Azad Rəhimov: “Mənim üçün önəmli məqamlardan biri bizim bir-birimizin uğurlarına, qələbələrinə sevinmək bacarığımızın olmasıdır”

Azad Rəhimov: “Mənim üçün önəmli məqamlardan biri bizim bir-birimizin uğurlarına, qələbələrinə sevinmək bacarığımızın olmasıdır”

Azad Arif oğlu Rəhimov 1964-cü il oktyabrın 8-də Bakı şəhərində qulluqçu ailəsində anadan olub. 1971-1981-ci illərdə paytaxtın 134 saylı orta məktəbində təhsil alıb. 1981-ci ildə Azərbaycan Dillər Universitetinin ingilis dili fakültəsinin əyani şöbəsinə daxil olub. 1986-cı ildə həmin fakültənin ingilis dili müəllimi ixtisasını bitirib.
Əmək fəaliyyətinə 1984-cü ildə Xətai rayonu 245 saylı məktəbində komsomol katibi vəzifəsi ilə başlayıb. 1986-cı ilin iyun ayından 1987-ci ilin noyabr ayınadək Moskva şəhərində həqiqi hərbi xidmətdə olub. 1987-1989-cu illərdə Azərbaycan LKGİ Xətai Rayon komitəsində şöbə müdiri, 1989-1990-cü illərdə Azərbaycan Gənclər Təşkilatları Komitəsinin sədri vəzifəsində işləyib. 1994-1998-ci illərdə "Ros-İMESKO” Məhdud Məsuliyyətli Cəmiyyətinin, 1998-ci ildən 2006-cı ilədək isə "İtaldizayn” Qapalı Tipli Səhmdar Cəmiyyətinin baş direktoru olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2006-cı ilin 7 fevral tarixli Sərancamı ilə gənclər və idman naziri vəzifəsinə təyin edilib.
Ailəlidir, bir övladı var.


Əlbəttə, insanın yubileyi ilə bağlı və ya hər hansı bir əlamətdar məqam haqqında yazmaq asan il olduğu qədər də çətindir. Çünki yubilyarın ömür yoluna nəzər salmalı, bu və ya digər məqamlara xüsusi diqqətlə yanaşmalı, bir sözlə, önəmli anları dəyərləndirməyi bacarmalısan. Yubileyi ilə bağlı yazacağın insan cəmiyyətin diqqət mərkəzində olanda, yüksək dövlət vəzifəsi daşıyanda isə söz demək məsuliyyəti daha çox artır.

Bu mənada sentyabrın 8-də 50 yaşı tamam olan Azərbaycan Respublikasının gənclər və idman naziri Azad Rəhimovun yubileyi ilə bağlı məqalə hazırlamaq böyük məsuliyyətdir. Əlbəttə, gənclər və idman naziri Azad Rəhimovun yubiley günündə bu sahədəki önəmli fəaliyyətinə müəyyən zaman kəsiyində idman sahəsindəki uğurları özündə əks etdirən statistik rəqəmlərin işığında da nəzər salmaq olardı. Ancaq etiraf edək ki, bu barədə müxtəlif kütləvi informasiya vasitələrində müntəzəm olaraq çoxsaylı məlumatlar öz əksini tapdığından Azad Rəhimovun səmimi və qayğıkeş, peşəkar və bacarıqlı təşkilatçı, dəyərli ziyalı olması bu qeydlərimizi daha çox səmimi notlar üzərində kökləmək haqqını verdi bizə. Gənclər və idman naziri Azad Rəhimov bütün bu yüksək insani keyfiyyətləri daim önə çəkərək rəhbərlik etdiyi nazirliyin işinin lazımi səviyyədə qurulmasını təmin etmiş, bununla da çoxsaylı uğurların təməlini qoymuşdur. Çünki harada ki, peşəkarlıq və səmimiyyət var orada uğurlu nəticələr də əldə etmək mümkündür.
Azərbaycan Prezidenti İlham Əliyevin 2006-cı il 7 fevral tarixli Sərəncamı ilə Azad Rəhimov Azərbaycan Respublikasının gənclər və idman naziri təyin olunmuşdur. Gənclər və idman naziri olmaq çevik və sürətli təşkilatçılıq kefiyyətlərinə malik olmaqla yanaşı, bu sahələrə qlobal təfəkkür prizmasından baxmağı da tələb edir. İlk baxışdan idmanla bağlı olan bu nazirlik cəmiyyətin bütün sferalarına nüfuz etməyi bacarmalı, millətin fiziki sağlamlığı amilini önə çəkməklə yanaşı, cəmiyyətin aparıcı qüvvəsi olan gənclərin, idmançıların rəğbətini, inamını, etibarını da qazanmalıdır. Dünyanın müxtəlif ölkələrində beynəlxalq arenalarda Azərbaycanın bayrağının yüksəkliklərdə dalğalanması, dövlət himnimizin səsləndirilməsi yalnız idmançılarımızın fiziki hazırlıqlarının nəticəsində deyil, eyni zamanda, dövlətin idmana və Olimpiya Hərəkatına göstərdiyi xüsusi diqqət və qayğı, bu sahələrə məsul olan idman qurumlarının məqsədyönlü fəaliyyəti nəticəsində mümkün olmuşdur.
Çünki idman bu və ya digər dərəcədə kobud mübarizə formalarından biri olsa da, əslində, özündə bir çox incə mətləbləri ehtiva edir. Hər bir idmançının cəmiyyətdə layiqli vətəndaş mövqeyi tutmasını, vətənpərvər kimi yetişməsini diqqətdə saxlayan Gənclər və İdman Nazirliyi bu sahədə də, sözün əsl mənasında, mühüm irəliləyişlərin əldə olunmasını, böyük uğurların qazanılmasını təmin etmişdir. Bəs bu üğurların qazanılmasında Azad müəllim daha çox hansı məqamları önə çəkir? Hansı dəyərlərə üstünlük verməyi zəruri sayır? Gənclər və idman naziri Azad Rəhimov cəmiyyətdə idmancıların aparıcı mövqeyini yüksək dəyərləndirərək, çıxışlarının birində səmimiyyətlə bildirmişdir: "Hər bir idmançı vətənpərvər olmalıdır, Azərbaycana qulluq etməlidir və Azərbaycanın parlaq gələcəyinə, ölkə başçısı cənab İlham Əliyevə inanmalıdır. Mənim üçün önəmli məqamlardan biri bizim bir-birimizin uğurlarına, qələbələrinə sevinmək bacarığımızın olmasıdır. O zaman daha böyük qalibiyyətlərdən danışmaq olar”.
Bu kəlmələr, necə deyərlər, protokol xatirinə deyilmiş sözlər deyil. Bu səmimi və dəyərli sözlərin arxasında ürəyi yurduna və dövlətinə bağlı olan sədaqətli bir insanın, bir dövlət məmurunun konkret əməli fəaliyyəti dayanır. Məsələn, 2012-ci ildə Londonda keçirilən yay Olimpiya oyunlarında qızıl medal qazanan Azərbaycan atletinin uğuruna sevinən hörmətli nazirimiz dövlət bayrağımız qaldırılıb, himnimiz səsləndirilən zaman qürur hisslərindən qaynaqlanan göz yaşlarını saxlaya bilməmişdi. Azad müəllimin dediyi və yuxarıda qeyd etdiyimiz kəlmələr onun kövrək ürəyində, kim bilir, bəlkə də, elə o zaman doğulmuşdu. Və bu səhnənin şahidi olanlar deyilən sözlərin həm səmimiyyətinə inanır, həm də ibrət dərsi götürmək şansı qazanırlar. Çünki göz önündə gənclər və idman naziri Azad Rəhimovun səxsi nümunəsi və əməli fəaliyyəti dayanır.

Məlumdur ki, Gənclər və İdman Nazirliyi ölkədə uşaq-gənclər idman və ixtisaslaşdırılmış Olimpiya ehtiyatları məktəbləri şəbəkəsinin yaradılması işinə də xüsus diqqət yetirir. İdman növləri üzrə ölkə və beynəlxalq miqyaslı yarışların və təlim-məşq toplanışlarının təşkili və həyata keçirilməsini, yığma komandaların beynəlxalq yarışlarda, dünya və Avropa çempionatları və birinciliklərində, Milli Olimpiya Komitəsi ilə birlikdə Olimpiya oyunlarında iştirakını təmin edir. Həyata keçirilən bu tədbirlərin və yarışların bir qayda olaraq, əsas ağırlığı Gənclər və İdman Nazirliyinin üzərinə düşür və nazir Azad Rəhimov idmanın mahiyyətindən irəli gələn sürətli zaman kəsiyində böyük əhəmiyyət kəsb edən çoxsaylı qərarlar qəbul edir. Bu qərarların əksəriyyəti isə yalnız təşkilatçılıqla deyil, həm də insan amili ilə bağlı olur. Məsələn, belə çoxsaylı məqamlardan birinə diqqət yetirək. Məlumdur ki, bu gün böyük idmanda yaxşı nəticə göstərən və göstərməyən həm fəal, həm də veteran idmançı özünə münasibətdə eyni dərəcədə diqqət və qayğı umur. Onlar bu və ya digər məsələlərin həllində müəyyən dayaq nöqtəsi, təsəlli yeri tapmağa can ataraq ilk növbədə, Gənclər və İdman Nazirliyinə üz tuturlar. Bəzən idmanda uğur qazana bilməyən idmançı bu uğursuzluğun kompensasiyasını sanki Gənclər və İdman Nazirliyindən almağa çalışır. İdman ictimaiyyəti də, idmançılar da belə çox incə məqamlarda Azad müəllimin səbrli davranışının, ədalətli qərarının dəfələrlə şahidi olublar. Belə qarşılıqlı, səmimi münasibətlərin nəticəsidir ki, Azad Rəhimovu həm idman ictimaiyyəti, həm də idmançılar tam səmimiyyətlə "Bizim nazir” adlandırırlar. "Bizim nazir” olmağın sirrini isə Azad müəllimin şəxsi keyfiyyətlərinin, insani dəyərlərinin zənginliyində axtarmaq lazımdır. Yeri gəlmişkən, 2010-cu ildə Sinqapurda keçirilən Yeniyetmələrin Yay Olimpiya Oyunlarında gənclər və idman naziri Azad Rəhimovun yeniyetmə idmançılarımıza göstərdiyi hədsiz diqqət və qayğını, səmimi mehribanlığı, sadəcə olaraq, görməmək mümkün deyildi. Uğur qazanan və qazanmayan hər bir yeniyetmə idmançı ilə ayrı-ayrılqda fərdi söhbət edən, problemləri ilə maraqlanan "Bizim nazir”in Vətəndən min kilometrlərlə uzaqda onlara göstərdiyi atalıq münasibətini görmək, həqiqətən də, qürurverci bir an idi.
2012-ci il Azərbaycanda "İdman ili” elan ediləndə gənclər və idman naziri Azad Rəhimov idmanın və Olimpiya Hərəkatının inkişaf etdiyi ölkədə "İdman ili”nin qeyd olunmasını idman ictimaiyyəti üçün sevindirici hal kimi dəyərləndirmişdi: "Mən xüsusi olaraq vurğulamaq istərdim ki, ölkə başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev hər bir idmançıya xüsusi diqqət, qayğı göstərir. Ölkə başçısı idmançıların hər birinin adı, onların uğurları, problemlərindən xəbərdardır. Prezidentin 2012-ci ili "İdman ili” elan etməsi gözlənilməz olduğu qədər də sevincli, eyni zamanda, hər birimiz üçün məsuliyyətli məqamdır”.

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi ölkəmiz üçün böyük tarixi əhəmiyyət daşıyan I Avropa Oyunlarının yüksək səviyyədə keçirilməsi üçün üzərinə düşən işin öhdəsindən layiqincə gəlməyə çalışır. Gənclər və idman naziri Azad Rəhimov Milli Olimpiya Komitəsinin vitse-prezidenti, Bakı-2015 Avropa Oyunları Əməliyyat Komitəsinin baş icracı direktoru olaraq da, bu son dərəcə məsuliyyətli vəzifəni layiqincə yerinə yetirir. Türkiyənin Antalya şəhərində keçirilən Bakı-2015 ilk Avropa Oyunlarının təqdimatı mərasimində Azərbaycanın gənclər və idman naziri, Bakı-2015 Avropa Oyunları Əməliyyat Komitəsinin baş icracı direktoru Azad Rəhimov bildirib ki, xalqımız ilk dəfə keçiriləcək Avropa Oyunlarına ev sahibliyi etməkdən böyük fərəh hissi duyur. Nazir vurğulayıb ki, Avropada idmanın gələcəyini formalaşdırmağa töhfə verəcək Bakı-2015 Oyunları Azərbaycan ictimaiyyəti üçün yeni şəhər, nəqliyyat, iqtisadi mənfəətlər və infrastruktur deməkdir. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə yaradılan Təşkilat Komitəsinin qısa zamanda gördüyü işlər barədə danışan nazir deyib: "Avropa tarixində ilk dəfə qitə üzrə multiidman tədbiri keçiriləcəkdir. Bakıda sürətlə həyata keçirilən quruculuq işləri, yeni infrastrukturun yaradılması paytaxtımızın 2015-ci ildə avropalı atletləri qəbul etməyə tam hazır olacağının daha bir göstəricisidir. Azərbaycan bu oyunları yay Olimpiya oyunlarının səviyyəsində keçirmək əzmindədir. Ölkəmizdə mövcud olan və yaradılan idman infrastrukturu yarışların yüksək səviyyədə keçirilməsinə imkan verəcəkdir. Avropalı atletlər üçün bu tədbir böyük əhəmiyyət daşıyacaqdır. Maraqlıdır ki, bizim loqomuz xalqımızın idman irsindən qürur duymasını, qonaqpərvərliyə sədaqətimizi, ölkəmizin idman, biznes və turizm mərkəzi kimi mövqeyini əks etdirir. Düşünürəm ki, Azərbaycan bütün dünyaya unudulmaz idman bayramı təqdim edəcəkdir. Bu həm də Azərbaycanın dünyada gündən-günə artan nüfuzunun daha bir göstəricisidir. İlk öncə onu deyim ki, yüksək səviyyəli peşəkarların çalışması nəticəsində bütün Avropa Azərbaycanın timsalında inanılmaz idman hadisəsini izləyəcəkdir”.
Gənclər və İdman Nazirliyi beynəlxalq səviyyədə də fəaliyyətini uğurla genişləndirməkdədir. İndi müxtəlif ölkələrin idman qurumları ilə gənclər və idman sahəsində əməkdaşlıq əlaqələri ildən-ilə gücləndirilir, müqavilələr, memorandumlar imzalanır. Bu sahədə son illərdə daha ardıcıl fəaliyyətin, qarşılıqlı əməkdaşlığın nəticəsidir ki, ölkəmizdə artıq beynəlxalq yarışların, dünya və Avropa çempionatlarının keçirilməsi bir ənənəyə çevrilib. Ölkəmizin bütün regionlarında müasir standartlara cavab verən, hər cür şəraiti olan Olimpiya idman kompleksləri, stadionlar, müxtəlif idman qurğuları tikilərək idmançıların istifadəsinə verilib. Etiraf etmək lazımdır ki, bu sahədə də son illər çox böyük canlanma yaranıb. Gənclər və İdman Nazirliyinin bilavasitə rəhbərliyi altında Olimpiya idman kompleksləri, müxtəlif idman qurğuları ölkəmizdə idmanın kütləviləşməsinə öz töhfəsini verməkdədir.

Gənclər və İdman Nazirliyi KİV nümayəndələri üçün daim açıq olan, bu və ya digər informasiyaların vaxtında verilməsini təmin edən dövlət qurumlarından biridir. Azad müəllimin KİV-lə qarşılıqlı əlaqələrin qurulmasına xüsusi önəm verməsi, vaxtaşırı keçirilən mətbuat konfranslarında bir qayda olaraq şəxsən özünün iştirakı, fikrini sadə və səmimi şəkildə ifadə etməsi də diqqət çəkən məqamlardır. Çünki informasiyanı ilk mənbədən alan KİV nümayəndələri bu informasiyanın doğru, dürüst yayılma məsuliyyətini də yaxşı dərk edirlər. İdman nəticələrli dəyişkən olduğu qədər statistik tarix baxımdan da dayanıqlıdır. Azad müəllim bu yaxınlarda keçirilən mətbuat konfransında da idmanımızın inkişafına, bu sahədə əldə olunan uğurlara məhz statistik rəqəmlərin işığında aydınlıq gətirərək, 2014-cü ilin ilk aylarında əldə olunan uğurlardan danışmaqla yanaşı, 2013-cü ildə qazanılan uğurların, həyata keçirilən tədbirlərin müqayisəli təhlilini də vermişdi. Belə ki, 2013-cü ildə Azərbaycanda gənclərlə bağlı iş sahəsində 192 tədbir həyata keçirilib və bunlardan 38-i beynəlxalq, 154-ü isə yerli xarakter daşıyıb. Həmin tədbirlərdə, ümumilikdə, 200 mindən artıq gənc iştirak edib. 2013-cü ildə respublikamızda 298 (2012-ci ildə 150) respublika, 57 (2012-ci ildə 35) beynəlxalq yarış keçirilib. Xarici ölkələrdə təşkil olunmuş 281 (2012-ci ildə 250) beynəlxalq yarışda ölkə yığma komandalarının iştirakı təmin olunub. Ötən il Olimpiya və qeyri-Olimpiya idman növləri üzrə rəsmi beynəlxalq yarışlarda - dünya və Avropa çempionat və birinciliklərində, kubok yarışlarında 280 qızıl, 233 gümüş və 269 bürünc, ümumilikdə 782 medal (2012-ci ildə 735 medal - 255 qızıl, 244 gümüş, 236 bürünc) əldə edilib. Bunlardan 296-sı (101 qızıl, 74 gümüş, 121 bürünc) Olimpiya, 486 medal isə (179 qızıl, 159 gümüş, 148 bürünc) qeyri-Olimpiya idman növlərində qazanılıb. Statistik göstəricilərə əsasən 2003-2013-ci illərdə ümumilikdə 5398 (1918 qızıl, 1533, 1947 bürünc) medal əldə olunub.
Qazanılan uğurları özündə əks etdirən xeyli statistik rəqəmlər var. Onların hamısını sadalamasaq da, qeyd etmək lazımdır ki, Azad Rəhimovun 2006-cı ildə gənclər və idman naziri təyin olunmasından sonrakı illərdə bu statistik rəqəmlərdə əməli fəaliyyətin nəticəsi kimi xeyli keyfiyyətli artım olmuşdur. Bu müsbət artım həm çoxsaylı ölkədaxili və beynəlxalq yarışlarda, həm də Olimpiya oyunlarında əldə edilən böyük nailiyyətlərdə özünü büruzə verir.
İdman nailiyyətləri, nəticələr öz əksini statistikada tapır və bu statistik göstəricilərin arxasında bəzən ilk baxışda diqqəti cəlb etməyən çox böyük və gərgin zəhmət dayanır. Azad müəllim bu nəticələrin əldə olunmasında çəkilən böyük və gərgin zəhmətin üzərindən səmimiyyətlə, həmişə olduğu kimi sükutla keçir. Bu da qazanılan uğurların sanbalını, dəyərini birə-beş artırır.Təbii ki, onun bir nazir və bir insaq olaraq bu layiqli keyfiyyəti də idman ictimaiyyətinin, idmançıların və xüsusilə mətbuatın diqqətindən yayınmır.
50 il ömrün müdriklik çağıdır. "Bizim nazir”i 50 illik yubileyi ilə bağlı təbrik etmək üçün həm idman ictimaiyyətindən, həm də idmançılardan çoxsaylı müraciətlər almışıq. Bu təbrikləri ümumiləşdirərək mümkün qədər səmimi notlar üzərində kökləməyə çalışdıq. Gənclər və idman naziri Azad Rəhimovu 50 illik yubileyi münasibətilə ölkəmizin idman ictimaiyyəti və idmançıları adından təbrik edir, şərəfli fəaliyyətində həmişə uğurlar, uzun və mənalı ömür arzulayırıq.