Olimpiya Oyunlarından maraqlı anlar

Olimpiya Oyunlarından maraqlı anlar

Olimpiya Oyunları dünyanın ən məşhur və genişmiqyaslı idman tədbiridir. Tarixdə ilk dəfə qədim Yunanıstanda keçirilməsindən müasir vaxta kimi olimpiada bir çox dəyişikliklərə məruz qaldı. Lakin bunlara baxmayaraq, Oyunların əsas məqsədi müxtəlif idman növləri üzrə ən güclü və layiqli idmançıları müəyyənləşdirməkdir. Təbii ki, zaman keçdikcə, Olimpiya Oyunlarının proqramı yenilənir və daha da genişlənir. Əsrlərdir davam edən Olimpiya Oyunları tarixində maraqlı və təəccüblü hadisələr də kifayət qədərdir. Hər zaman Olimpiya Oyunlarını diqqətdə saxlayan “Olimpiya dünyası” qəzeti olaraq bu dəfə də dördilliyin zirvə yarışlarında baş verən qeyri-adi və maraqlı hadisələri oxuculara təqdim edirik.
 
 
Mükafatın dəyəri
 
Hazırda ölkəsini təmsil edən və Olimpiya çempionu adını qazanan idmançı Olimpiya medalı ilə yanaşı, ölkəsi tərəfindən böyük mükafatlara layiq görülür. Lakin 1896-cı ildə Afinada keçirilən ilk müasir Olimpiya Oyunlarının qalibi gümüş medal və zeytun budağı ilə təltif edilirdi. İkinci yerin sahibi bürünc medal, üçüncü yerin sahibinə isə heç bir mükafat təqdim edilmirdi. Fransada isə 1900-cü ildə Olimpiya Oyunlarının qaliblərinə medal əvəzinə rəsm əsərləri təqdim edilirdi. Hər bir dövlət özünəməxsus qalibləri mükafatlandırırdı. Standart medallar isə Olimpiada qaliblərinə yalnız 1904-cü ildə təqdim olunmağa başladı.
 
    
Hər iki fəslin qalibi
 

1920-ci ildə Antverpendə təşkil olunan Yay Olimpiya Oyunlarında amerikalı idmançı Eddi İqan ağır çəkili boksçuların mübarizəsində Oyunların qızıl medalını qazanıb. Boksçu karyerasını bitirdikdən sonra isə E.İqan bobsley idman növü ilə maraqlanmağa başlayıb. Bu növ onda o qədər uğurlu alınıb ki, idmançı 1932-ci ildə bu idman növündə Olimpiya çempionu adına sahib olub. Bununla da, Eddi İqan həm yay, həm də qış Olimpiya Oyunlarında qalib olan ilk idmançı kimi adını tarixə yazdırıb.
 
 
Qızıl olmayan qızıl medal
  
Hər bir peşəkar idmançının ən böyük arzusu Olimpiya Oyunlarının qızıl medalını qazanmaqdır. Lakin maraqlıdır ki, adı qızıl olan və birinci yerin sahibinə təqdim olunan medal yüz ilə yaxındır ki, qızıl deyil, yalnız qızıl rəngdədir. Əvvəllər xalis qızıldan hazırlansa da,1912-ci ildən başlayaraq “qızıl” medal gümüşdən hazırlanır. Qızıl medal kimi Olimpiya Oyunlarının qalibinə təqdim etmək üçün isə nazik qızıl təbəqəsi ilə örtülür. Qeyd edək ki, medalın çəkisinin yalnız 1 faizini qızıl təşkil edir.

 
Halqaların yanlışlığı
 
Olimpiya Oyunları tarixində ən maraqlı məqamlardan biri 1972-ci ildə Yaponiyada keçirilən XI Qış Olimpiya Oyunlarının açılış mərasiminin məşq prosesi zamanı baş verib. Belə ki, izləyicilərdən biri Olimpiya bayrağındakı halqaların yanlış sıralamada yerləşdiyini qeyd edib. Araşdırmalardan sonra məlum olub ki, yanlış sıralamada yerləşən halqalar əks olunan Olimpiya bayrağı 20 ildir bütün Qış Olimpiya Oyunlarında dalğalanıb və heç kim buna fikir verməyib.

 

Sülhü simvolizə edən yanan göyərçinlər
 
1988-ci ildə Seulda təşkil edilən Olimpiya Oyunları olimpiada tarixində ən kədərli və qəddar hadisələrdən biri kimi yaddaşlarda qalıb. Belə ki, açılış mərasimində səmaya buraxılan göyərçinlər Oyunlarda sülh və birliyi simvolizə edirdi. Lakin təəssüflər olsun ki, bu olimpiadada göyərçinlərin yanan alov qabına düşmələri onların həlak olmasına səbəb oldu. O vaxtdan Olimpiya Oyunlarının təşkilatçıları Oyunlara canlı quşları cəlb etmirlər.
 
 
Tarixin uzun məşəl estafeti
 
2014-cü ildə Soçidə təşkil olunan Olimpiya Oyunlarının məşəl estafeti ən uzun estafet olaraq tarixə düşüb. Belə ki, 2013-cü il oktyabrın 7-də Moskvada başlayan estafet 2014-cü ildə fevralın 7-də sona çatıb. Olimpiya alovu 60 min km-dən çox məsafəni qət edən məşəlin 14 mindən çox daşıyıcısı olub.
  
 
72 il davam edən Olimpiya Oyunları
 
Olimpiya Oyunlarının ən baxımlı və ecazkar anlarından biri də onun açılış və bağlanış mərasimidir. Təxminən 16-18 gün davam edən olimpiada tarixdə bir ilk ilə yadda qalıb. Belə ki, 1952-ci ildə Helsinkidə açıq elan edilən XV Olimpiya Oyunları rəsmi olaraq bu günə qədər davam edir. Belə ki, BOK-un prezidenti Ziqfrid Edstrem bağlanış mərasimində “XV Olimpiya Oyunlarını bağlı elan edirəm” ifadəsini deməyi unutduğu üçün rəsmi olaraq bu oyunlar hələ də davam edir.

  
Hazırladı:
Türkay Niftəliyeva

Olimpiya Oyunlarından maraqlı anlar Olimpiya Oyunlarından maraqlı anlar