Çingiz Hüseynzadə: “Azərbaycan komandasının çıxışını yaxşı qiymətləndirirəm”

Çingiz Hüseynzadə: “Azərbaycan komandasının çıxışını yaxşı qiymətləndirirəm”


Fevralın 7-dən 23-dək Rusiyanın Soçi şəhərində XXII Qış Olimpiya Oyunları keçirildi. "Ağ olimpiada”da dünyanın 88 ölkəsindən 2800 idmançı müxtəlif idman növləri üzrə bacarığını nümayiş etdirdi. Soçi-2014-də ölkəmiz fiqurlu konkisürmə və dağ xizəyi idman növlərində 4 idmançı ilə təmsil olundu. Bir sıra maraqlı məqamlar və rekord göstəricilərlə yadda qalan Soçi Olimpiadasını ölkəmiz üçün də uğurlu hesab etmək olar. Belə ki, fiqurlu konkisürmə üzrə yarışlarda Azərbaycan idmançıları Yuliya Zlobina və Aleksey Sitnikov cütlüyü final yarışlarının yekununa əsasən 12-ci pillədə qərarlaşdı. Qeyd edək ki, bu, yığmamızın qış Olimpiya oyunlarında yeni rekordu idi. Xatırladaq ki, komandamızın indiyədək "ağ olimpiada”da ən yüksək göstəricisi 16-cı yer olmuşdu. XXII Qış Olimpiya Oyunları Azərbaycan üçün həm də Soçidə 2015-ci il Avropa Oyunları ilə bağlı xüsusi mərasimin təşkil edilməsi ilə əlamətdar oldu. Bugünlərdə Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə XXII Qış Olimpiya Oyunlarının təşkili, Azərbaycan idmançılarının olimpiadadakı çıxışları, Bakı-2015 Avropa Oyunları ilə bağlı Soçidə keçirilən tədbir və s. barədə "Olimpiya dünyası” qəzetinə müsahibə verdi.



- Çingiz müəllim, Soçi-2014 Qış Olimpiya Oyunlarının təşkilini necə qiymətləndirirsiniz? Sizcə, bu Olimpiya oyunları, əsasən, nə ilə yadda qaldı?
- Ümumilikdə, XXII Qış Olimpiya Oyunları yaxşı təşkil olunmuşdu və yarışlar uğurla başa çatdı. Hamıya məlumdur ki, olimpiadaqabağı terrorla bağlı müəyyən fikirlər səslənirdi. Təhlükəsizlik tədbirlərinin yüksək səviyyədə olması bir daha onu göstərdi ki, olimpiada yüksək səviyyədə təşkil olunmuşdu. Soçidə inşa edilən idman obyektlərində atletlər üçün çox gözəl şərait yaradılmışdı. Uğurlu məqamlardan biri də o idi ki, Soçidəki idman obyektləri bir-birinə yaxın ərazidə yerləşirdi. Belə olan halda vaxt itirmədən bir obyektdən digərinə rahat getmək mümkün idi. Azarkeşlər eyni vaxtda bir neçə idman yarışını izləmək imkanı əldə edirdilər. Düzdür, Soçidə müəyyən problemlər də mövcud idi. Bunlar, əsasən, hotellərin tam hazır olmaması ilə bağlı idi.


- Qeyd etdiniz ki, Soçidə idman obyektləri bir-birinə yaxın ərazidə yerləşmişdi. Yəqin ki, orada nəqliyyatla bağlı heç bir problemlə rastlaşmadınız.
- Soçidə ciddi nəqliyyat problemi ilə üzləşmədik. Bu problemi ancaq ilk günlərdə yaşadıq. Təşkilat Komitəsi tərəfindən rəsmi qonaqlar və milli Olimpiya komitələrinin rəhbərləri üçün ayrılan nəqliyyat vasitələri yalnız 8 saat xidmət göstərirdilər. Sonradan bu problem aradan qaldırıldı və avtobuslar növbə ilə 16 saatlıq iş rejiminə keçdilər.


- Çingiz müəllim, bəzi KİV-lərdə qeyd olunurdu ki, azarkeşlər bəzi idman növləri üzrə yarışları izləmək üçün bilet əldə etməkdə çətinlik çəkirdilər.
- Olimpiadada bütün yarışlar pullu olur və biletlər əvvəlcədən satılır. KİV və onların rəsmi nümayəndələri yarışları pulsuz izləmək imkanına malik idilər. Amma elə yarışlar var ki, baxımlılıq nöqteyi-nəzərindən maraqlı olduğundan onların həlledici mərhələlərini izləmək üçün bilet əldə etmək tələb olunur. Bu yarışlara hokkey və fiqurlu konkisürmə yarışları aiddir.

- XXII Qış Olimpiya Oyunlarının nəticələrini necə qiymətləndirirsiniz?
- Ev sahibi kimi Rusiyanın XXII Qış Olimpiadasında ilk üçlükdə yer almaq şansı var idi.
Sözsüz ki, burada ev sahibi amili də böyük rol oynadı. Xatırladım ki, Vankuver-2010 Olimpiadasında Kanada, Solt-Leyk-Siti-2002-də ev sahibi ABŞ qalib olmuşdu. Digər tərəfdən Rusiya Olimpiya yığmasının legionerlərin hesabına daha da gücləndirilmişdi. Yığmanın heyətinda idmançıların sayının çox olması da Rusiyanın qələbə qazanmasına öz təsirini göstərdi. Bununla yanaşı, Rusiya ev sahibi kimi seçim turlarından azad edilmişdi. Bu ölkənin idmançıları olimpiadada lisenziyasız iştirak etmək hüququna malik idilər.


- Çingiz müəllim, hər dəfə olduğu kimi, bu dəfə də Sizin proqnozlarınız özünü doğrultdu. Soçiyə yola düşməzdən əvvəl qəzetimizə verdiyiniz müsahibədə idmançılarımızın ilk onluqda qərarlaşacağını bildirmişdiniz.
Daha sonra bu proqnozu bir qədər də dəqiqləşdirərək, konkisürənlərimizin 12-ci olacağını dediniz. Azərbaycan komandasının Soçidə keçirilən qış Olimpiya oyunlarında çıxışını necə qiymətləndirirsiniz?
- İdmançılarımızın ilk onluqda yer alacağını deyəndə Soçi Qış Olimpiya Oyunlarına yollanacaq heyətin tərkibi hələ tam müəyyənləşməmişdi. Heyət məlum olduqdan sonra proqnoz verdim ki, təmsilçilərimiz bu olimpiadada 12-ci yeri tutacaqlar.
Ümumilikdə, Azərbaycan komandasının çıxışını yaxşı qiymətləndirirəm. Fiqurlu konkisürənlərimiz gözəl çıxış nümayiş etdirdilər. Yuliya Zlobina və Aleksey Sitnikov cütlüyü 12-ci oldu. Bu, Azərbaycan komandası üçün rekord göstəricidir. Xatırladım ki, fiqurlu konkisürmə üzrə yığmamız bundan əvvəl 16-cı yeri tutmuşdu. Onu da deyim ki, konkisürmə yarışlarında qiymətləndirmə sistemi tamamilə dəyişib. Yeni sistemə əsasən, qiymətləndirmə zamanı idmançının şəxsi rekordları və qazandığı nəticələr də nəzərə alınır. Bu növ üzrə final yarışına 20 cütlük vəsiqə qazanır. 20 cütlük arasında bizim üçün ənənəvi olmayan idman növündə Azərbaycan təmsilçilərinin 12-ci yeri tutması yüksək göstəricidir.


- Çingiz müəllim, ölkəmiz müstəqillik əldə etdikdən sonra idmançılarımız yay Olimpiya oyunlarında yüksək uğurlar qazanırlır. Qış Olimpiya oyunlarında ölkəmizi yalnız legioner idmançılar təmsil edirlər. Necə düşünürsünüz, Azərbaycanın qış Olimpiya oyunlarında öz idmançıları ilə çıxış etməsi üçün hansı tədbirlər həyata keçirilməlidir?
- Bunun üçün ilk növbədə ölkəmizdə qış idman növləri ilə məşğul olmaq üçün şəraitin olması vacib şərtlərdəndir. Sevindirici haldır ki, artıq Qusardakı Şahdağ Olimpiya İdman Kompleksində xizəksürmə idmanı ilə məşğul olmaq üçün imkan var. Amma orada xizəksürmənin bir növü ilə məşğul olmaq mümkündür. Azərbaycanda, hələ ki, buz meydançası və digər qış idman növləri ilə məşğul olmaq üçün imkanlar yoxdur. Əlbəttə ki, gələcəkdə bütün bunlar olarsa, yerli idmançılarımız da bu idman bazalarında yetişə bilərlər. Xizəksürməni öyrənərək klassik növlərdə çıxış etdikdən sonra daha da mürəkkəb ekstremal növlərdə çıxış etmək olar. Müşahidələrimə əsasən deyə bilərəm ki, azərbaycanlılar şorttrek idman növündə yüksək səviyyədə çıxış edə bilərlər. Burada kiçikboylu və zirək olmaq vacib amildir. Azərbaycanda bu cür gənclərimiz çoxdur. Bu növdə hündürboy olmaq idmançının çıxışına mənfi təsir göstərir.
Çox maraqlı idman növüdür. Müqayisə üçün deyim ki, konkisürmə idman növündə hollandlar medalların əksəriyyətinə sahib çıxsalar da, hündürboylu olmalarına görə şort-trekdə geri qalırlar. Bu növdə, əsasən, kiçikboylu koreyalılar və çinlilər böyük uğur qazana bilirlər. Bundan əlavə, İngiltərə, ABŞ, Avstriya kimi qış ölkələrində yaşayan minlərlə həmvətənlərimiz var. Əcnəbi ölkələrdə yaşayan azərbaycanlılar qış idman növləri ilə məşğul olsalar, Azərbaycanı qış idman növləri üzrə yarışlarda təmsil edə bilərlər. Məncə, bu cür imkanlardan yararlanaraq gələcəkdə bu cür idmançıları Azərbaycan millisinə cəlb etmək olar.

- Soçidə keçirilən qış Olimpiya oyunları ərəfəsində orada ilk dəfə buzadırmanma idman növü üzrə festival da keçirildi. Bu idman növü qış Olimpiya oyunlarının proqramına salınmağa namizəd idman növlərindəndir. Necə düşünürsünüz, buzadırmanmanınyeni bir idman növü kimi qış Olimpiya oyunlarının proqramına salınmaq şansı nə qədərdir?
- Məlum olduğu kimi, qış Olimpiya idman növləri yay Olimpiya idman növlərinə nisbətən hələ ki, çox deyil.
Xatırladım ki, 60-70-ci illərdə hazırda proqrama daxil olan bir çox idman növləri yox idi. Bununla yanaşı, qeyd edim ki, qış Olimpiya oyunlarının proqramına cəmi 7 beynəlxalq federasiyanın tərkibində olan müxtəlif idman növləri daxildir.
Şort-trek, konkisürmə bir, xizəksürmənin müxtəlif növləri digər bir eyni federasiyanın tərkibində cəmləşib. Bu baxımdan, maraqlı, həm də yeni bir federasiyanın tərkibində olan bir idman növü kimi buzadırmanmanın olimpiadanın proqramına daxil olma şansları çoxdur. Bu növ proqrama salınmağa real namizədlərdəndir.

- Çingiz müəllim, 2015-ci ildə ölkəmizdə mötəbər bir idman yarışı - Avropa Oyunları təşkiş olunacaq. Bu oyunlara hazırlıq işləri yüksək səviyyədə davam etdirilir. Soçi-2014 Qış Olimpiya Oyunları zamanı orada Avropa Oyunları ilə bağlı beynəlxalq və Avropa idman qurumlarının nümayəndələrinin iştirakı ilə tədbir təşkil olunmuşdu. Bu mərasimin təşkil olunmasında əsas məqsəd nə idi?
- Bu tədbirin təşkil olunmasında məqsəd Soçi Olimpiadası zamanı Avropa Oyunlarını təbliğ etmək idi. Əlbəttə ki, Olimpiya Oyunları zamanı hər hansı konfransda bunu qısa zaman ərzində təşkil etmək mümkün olmur. Bu baxımdan, biz orada xüsusi bir tədbir təşkil etdik. Azərbaycan Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsinin təşkilatçılığı ilə keçirilən tədbirə Beynəlxalq Olimpiya Komitəsinin, Avropa Olimpiya Komitəsinin və müxtəlif ölkələrin Olimpiya komitələrinin rəhbərləri dəvət olunmuşdu. Orada tədbir iştirakçılarına Avropa Oyunlarının təşkili ilə bağlı məlumat verildi. Tədbir yüksək səviyyədə təşkil olunmuşdu. Sözsüz ki, bu cür tədbirlərin yüksək təşkili çox zaman orada iştirak edən şəxslərin nüfuzundan asılı olur. Qeyd edim ki, həmin tədbirdə BOK-un yeni prezidenti Tomas Bax, bu beynəlxalq qurumun keçmiş prezidenti Jak Roqq, Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki, eləcə də BOK-un bir çox üzvləri ailə üzvləri ilə birgə iştirak edirdilər. Çox gözəl və səmimi tədbir təşkil olunan tədbirdə qonaqlara milli mədəniyyətimizi nümayiş etdirən suvenirlər, armudu stəkanlar hədiyyə edildi. Tədbirdəki yeməklər də Azərbaycan milli mətbəxinə aid idi.



- Beynəlxalq idman qurumlarının rəhbərlərinin Avropa Oyunlarının təşkili və bununla bağlı aparılan hazırlıq işlərinə münasibəti necədir?
- Artıq bütün dünya Avropa Oyunlarının ölkəmizdə təşkil olunacağını bilir, qəbul edir və yüksək dəyərləndirir. Hamı əmindir ki, Avropa Oyunları Azərbaycanda yüksək səviyyədə keçiriləcək. Düzdür, bəzi media nümayəndələri, şərhçilər və mütəxəssislərin bununla bağlı müxtəlif fikirləri var. Əlbəttə ki, bu oyunların təşkilini istəyənlər də var,istəməyənlər də. Soçi Qış Olimpiya Oyunları zamanı biz bu cür hallarla rastlaşırdıq. Adətən, olimpiadalar qabağı müxtəlif situasiyalar yaranır. Əlbəttə ki, Avropa Oyunları kimi mötəbər yarışın təşkili çətin olsa da, Avropa Oyunlarının Azərbaycanda yüksək səviyyədə təşkil olunacağına əminəm.
Səadət Hakıyeva
Aysel Sultanova