Albaniyanın paytaxtı Tiranada güləş üzrə U-23 Avropa çempionatı davam edir.
Azərbaycan Güləş Feerasiyasının mətbuat xidmətindən verilən məlumata görə, bu gün sərbəst güləş üzrə 61, 74, 86, 92 və 125 kq-da medalçılar müəyyənləşib.
Ceyhun Allahverdiyev (61 kq) finalda ermənistanlı Levik Mikayelyana 1:2 hesabıyla məğlub olub və U-23 Avropa çempionatında gümüş medal qazanıb.
Ağanəzər Novruzov (74 kq) həlledici görüşdə rusiyalı İsmayıl Xaniyevlə qarşılaşıb. İlk hissədə 0:5 geri düşən həmyerlimiz görüşün sonlarında fəallaşıb. Rəqibindən 4 xal almağı bacaran Novruzov minimal fərqlə məğlub olub və fəxri kürsünün ikinci pilləsinə yüksəlib.
Arseniy Djioyev (86 kq) finalda fransalı Raxim Maqamadovla üz-üzə gəlib. Görüşün əvvəlindən sonunadək dominant olan təmsilçimiz 9:2 hesablı qələbəylə Avropa çempionu olub və Tiranada himnimizi səsləndirib.
Sadiq Mustafazadənin (92 kq) bürünc medal uğrunda gürcüstanlı Sandro Kuraşviliylə qarşılaşması gərgin mübarizə şəraitində keçib. Rəqibini 5:3 hesabıyla üstələyən Sadiq bürünc medalı boynundan asıb.
Yusif Dursunov (125 kq) gündüz seansında baş tutan təsəlliverici görüşdə rusiyalı Artyom Puxovskini mübarizədən kənarlaşdırıb – 4:2. Həmyerlimiz axşam seansında isə türkiyəli Efe Ala isə “tuş”la qalib gələrək üçüncü yeri tutub.