Fazil Məmmədov: “Ümid edirik ki, yığma komandamızın üzvləri yaxın gələcəkdə öz uğurları ilə xalqımızı sevindirəcəklər”

Fazil Məmmədov: “Ümid edirik ki, yığma komandamızın üzvləri yaxın gələcəkdə öz uğurları ilə xalqımızı sevindirəcəklər”

Azərbaycan idmanı son illər özünün ən yüksək inkişaf mərhələsinə qədəm qoyub. Digər sahələrdə olduğu kimi, idmanda da böyük irəliləyişlər müşahidə olunur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin idmana və idmançılara göstərdiyi yüksək diqqət və qayğı atletlərimizin beynəlxalq arenalarda uğurlu çıxışına şərait yaradır. Əminliklə söyləmək olar ki, Azərbaycan dünyanın ən nüfuzlu yarışlarının keçirildiyi bir məkana çevrilib. Təsadüfi deyil ki, bir sıra idman qurumları və beynəlxalq fedrasiyalar idman tədbirlərinin təşkil olunmasını Azərbaycana həvalə edirlər. Bu da onu göstərir ki, Azərbaycan beynəlxalq arenada idman ölkəsi kimi böyük nüfuza malikdir.
Qeyd etdiyimiz kimi, ölkəmiz mötəbər idman tədbirlərinin keçirildiyi bir məkana çevrilib. Belə yarışlardan biri də gələn ilin iyun ayında paytaxtımızda ilk dəfə təşkil olunacaq I Avropa Oyunlarıdır. Ölkəmizdə fəaliyyət göstərən müxtəlif idman federasiyaları da möhtəşəm idman bayramına yüksək səviyyədə hazırlaşırlar. Bakı-2015-ə hazırlaşan federasiyalardan biri də Azərbaycan Stolüstü Tennis Federasiyasıdır. Buyaxınlarda federasiyanın vitse-prezidenti Fazil Məmmədov "Olimpiya dünyası” qəzetinə müsahibə verdi və bizi maraqlandıran sualları ətraflı cavablandırdı.

- Fazil müəllim, Stolüstü Tennis Federasiyasının rəhbərliyində dəyişiklik edildi. Bu dəyişiklikdən sonra federasiyada hansı yeniliklər baş verdi?
- Bildiyiniz kimi, bu il fevral ayının 27-də Milli Olimpiya Komitəsinin yığıncağı keçirildi. Həmin tədbirdə İqtisadiyyat və Sənaye naziri cənab Şahin Mustafayev Azərbaycan Stolüstü Tennis Federasiyasının yeni prezidenti seçildi. İlk gündən başlayaraq federasiyanın fəaliyyətində əsaslı yeniliklər edildi. Qurum Xocalı prospekti 37 ünvanında yerləşən "Demirchi Tower”də müasir tələblərə cavab verən yeni ofislə təmin olundu. Bundan əlavə, "Şüa” İdman Sağlamlıq Kompleksində hər bir şəraiti olan müvafiq idman zalı icarəyə götürülərək, idmançıların istifadəsinə verildi. Hazırda burada gündəlik səmərəli təlim-məşq prosesləri, eləcə də respublikadaxili yarışlar təşkil olunur. Buyaxınlarda ölkəmizdə "NN” stolüstü tennis klubu yaradıldı. Peşəkar idmançıların və bacarıqlı idman mütəxəssislərinin kluba cəlb edilməsi istiqamətində işlər aparılır. Gələcəkdə paytaxtla yanaşı, regionlarda da yeni klubların açılması və onların fəaliyyətinin inkişaf etdirilməsi üzrə tədbirlər federasiyamız tərəfindən davam etdiriləcək. Ölkə üzrə 6-8 yaşlı tennisçi uşaqların hazırlanması məqsədilə Bakı və regionlarda fəaliyyət göstərən məşqçi-müəllimlərlə fərdi müqavilələr bağlanıb. Biz çalışacağıq ki, bu işi gələcəkdə də davam etdirək. Bildiyiniz kimi, 2015-ci ilin iyun ayında Bakıda I Avropa Oyunları keçiriləcək. Bu mötəbər idman yarışına hazırlıq çərçivəsində həm respublikada, həm də ölkədən kənarda təlim-məşq toplanışları təşkil olunur. Belə ki, təkcə bu il ərzində Polşada 7 və Çində1 təlim-məşq toplanışı keçirilib. İnanıram ki, gələcəkdə belə idman tədbirlərinin sayı artırılacaq.

- Bəs federasiya gələcəkdə hansı tədbirləri görməyi planlaşdırır?
- Qarşıda böyük planlarımız var. Hazırda Stolüstü Tennis Federasiyası Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi ilə birgə Azərbaycanda stolüstü tennisin inkişafı üzrə fəaliyyət proqramını hazırlayıb. Demək olar ki, bu proqramla bağlı işlər yekunlaşmaq üzrədir. Əvvəlcə Bakı və Sumqayıtda müasir tələblərə cavab verən idman komplekslərinin inşası üçün müvafiq ərazilər ayrılmış və bununla bağlı işlər davam etdirilir. Belə idman komplekslərinin respublikanın digər şəhərlərində də tikintisi planlaşdırılır. Bundan əlavə, məşqçilərin ixtisasını artırmaq üçün treninqlərin təşkili nəzərdə tutulur ki, bu tədbirlər də beynəlxalq mütəxəssislərin iştirakı ilə təşkil ediləcək.


- Qeyd etdiyiniz kimi, ölkəmiz gələn il I Avropa Oyunlarına ev sahibliyi edəcək. Bu idman tədbirində stolüstü tennisçilərimiz də mübarizə aparacaqlar. Bununla bağlı fikirlərinizi bilmək maraqlı olardı.
- Federasiyanın qarşısında duran ən mühüm vəzifələrdən biri, sözsüz ki, yığma komandamızın 2015-ci ilin yayında Bakının ev sahibliyi edəcəyi I Avropa Oyunlarına hazırlığına mükəmməl nail olmaqdır. Bildiyiniz kimi, mötəbər idman tədbirində 49 Avropa ölkəsinin idmançıları 20 idman növündə mübarizə aparacaqlar. Stolüstü tennis də bu yarışların proqramına daxil edilib. İdman tədbirinin əhəmiyyətini nəzərə alaraq, yığma komandamızın yarışlara hazırlıq səviyyəsi bizim üçün mühüm əhəmiyyət kəsb edir. Buna görə də stolüstü tennisçilərimizin taktiki və texniki hazırlıqlarının artırılması üçün Polşaya və Çinə təlim-məşq toplanışına yollanmasına şərait yaradıldı. Güman edirəm ki, idmançılarımız I Avropa Oyunlarında layiqli çıxış etmək üçün əllərindən gələni əsirgəməyəcəklər.

- Stolüstü tennisçilərimizin hazırlıq səviyyəsi sizi qane edirmi?
- Stolüstü tennisçilərimizin hazırlıq səviyyəsinə gəlincə onu deyə bilərəm ki, yığma komandanın tərkibində istedadlı və perspektivli idmançılar az deyil. Ümid edirik ki, yığma komandamızın üzvləri yaxın gələcəkdə öz uğurları ilə xalqımızı sevindirəcək və respublikamızın bayrağını yüksəklərə qaldıracaqlar.

- Qarşıdakı illərdə ölkəmizdə beynəlxalq stolüstü tennis turnirlərinin keçirilməsi nəzərdə tutulurmu?
- Qarşıdakı illərdə bizi bir sıra mühim tədbirlər gözləyir. 2015-ci ildə keçiriləcək I Avropa Oyunlarında və 2017-ci ildə təşkil olunacaq IV İslam Həmrəyliyi Oyunlarında stolüstü tennisçilərimizin iştirakı nəzərdə tutulur. Bundan əlavə, gələn ilin fevral ayında paytaxtımız stolüstü tennis üzrə "TOP-16” turnirinə ev sahibliyi edəcək. Avropanın ən güclü 16 oğlan və qız idmançıları Bakıya toplaşacaqlar. Ümid edirik ki, tennisçilərimiz sözügedən idman tədbirlərinə yaxşı hazırlaşacaq və bu yarışlarda ölkəmizi layiqincə təmsil edəcəklər.

- Sizcə, baş məşqçi vəzifəsinə təyin olunmuş polşalı mütəxəssis Leşek Kuxarski komandaya yenilik gətirə biləcəkmi?
- Leşek Kuxarski komandanın baş məşqçisi kimi fəaliyyətinə bu ilin əvvəlində başlayıb. Əlbəttə, qısa vaxt ərzində işin öhdəsindən gəlmək çox çətindir. Bir qədər əvvəl qeyd etdiyim kimi, artıq idmançıların hazırlığında irəliləyişlər müşahidə olunur. Bu, çox sevindirici haldır. Ümid edirik ki, federasiyanın dəstəyi ilə L. Kuxarski ona tapşırılmış işin öhdəsindən gələcək və idmançılarımız həm I Avropa Oyunlarında, həm də IV İslam Həmrəyliyi Oyunlarında uğurlu nailiyyətlər əldə edəcəklər.

- Gələcəkdə yığma komanda formalaşdırarkən yerli idmançılarla yanaşı, legionerlərin də cəlb edilməsi planlaşdırılırmı?
- Bu gün yığma komandanın əsas heyətini yerli idmançılar təşkil edir. Həm qadın, həm də kişi tennisçilərimiz arasında güclü və perspektivli oyunçular çoxdur. Komandanın heyətində ciddi dəyişikliklər etməyə hələ ki ehtiyac yoxdur. Oyunçuların çoxu seçimdən keçmiş, təcrübəli və istedadlı idmançılardır. Biz onlardan gələcəkdə yaxşı nəticələr gözləyirik. Bir qədər əvvəl qeyd etdiyim kimi, 6-8 yaşlı uşaqları bu idmana cəlb etmək və onlardan gələcəkdə bacarıqlı tennisçilər hazırlamaq məqsədi ilə Bakıda və regionlarda fəaliyyət göstərən 20-dən artıq məşqçi ilə fərdi müqavilələr bağlamışıq. Gələcəkdə də bu istiqamətdə işlər davam etdiriləcək. Burada əsas məqsəd stolüstü tennisin kütləviliyini artırmaq, onu populyarlaşdırmaq, peşəkar idmançılar yetişdirmək, seçim etmək və daha istedadlı tennisçiləri yığma komandaya cəlb etməkdir. Bu ilin may ayında stolüstü tennis tarixində ilk dəfə Çin Xalq Respublikasından 2001-ci il təvəllüdlü idmançı komandamıza cəlb olunub. Qarşıdakı aylarda bir neçə legionerin də cəlb edilməsi, o cümlədən klublara legionerlərin dəvət olunması istiqamətində işlər aparılacaq.

- Bu idman növü ilə bağlı sizi hansı məsələlər narahat edir?
- Bildiyiniz kimi, 70-80-cı illərdə stolüstü tennis Azərbaycanda çox populyar olmuşdur. Bu dövrdə ölkəmizdə N. Novikov, R. Kotsev, Y. Oparin, İ. Mazin kimi Əməkdar məşqçilər yetişmişdir. Onlar SSRİ çempionu M.Şeydabəyov, 6 dəfə SSRİ çempionu, Avropanın mütləq çempionu V.Popova kimi məşhur idmançıların ərsəyə gəlməsində böyük əmək sərf ediblər. Azərbaycan idmançıları SSRİ çempionatlarında və beynəlxalq yarışlarda yaxından iştirak edib, böyük uğurlar qazanıblar. SSRİ dagıldıqdan sonra bir müddət ölkənin ictimai-siyasi həyatında olduğu kimi, idman sahəsində də durğunluq dövrü yaranmışdı. Bu hadisə stolüstü tennisə də öz mənfi təsirini göstərmişdi. Bir çox adlı-sanlı idmançılar və məşqçilər Azərbaycanı tərk etmiş, elit idman növü sayılan stolüstü tennis, demək olar ki, unudulmuşdu. Yalnız ümummilli liderimiz Heydər Əliyev ölkə rəhbərliyinə qayıtdıqdan sonra bütün sahələrdə oldugu kimi, idman sahəsində də əsaslı dönüş yarandı. Ümumiyyətlə, stolüstü tennisin bugünkü durumu bizi narahat etməyə bilməz. Bu idman növünün lazımi səviyyədə təbliğ edilməsi, kütləviləşməsi, idmançıların hazırlıq səviyyəsinin artırılması, məşqçilərin hazırlanması, yeniyetmə və gənclərin bu idman növünə cəlb edilməsi və s. həlli vacib olan məsələlərdir. Federasiyanın rəhbərliyi Azərbaycanda stolüstü tennisin inkişaf etdirilməsi, onun kütləviləşməsi və populyarlaşması istiqamətində məqsədyönlü fəaliyyətini davam etdirəcəkdir.
Azər Əlizadə