlcə dövlətimizin başçısı binanın texniki-iqtisadi göstəricilərini əks etdirən stendə baxdı. Prezident Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov dövlətimizin başçısına məlumat verdi ki, 2 blokdan və 17 mərtəbədən ibarət binanın ümumi yaşayış sahəsi 17 min 600 kvadratmetrdir. Qeyd edildi ki, bina qısa müddətə və yüksək keyfiyyətlə inşa olunmuşdur. Ümumi sahəsi 22 min kvadratmetrə yaxın olan binanın həyətində geniş abadlıq-quruculuq işləri görülmüşdür. Həyətdə uşaq meydançası quraşdırılmış, müxtəlif attraksionlar qoyulmuşdur. Binanın 354 nömrəli elektron ATS-i, iki su anbarı vardır. Sonra Prezident İlham Əliyev kütləvi informasiya vasitələrinin nümayəndələri ilə görüşdü. Dövlətimizin başçısı mərasimdəki çıxışında jurnalistləri peşə bayramı münasibətilə təbrik edərək bildirdi: «Bu bayram günündə biz gözəl binanın açılışında toplaşmışıq. Jurnalistlər üçün tikilmiş ev bu gün istifadəyə verilir. Bu gözəl hadisə münasibətilə sizi təbrik edirəm. Deyə bilərəm ki, bu təşəbbüs dünya praktikasında ilk dəfədir ki, reallaşır. Şadam ki, Azərbaycan bu sahədə də öz liderliyini göstərir. Çünki bildiyiniz kimi, jurnalistlərin peşəsi çox ağırdır, məsuliyyətlidir. Ancaq jurnalistlərin əksəriyyəti aldıqları maaşla bu cür evdə mənzil ala bilməzdi. Bu məqsədlə və eyni zamanda, öz sahəsində peşəkarlıq göstərmiş, uzun illər mətbuatda çalışmış jurnalistləri mükafatlandırmaq üçün hesab edirəm ki, bu təşəbbüs ən məqbul yol idi. Mətbuat işçiləri ilə görüşlərimin birində jurnalistlər tərəfindən irəli sürülmüş bu təşəbbüsə dərhal dəstək verildi və qısa müddət ərzində belə gözəl, yaraşıqlı bina tikilmişdir.

Əminəm ki, bu binanın ətrafında gələcəkdə böyük bir kompleks yaranacaqdır». Dövlət başçısı daha sonra çıxışında bu ərazidə yeni infrastruktur obyektlərinin yaradılmasının nəzərdə tutulduğunu qeyd etdi. Ölkə Prezidenti bildirdi: «Bu evdə mənzil alan jurnalistlərin arasında müxtəlif mətbu orqanların nümayəndələri, müxtəlif siyasi baxışlara malik olan insanlar vardır. Bu da təbiidir və bu təşəbbüs, burada aparılan bölgü bir daha göstərir ki, Azərbaycanda heç bir sahədə ayrı-seçkiliyə yol verilmir və yol verilməməlidir. Məhz buna görə hesab edirəm ki, cəmiyyətdə çox sağlam mühit, sağlam ab-hava vardır. Əlbəttə ki, jurnalistlərin peşəkarlığı, onların ictimai rəydəki fəaliyyəti bu sağlam ab-havanı daha da sağlam edəcəkdir. Azərbaycanda söz azadlığı tam şəkildə təmin edilibdir. Bildiyiniz kimi, ulu öndər Heydər Əliyev tərəfindən senzuranı ləğv etməklə bağlı irəli sürülmüş təşəbbüs azad mətbuata təkan verdi. Çünki senzura olan bir ölkədə azad mətbuatdan söhbət gedə bilməzdi. Hesab edirəm ki, məhz o gündən başlayaraq Azərbaycanda azad mətbuatın tam formalaşması başlamışdır və bu gün Azərbaycanda söz azadlığı tam şəkildə təmin edilir». Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ölkədə vicdan azadlığı, din azadlığının tam təmin edildiyini, beynəlxalq təşkilatların bu sahədəki işlərə yüksək qiymət verdiyini vurğuladı. Ölkə Prezidenti jurnalistlərin öz məsuliyyətini daha da dolğun şəkildə dərk etdiyini, onların daha çox həqiqəti əks etdirən yazılar dərc etdiklərini diqqətə çatdırdı. Ölkə başçısı Azərbaycanda gənc peşəkar jurnalist kadrlarının hazırlanması istiqamətində dövlət tərəfindən lazımi işlərin bundan sonra da görüləcəyini bildirdi. Ölkə başçısı İlham Əliyev jurnalistlərin vətənpərvərliyinin çox böyük əhəmiyyətə malik olan bir məsələ olduğunu dedi: «Biz cəmi 22 ilə yaxındır ki, müstəqil dövlətdə yaşayırıq, azad xalq kimi yaşayırıq. Bu, bizim böyük xoşbəxtliyimizdir, böyük dəyərimizdir. Bu vəziyyəti cəmiyyətimiz təqdir etməlidir və qiymətləndirməlidir. Ona görə jurnalistlərin vətənpərvərliyi çox böyük əhəmiyyətə malik olan bir məsələdir. Dövlətçilik prinsipləri üstünlük təşkil etməlidir. İlk növbədə, dövlət maraqları müdafiə edilməlidir. Dövlətə zərər vura biləcək hər hansı bir addıma yol verilməməlidir. Eyni zamanda, cəmiyyətdə mövcud olan problemlər ölkə daxilində həllini tapmalıdır. Mən bu barədə dəfələrlə fikirlərimi bildirmişəm. Bu gün də demək istəyirəm, hər bir ölkənin öz inkişaf dinamikası, öz problemləri, nailiyyətləri var, o cümlədən Azərbaycanın da. Bütün problemlər ölkə daxilində həllini tapmalıdır.

Çünki əgər biz müstəqil ölkə kimi 22 il yaşayırıqsa, hesab edirəm ki, bütün məsələləri özümüz həll etməliyik». Ölkə başçısı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Xocalı soyqırımının xarici mətbuatda işıqlandırılması ilə bağlı daha da böyük işlər görülməsinin vacibliyindən söz açdı: «Ona görə biz çalışmalıyıq ki, Azərbaycan reallıqlarını dolğun şəkildə xarici mətbuata çatdıraq». Cənab İlham Əliyev bundan sonra da jurnalistlərin mənzillərlə təmin edilməsi üçün əlavə tədbirlərin görüləcəyini vurğuladı. Mətbuat Şurasının sədri Əflatun Amaşov çıxış edərək 8 il əvvəl – 2005-ci ildə jurnalistlərin arzu və təkliflərinin nəzərə alınaraq "Əməkdar jurnalist” adının bərpa edildiyinə görə cənab İlham Əliyevə minnətdarlığını bildirdi: «Milli mətbuatımızın 130 illiyi münasibətilə 37 həmkarımız bu ada layiq görüldü. Həmin gün daha 96 jurnalistimiz orden, medal, "Əməkdar Mədəniyyət İşçisi” fəxri adı və prezident təqaüdü ilə təltif olundu. Bu təltiflər milli mətbuatımızın cəmiyyətdəki yerinə, jurnalist peşəsinə verilən son dərəcə böyük dəyər idi». O ölkəmizdə medianın inkişafının həmişə diqqət mərkəzində olduğunu, mediamızın dövlətin dəstəyini hər zaman hiss etdiyini dedi. Mətbuat Şurasının sədri jurnalistlərin məişət şəraiti ilə bağlı olaraq onlara mənzil tikintisini nəzərdə tutan Sərəncamın imzalanmasının KİV nümayəndələri tərəfindən böyük sevinclə qarşılandığını bildirdi. O, Azərbaycan dövlətinin media siyasətinin, mövcud istiqamətdə başlanmış proseslərin bundan sonra da davamlı xarakter alacağına əmin olduğunu vurğulayaraq dedi: «Bu gün mən bu kürsüdən bir daha jurnalistlərimizin xüsusi təşəkkürünü və minnətdarlığını Sizə çatdırmaq istəyirəm. Düşünürəm ki, Sizin bu xeyirxah addımınız dövlətimizin, şəxsən, cənab Prezident, Sizin azad sözə, siyasi plüralizmə, jurnalist peşəsinə və əməyinə verdiyiniz böyük dəyərin bir nümunəsidir. Siz bu gün həm milli mətbuatımızın banisi, maarifçi alim Həsən Bəy Zərdabinin, həm də müstəqil Azərbaycan dövlətinin qurucusu, ümummilli lider Heydər Əliyevin ruhunu şad etdiniz. Hər şeyə görə bir daha təşəkkür edirik!», -deyə o əlavə etdi. Daha sonra çıxış edən Azərbaycan Dövlət Teleqraf Agentliyinin (AzərTAc-ın) bölmə müdiri Bətul Ayvazlı, "525-ci qəzet”in baş redaktoru Rəşad Məcid bütün həmkarları adından jurnalistlərə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə öz minnətdarlıqlarını bildirdilər. Sonra Prezident İlham Əliyev binanın istifadəyə verilməsini bildirən rəmzi lenti kəsdi. Dövlətimizin başçısı binada "İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadənin mənzilində oldu. Bildirildi ki, mənzillərin hamısı müasir tələblər səviyyəsində təmir edilmişdir. Binada 84 ikiotaqlı, 68 üçotaqlı, 4 dördotaqlı mənzil vardır. Ən kiçik mənzilin sahəsi 65, ən böyüyünün isə 120 kvadratmetrdir. Daha sonra Prezident İlham Əliyev AzərTAc-ın əməkdaşı Vüqar Seyidovun mənzilində yaradılan şəraitlə tanış oldu. Binadakı mənzillərin hamısı sürətli internet, İPTV və fərdi isitmə sistemləri ilə təchiz olunmuşdur.Sonra Prezident İlham Əliyev jurnalistlər üçün inşa ediləcək növbəti binanın təməlqoyma mərasimində iştirak etdi. Bu bina 17 mərtəbəli və 3 bloklu olacaqdır. Burada 1, 2, 3 və 4 otaqlı mənzillər istifadəyə veriləcəkdir. Bina bütün zəruri infrastrukturla təmin ediləcəkdir.