Şimali Makedoniyanın paytaxtı Skopyedə keçirilən XVIII Avropa Gənclər Yay Olimpiya Festivalının açılış mərasimi başlayıb.
Olimpnews.az xəbər verir ki, Bakı vaxtı ilə saat 22:30-da başlayan mərasim Yan Sandanski İdman Mərkəzində keçirilir. Mərasimdə əvvəlcə iştirakçı ölkələrin paradı olub. Paraddan ilk olaraq Olimpiya Oyunlarını dünyaya bəxş etmiş ölkənin - Yunanıstanın idmançıları keçib. Ardınca digər ölkələrin komandaları əlifba sırası ilə gəliblər. Azərbaycan idmançıları paradda dördüncü sırada yer alıblar. Üçrəngli bayrağımızı cüdo üzrə yeniyetmələr arasında Avropa çempionatının və üç dəfə Avropa Kubokunun qalibi Zeyd Ələsgərov və taekvondo üzrə iki dəfə Türkiyə açıq birinciliyinin qalibi Humay Dadaşova daşıyıb.
Skopyedəki açılış mərasimi ilə yanaşı, yarışların keçirildiyi digər ölkədə - Xorvatiyanın Osiek şəhərində də açılış mərasimi keçirilir. Qradski Vrt yarış zalında baş tutan açılış mərasimində bayrağımızı idman gimnastımız Rafael Həsənov daşıyıb.
Qeyd edək ki, iyulun 20-dən 26-dək təşkil olunacaq budəfəki festival əvvəlkilərdən fərqli olaraq iki ölkədə - Şimali Makedoniyanın paytaxtı Skopye və Kumanovo şəhərlərində, həmçinin Xorvatiyanın Osiek şəhərində keçiriləcək.
Avropanın 50 ölkəsindən 4 mindən çox idmançının iştirak edəcəyi Skopye-2025-də 14-18 yaş arası idmançılar 15 idman növü üzrə mübarizə aparacaqlar. Festivalda Azərbaycan komandası ümumilikdə 10 idman növündə 52 (28 oğlan, 24 qız) idmançı ilə təmsil olunacaq.