“Abbas Ağalarovun idman karyeramda böyük və əvəzedilməz rolu olub”

“Abbas Ağalarovun idman karyeramda böyük və əvəzedilməz rolu olub”

Nadir Abasov Azərbaycanın əmək və idman veteranı, boks üzrə yüksək dərəcəli SSRİ fəxri idman ustası və məşqçisidir. Azərbaycan Silahlı Qüvvələrinin ehtiyatda olan kapitanı N.Abasov həm də Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının professorudur. O, 3 dəfə Azərbaycan Ali Sovetinin fəxri fərmanı ilə təltif olunub. Əməkdar bədən tərbiyəçisi Nadir müəllimin bir məşqçi kimi əməyi yüksək qiymətləndirilib və Avropa Boks Assosiasiyasının qızıl medalı ilə təltif edilib.
Bir vaxtlar "Dinamo” İdman Cəmiyyətində məşqçi-müəllim işləyən N.Abasovun rəhbərlik etdiyi gənclərdən ibarət komanda 1966-cı ildə Avropa çempionu tituluna layiq görülüb. 1974-cü ildən etibarən hüquq-mühafizə orqanlarında işə cəlb edilən Nadir müəllim uzun müddət bu orqanlarda məsul vəzifələrdə çalışıb.
Avqustun 24-də 81 yaşını qeyd edən Nadir Abasov "Olimpiya dünyası” qəzetinin qonağı oldu. Bakını, Azərbaycanı öz vətəni kimi sevən Nadir müəllim bizə keçmiş xatirələrindən, idman karyerasından söhbət açdı.

- Nadir müəllim, əvvəlcə istərdik ki, sizi yaxından tanıyaq.
- Mən 1933-cu il avqustun 24-də Rusiyanın Dağıstan Respublikasının Axtı rayonunun Axtı kəndində anadan olmuşam. Uşaqlıq və gənclik illərim çox ağır keçib. Böyük Vətən müharibəsi bir çoxları kimi, bizim ailəyə də bədbəxtlik gətirib. Məndən böyük üç qardaşım - Edhem, Mustafa və Həmid müharibədən qayıtmayıblar. Cəbhədən yaralı qayıdan dördüncü qardaşım Abas isə çox yaşamadı. Ümumiyyətlə, 1942-1947-ci illərdə ailəmiz çox ağır itkilərlə üz-üzə qaldı. Qardaşlarımdan sonra atam və bacılarım dünyalarını dəyişdilər.
Mən 1948-ci ildə orta məktəbin 8-ci sinfini başa vurduqdan sonra Kaspiysk şəhərində sənət məktəbinə daxil oldum. 1952-ci ildə oranı bitirdikdən sonra hərbi zavoda işləməyə başladım və paralel olaraq gecə məktəbində 10-cu sinfi bitirdim. Ali təhsilə gəlincə, 1961-ci ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman İnstitutunu, 1978-ci ildə isə Azərbaycan Dövlət Universitetini bitirmişəm.
İki övladüım var - qızım Gülçmen və oğlum Edhem. Qızımı azərbaycanlı dostumun oğluna vermişəm. Onlar Bakıda yaşayırlar. Kürəkənim Əli Əsgərov boks idman növü üzrə SSRİ idman ustası, AİBA-nın hakimidir. Oğlum Edhem isə xaricdə yaşayır.

- Necə oldu ki, sizdə idmana maraq oyandı?
- Hələ Kaspiyskə gəlməmişdən əvvəl doğma Axtı kəndində "Şalbuz” dağına çıxır, Samur çayında üzür, yaxşı at minirdim. Mən ev işlərində anama kömək edir, qışa ehtiyat üçün odun doğrayır, öz öhdəmə və eləcə də, atamın, qardaşlarımın öhdəsinə düşən işləri yerinə yetirirdim. Bütün bunlar mənim hərtərəfli insan kimi formalaşmağında mühüm əhəmiyyət kəsb edirdi. Fiziki imkanlarım mənə böyük idmana atılmağım üçün baza rolunu oynayırdı.
İdmana uşaqlıqdan hədsiz marağım var idi. Hələ peşə məktəbində oxuyarkən bədii gimnastika ilə məşğul olurdum və hətta bu növ üzrə dərəcə də almışdım. Bütün həmyaşıdlarım kimi, futbolu da çox sevirdim və boş vaxtım olan kimi uşaqlarla top qovmağa qaçırdım. Anlamışdım ki, idmanla məşğul olan insan fiziki cəhətdən möhkəm və qüvvətli olur. Həyat təcrübəm əsasında başa düşürdüm ki, idman nəinki insana güc, qüvvət verir, həm də onun həyata baxışında, dünyagörüşündə önəmli rol oynayır. Fiziki təmrinlərə və vərdişlərə malik olan insan vətənin müdafiəsində ayıq-sayıq durmağı bacarır, dözümlü, iradəli olur. Amma, nə gizlədim, bir neçə idman növü ilə məşğul olsam da, hiss edirdim ki, axtardığım idman növünü hələ tapmamışam.

- Eşitdiyimizə görə, hərbi xidmətdə olarkən ilk dəfə rinqə çıxmısınız.
- Peşə məktəbini və fəhlə-gənclər məktəbini bitirdikdən sonra 1952-ci ildə hərbi xidmətə çağrıldım. Hərbi xidmət illərim Ermənistan SSR-nin Leninakan şəhərində keçdi. Həmin müddətdə idmanı yaddan çıxarmır, müntəzəm məşq edirdim. Hərbi hissədə əsgər yoldaşlarımla futbol, basketbol, voleybol oynayır, səhərlər kross qaçırdım.
Qaldı ki, rinqə çıxmağıma bunun qəribə tarixçəsi vardır. Hər şeyi indiki kimi xatırlayıram: 1953-cü fevralın 2-də qərargah rəisi podpolkovnik Makarov məni yanına çağırdı. O, çox ciddi insan idi və hərbçilər onu öz aralarında "cəllad” deyə çağırırdılar. Makarov üzünü mənə tutaraq dedi: "Fevralın 20-25-də SSRİ Silahlı Qüvvələrinin və Hərbi Dəniz Donanmasının yubileyi qeyd olunacaq. Yubiley mərasimi ilə bağlı Rostov şəhərində boks üzrə Don Hərbi Dairəsinin çempionatı keçiriləcək. Bu yarışa ciddi hazırlıqlar gedir. Bizim 3 hərbçimiz də bu çempionatda iştirak edəcək. Yalnız dünən bilmişəm ki, onların arasında ağır çəkili boksçumuz yoxdur. Kursant Abasov, bunları sənə deməkdə məqsədim odur ki, bu yarışa boksçu kimi səni məsləhət görüblər. Özü də ağır çəkidə döyüşəcəksən. Düşünürəm ki, rəhbərliyin etimadını doğruldacaqsan”. Mən ona dedim ki, axı mən boksla heç vaxt məşğul olmamışam. Makarov isə cavabında ötkəm və möhkəm səslə: "Kursant Abasov, siz bir ay bundan əvvəl vətənə sədaqət andı içmisiniz. Bu gün isə, həmin andı pozaraq vətənin şərəfinə keçiriləcək boks yarışlarında iştirak etməkdən imtina edirsiniz. Mənə yaxşı məlumdur ki, sizin üç qardaşınız Böyük Vətən müharibəsində canını qurban verib”.

Qərargah rəisinin bu sözlərinin qarşısında susub heç nə deyə bilmədim. Həmin günün səhəri idman zalına getdim və boksla məşğul olmağa başladım. 15 gün bir göz qırpımında keçdi və çempionatda qüvvəmi sınamaq üçün digər iştirakçılarla birgə Rostova yollandıq. Yarışda uğurla çıxış edərək vaxtından əvvəl rəqiblərim üzərində qələbə qazandım. Yeri gəlmişkən, həmin çempionatda döyüşdüyüm rəqiblərimdən biri, 63,5 kq çəki dərəcəsində çıxış edən Qroznı sakini, azərbaycanlı Hüseyn Hüseynovla indiyə qədər dostluq edirəm. Bu çempionat, demək olar ki, mənim taleyimi həll etdi və mən boksa bərk bağlandım.
1955-ci il ailəmiz üçün ağır illərdən biri oldu. Həmin il dayım Hacıbəy Hacıbəyov vətən xaini elan edildi və bu hadisə bizim nəsil üçün bir sıra problemlər yaratdı. Dayım Dağıstan Milli Mədəniyyət İnstitutunun direktoru olmaqla bərabər, həm də məşhur alim, dilçi idi. O, krill əlifbasının yerinə latın qrafikası əsasında əlifba hazırlamışdı və buna görə də onu vətən xaini adlandırılaraq Komiyə sürgün etmişdilər. Bu səbəbdən ölkədən xaricdə keçirilən yarışlara getməkdən məhrum idim. Bu azmış kimi, həmin il Zaqafqaziya Hərbi Dairəsinin Leninakan (Ermənistan SSR) şəhərində təşkil edilən çempionatında bədbəxt hadisə ilə üzləşdim. Yarışda erməni rəqibimi məğlub etmişdim. Bunu həzm edə bilməyən ermənilər guya məni atıb-tutmaq istərkən kürəyimə bıçaq sapladılar. Ağır yaralandım və 2 ay hospitalda yatmalı oldum. Ölümlə həyat arasında çarpışırdım. 18 gün görmə qabiliyyətimi itirdim, kəkələyirdim. İndi 70-dən artıq yaşım var, amma hələ də o dəhşətli günləri ununda bilmirəm. Hospitalda yatdığım müddətdə həmin çempionatda iştirak edən Bakı qarnizonunun rəisi, mayor İbrahim Vəkilov və yoldaşları məni 2 dəfə ziyarət etdilər. Son görüşdə Vəkilov mənim üçün qeyd qoymuşdu. Həmin qeyddə yazılmışdı: "Əzizim Nadir! Mən hospitalın həkimi və rəisi ilə danışmışam. Sənin məsələnlə bağlı Zaqafqaziya Hərbi Dairəsi ilə danışıqlar gedir. Ümid edirəm ki, sən tezliklə Bakıya gələcəksən və burada müalicən üçün hər bir şərait yaradılacaqdır. İnanıram ki, sən boks idman növündə öz sözünü deyəcək, yüksək nəticələr əldə edəcəksən”.

- Yəqin ki, boksçu kimi yetişməyinizdə Abbas Ağalarovun da payı var?
- 1955-ci ilin dekabrında Bakıya gəldim. Tbilisi qatarından düşəndə məni Mehdi Əsgərbəyov qarşıladı. Biz onunla birlikdə Azərbaycan boks yığmasının məşq etdiyi "Dinamo” zalına gəldik. O vaxt yığmaya əməkdar idman ustası, SSRİ-nin əməkdar məşqçisi Abbas Ağalarov rəhbərlik edirdi. Mehdi məni Abbas müəllimlə tanış etdi. Abbas müəllim məni doğma oğlu kimi qarşıladı və dedi: "Nadir, oğlum, heç qəm eləmə. Pis günlər arxada qaldı. Mayor Vəkilov mənə hər şeyi danışıb. İndi sən öz sağlamlığın haqqında düşünməlisən. İlk növbədə, doğma kəndinə get və dincəl. Sonra səninlə məşqlərə başlayarıq. Xərclər barədə isə nərahat olma. Bütün xərcləri öz boynumuza götürürük”.
Gözəl insan, qayğıkeş yoldaş Abbas Ağalarovun idman karyeramda böyük və əvəzedilməz rolu olub. Həmişə o rəhmətliyin sözlərini xatırlayıram: "Adətən, texniki və taktiki cəhətdən zəif boksçular zədə alırlar və zəif o boksçudur ki, rinqdə özünü itirir. Kim rinqdə yaxşı fikirləşə bilirsə, o da qalib gəlir”.
Doğma Axtıda bir müddət dincəldikdən sonra Bakıya qayıtdım. Çünki boks olan marağım məni rahat buraxmırdı. Respublika Bədən Tərbiyəsi və Sağlamlıq Mərkəzində tibbi müayinədən keçdikdən sonra "Dinamo” İdman Cəmiyyətində məşqlərə başladım. Burada boksla məşğul olmaq üçün hər bir şərait yaradılmışdı. "Dinamo”da olduğum müddətdə Azərbaycan idmanının məşhur simaları - idmançılar və məşqçi-müəllimlər, SSRİ-nin əməkdar idman ustaları və məşqçiləri ilə tanış oldum. İbrahimpaşa və Muxtar Dadaşov qardaşları, Aydın İbrahimov, İsaak Cəfərov, Əfqan Səfərov, Ziba Ələsgrova, Yuri Konovalov, Ələkbər Məmmədov, İnna Rıskal, Şamil Şamxalov kimi Azərbaycan idmanının dünya miqyasında şöhrət tapmasında əməyi olan tanınmış insanlarla ünsiyyətdə olmaq mənim üçün şərəf idi.

"Mən ölənə qədər bu insanın yaxşılığını unutmayacağam”

- Nadir müəllim, bəzən yeni idman karyerasına başlayan idmançıların həyatında müəyyən çətinliklər olur...
- 1956-cı il may ayının 8-də Bakı Spartakiadası keçirilirdi. Spartakiadada iştirak etmək istəsəm də, mənə icazə vermirdilər. Abbas Ağalarovun müdaxiləsindən sonra məni yarışlara buraxdılar. Hərbi xidmətdə aldığım ağır bıçaq zərbəsindən sonra ilk dəfə idi ki, rinqə çıxırdım. Həmin vaxt çəkim 79,5 kq idi. Spartakiadada bütün rəqiblərimi məğlub edərək finala çıxdım. Finalda rəqibim 3 qat Bakı və Azərbaycan çempionu, ağırçəkili (100 kq) boksçu idi. Döyüş əvvəlcə rəqibin üstünlüyü ilə keçdi. Hakim rəqibin xeyrinə nokdaun verdi. Amma bu, ədalətsizlik idi və yarışların baş hakimi Abbas Ağalarov fasilədə hakimlərə öz etirazını bildirdi. Fasilədən sonra rinqə çıxanda sanki mənə yeni güc gəldi və rəqibimi nokautla mübarizədən kənarlaşdırdım. Bakı Spartakiadasının qalibi olduğum üçün özümü hədsiz dərəcədə xoşbəxt hiss edirdim.
Spartikadadan sonra döyüşləri analiz edən Abbas Ağalarov məni təriflədi: "Əhsən sənə, Nadir! Sən bu döyüşdə əsl fədakarlıq və iradə nümayiş etdirdin, hissələrə qapılmadın. Bu keyfiyyətlər əksər boksçularda yoxdur”. Abbas müəllimin sözləri sanki mənə qol-qanad verdi və məni yeni qələbələrə ruhlandırdı.
Mən ölənə qədər bu insanın yaxşılığını unutmayacağam. Çünki bu xeyirxah insanın bir çoxları kimi, mənim üzərimdə də haqqı çoxdur. 1956-1966-ci illərdə Abbas müəllimin və Aleksandr Kryutkovun köməyi və dəstəyi sayəsində ölkənin güclü boksçulardan birinə çevrildim. Məhz bu insanların köməyi və gərgin məşqlərin hesabına 10 qat Bakı və Azərbaycan çempionu, 2 qat Zaqafqaziya və Orta Asiya Spartakiadalarının qalibi titullarına layiq görüldüm. 1961-ci ildə SSRİ seçmə birinciliyinin və bir çox ümumittifaq, beynəlxalq yarışların birincisi oldum. İdman karyeramda 238 döyüş keçirmişəm və onun 211-ni qələbə ilə başa vurmuşam.

- Boksda olduğunuz illər ərzində komanda yoldaşlarınız kimlər olub? Hansı tanınmış idmançıları məğlub etmisiniz?
- 1956, 1959, 1963-cü illərlə dalbadal SSRİ Spartakiadasının iştirakçısı və 7 il boks üzrə Azərbaycan yığmasının kapitanı olmuşam. Həmin vaxtlar komandada fəaliyyət göstərən dəri əlcək ustalarından Rafik İmanovun, Tofik Babanlının, Oqtay Hüseynovun, Adil Quliyevin, Paşa Əmirovun, Ağacan Abiyev, Toğrul Koraşarlı, Elman Süleymanovun adlarını çəkə bilərəm.
Yarımağır çəkidə olsam da, komandada ağır çəkili boksçuların olmaması səbəbindən yarışlara həmişə ağır çəkidə çıxmışam. Öz çəkimdə (yarımağır çəki, 81 kq) 3 qat SSRİ çempionu Yuri Yeqorov (Moskva), SSRi çempionları Anatoli Kutaşyov (Leninqard, indiki Sankt-Peterburq), Dmitri Dyuonin (Kiyev) və eləcə də Avropa finalçısı Hans Pinkel (Almaniya), Avropa çempionatının bürünc mükafatçısı Pinkanen (Finlandiya), Yaxın və Orta Şərq ənənvi turnirin qalibi Hüseyn Ratxanpur (İran) və s. idmançıları rinqdə mübarizədən kənarlaşdırmışam. Karyeramı 33 yaşında başa vurmuşam.
Səadət Hakıyeva