İslambek Dadov: “Olimpiya çempionu olmağı qarşıma məqsəd qoymuşam”

İslambek Dadov: “Olimpiya çempionu olmağı qarşıma məqsəd qoymuşam”



Yeniyetmələrin Olimpiya oyunları 2010-cu ildən keçirilir və gənc atletlər ilk dəfə Sinqapurda təşkil edilən yarışlarda qüvvələrini sınayıblar. Yeniyetmələrin I Yay Olimpiya Oyunları yaddaşımızda bu yarışlarda Azərbaycanın bayrağını qaldıran, himnini səsləndirən Murat Bazarov, Elman Muxtarov, Nicat Rəhimov və başqa atletlərimizin hünəri ilə daha çox yadda qalıb. Dünyanın yeniyetmə idmançıları ikinci dəfə Olimpiya oyunlarında dörd ildən sonra uzaq Asiya qitəsində bir yerə toplaşdılar. Bu ilin avqust ayında Çinin Nankin şəhərində keçirilən olimpiadada Azərbaycan 9 idman növü üzrə 21 atletlə təmsil olundu. Atletlərimiz ümumilikdə 12 medal qazandılar ki, bunun 5-i qızıl medal idi. Ölkəmizi bu yarışlarda uğurla təmsil edənlərdən biri də yunan-Roma güləşçimiz İslambek Dadov (69 kq) oldu. İslambek idmana gəlişi, uşaqlıq illəri, arzuları barədə "Olimpiya dünyası” qəzetinə və olimpnews.az saytına danışdı.


- Azərbaycanın yeniyetmə güləşçilərdən ibarət komandası Çinin Nankin şəhərində ümumilikdə 5 (3 qızıl, 2 gümüş) medal qazandı. Komandanın aktivinə yazılan qızıl medallardan biri sənin payına düşür.
- Avropa Olimpiya Komitəsinin təşəbbüsü və dəstəyi ilə keçirilən bu yarışlar yeniyetmə və istedadlı idmançıların öz təcrübələrini təkmilləşdirmələrində və böyük idmana atılmasında əvəzsiz rol oynayır. Mənim kimi yeniyetmə idmançıların bu nüfuzlu yarışlarda iştirakını təmin etdiyinə görə, Azərbaycan Milli Olimpiya Komitəsinə, Azərbaycan Güləş Federasiyasının rəhbərliyinə, bu işdə əziyyəti olan bütün məşqçilərimə minnətdarlığımı bildirirəm. Nankində keçirilən Yeniyetmələrin II Yay Olimpiya Oyunlarında əldə etdiyim qızıl medalı təkcə özümün deyil, məşqcilərimin, federasiya rəhbərliyinin bir sözlə, Azərbaycanın qələbəsi hesab edirəm.




- Qələbə anını necə xatırlayırsan?
- Həmin an heç nə hiss etmirdim, Elə bil yuxu görürdüm. Sonra tamaşaçıların alqışları, məşqçilərimin sevinc və fərəh səslərindən başa düşdüm ki, qələbə qazanmışam. Həmin anları təsəvvür etmək, yenidən yaşamaq qürurvericidir. Yeniyetmələr arasında Olimpiya çempionu olmaqdan böyük qürur duyuram.


"Zəhmət çəkməsən, heç nə əldə edə bilməzsən”


- Özünü böyüklər arasında Olimpiya oyunlarının çempionu kimi görürsənmi?
- İnsanı yaşamağa səsləyən onun gələcəyə olan inamı və ümididir. Dünyanın möhtəşəm idman tədbiri olan Olimpiya oyunlarının çempionu olmağı bütün idmançılar arzu edir. Əlbəttə, mən də Olimpiya çempionu olmagı çox istərdim. Amma istəmək azdır, nəyəsə nail olmaq və ən yüksək zirvəyə çatmaq üçün özünü buna kökləməlisən. Yüksək zirvələri fəth etmək üçün çətinliklərə dözməli, qarşına qoyduğun məqsədə doğru inamla irəliləməlisən. Mən də Olimpiya çempionu olmağı qarşıma məqsəd qoymuşam və inanıram ki, məqsədimə nail olacağam.
Olimpiya çempionu tituluna yiyələnmək, fəxri kürsünün ən yüksək pilləsində dayanmaq hər bir idmançıdan işgüzarlıq, prinsipiallıq tələb edir. Uğur qazanmaq üçün zəhmət çəkib, tər tökməlisən. Hec kimə hazır nəsə vermirlər. Zəhmət çəkməsən, heç nə əldə edə bilməzsən.


- İdman sənin üçün nədir?
- Həyatımı idmansız təsəvvür etmirəm. Çünki özümü bu sahədə görürəm. İdman mənim həyat tərzimdir, məni həyatda yaşamağa vadar verən qüvvədir. Bir-iki həftə məşqdə qalanda hiss edirəm ki, nəsə çatmır. Mənim üçün tatami üzərində məşqçilərimdən hər gün nəsə öyrənməkdən gözəl heç nə yoxdur.


- Bəzən həyatda insanın özündən asılı olmayan hadisələr baş verir. Günlərin birində səninçün əziz olan ailən və idman arsında seçim etmək lazım gəlsə idi, hansını seçərdin?
- (Bir az duruxur) Bu haqda danışmağa çətinlik çəkirəm. Bir tərəfdə yüksək zirvələr fəth etmək istəyi, bir tərəfdə ailəm. Bilmirəm... Hələ subay oldüğüm üçün bu barədə fikir yürütmək mənim üçün asan deyil. Amma mən ailəmə çox bağlıyam.


"Azərbaycanın bayrağını yüksəklərdə dalğalandırmaqdan, sonsuz qürur duyuram”


- Yeri gəlmişkən, ailənizdən danışaq...
- Mən Rusiyanın Kabardin-Balkar vilayətinin Çerski rayonunda doğulmuşam. Güləşlə uşaqlıqdan məşğul oluram. Ailədə altı uşağıq -3 oğlan, 3 qız. Mən ailənin ən kiciyiyəm. İdmana gəlməyimdə böyük qardaşımın rolu çoxdur. O, mənim idmançı olmağım, bu sahəyə getməyim üçün çox təkid edirdi, necə deyərlər, "dəridən-qabıqdan çıxırdı”. Yəqin ki, böyük qardaş kimi, gələcəyimi idmanda görürdü və sonunda istəyinə nail oldu. Yaşadığım rayonda güləş bölməsinə yazıldım. Hiss edirdim ki, idman məni özünə çəkir. Məşqçim bir gün mənə "Hazırlaş şəhərə gedəcəyik”, –dedi. Düzü, əvvəlcə heç nə anlamadım. Sən demə, o məni daha təcrübəli və peşəkar məşqçinin öhdəsinə verməyi məsləhət bilmişdi. Şəhərdə bir müddət güləşlə məşğul olduqdan sonra Azərbaycandan dəvət aldım. Sevinirəm ki, yunan-Roma güləşi ilə, ümumilikdə, idmanla məşğul olmaq üçün burada hər bir şərait vardır. Ölkə Prezidenti idmana və idmançılara yüksək səviyyədə diqqət və qayğı göstərir. Yerli və beynəlxalq səviyyəli yarışlarda uğur qazanan atletlərimiz dövlət tərəfindən mükafatlandırılırlar. Yunan-Roma güləşində Azərbaycanın bayrağını yüksəklərdə dalğalandırmaqdan, himnini səsləndirməkdən sonsuz qürur duyuram.


- Valideyinlərin səni idmanda olduğuna görə dəstəkləyirdilərmi?
- Atam rəhmətə gedəndə 12 yaşım var idi. O, mənim güləşlə marağlandığımı biləndə etiraz etmədi. Anam da həmçinin. Yenə də deyirəm, mənim idmana gəlməyimin əsas səbəbkarı qardaşımdır. O həmişə mənə deyirdi: "İdmanla məşğul ol, səndə mütləq alınacaq”


- İslambek, Nankində qələbə qazanacağına inanırdınmi?
- İnam öz yerində, amma belə mötəbər yarışa əvvəlcədən yaxşı hazırlaşmışdım. Nankində eyni yaşda və bərabər imkanlara malik idmançılarla tatamiyə çıxmaq üçün həm fiziki, həm də psixoloji cəhətdən özümü hazır hiss edirdim. Bu işdə, başda Nürəddin Rəcəbov olmaqla, bütün məşqçilərimin əməyi böyükdür.


- Hansı rəqiblə döyüşün sənin üçün yaddaqalan oldu?
- Rəqiblərimdən bəzisi ilə əvvəlki yarışlardan tanış idim. Bəzilərinin isə döyüşlərini izləmişdim, döyüş texnikasını əzbər bilirdim. Yarımfinal və final döyüşləri digərlərindən gərgin keçdi. Yarımfinalda rəqibim Qazaxstan təmsilçisi idi. Görüşün ilk 3-4 saniyəsində 2 bal qazandım və qarşılaşma mənim qələbəmlə başa çatdı. Final yarışında ABŞ idmancisi Meyerslə qarşı-qarşıya gəldim. Onunla dünya çempionatında güləşmişdim. ABŞ idmançısını məğlub etməyi Nankində bacardım. Meyersi mübarizədən kənarlaşdırmaq o qədər də çətin olmadı.



"Arzum Olimpiya çempionu olmaqdır”


- Həyatda ən böyük arzun nədir?
- Ən birinci arzum Olimpiya çempionu olmaqdır. İkinci arzum isə ailə qurmaqdır. Ailə mənim üçün çox müqəddəs və dəyərlidir.


- Yeri gəlmişkən, gələcək həyat yoldaşını necə görürsən?
- (gülür) Gələcək həyat yoldaşım, ilk növbədə mənə sadiq olmalıdır. Mən təbiətcə sakit insanam. Səs-küyü, dava-dalaşı sevmirəm. Ailəcanlı, həlim xasiyyətli qızlara üstünlük verirəm.


- İnsanlarda bəyəndiyin və bəyənmədiyin cəhətlər hansıdır?
- Lovğalığı və təkəbbirlüyü sevmirəm. Səmimi insanlara böyük hörmətim var. Bir müsəlman kimi, Allaha, onun əmrlərinə itaət edənləri bəyənirəm. Yalançı, sözgəzdirən insanları başa düşmürəm. Düzlüyün, həqiqətin tərəfindəyəm.




"Alın yazısına inanıram”


- Alın yazısına inanırsanmı?
- Həyat mürəkkəbdir. Bəzən görürsən ki, istedad və bacarığı olan insanlar "kölgədə” qalırlar. Bu, idmanda da belədir. Ilk baxışda hər şey var-istedad, bacarıq, zəhmət. Amma alınmır. Mən alın yazısına inanıram. Hər şey Allahın əlindədir.


- İslambek, bugünki gənclər səni qane edirmi?
- Gənclik ömrün ən gözəl çağı, insanın formalaşdığı bir dövrdür. Yaşamaq hər kəsin haqqıdır. Amma mənalı və dolğun həyat yaşamaq hər kəsə nəsib olmur. Düşünürəm ki, Azərbaycan gəncləri böyük-küçük yeri bilən, savadlı və intellektual düşüncəyə malikdirlər.


- Qəzetimizə arzuların...
- Hamıya minnətdaram. Nankində qələbə qazanmaqda mənə dəstək olan bütün insanlara təşəkkürümü bildirirəm. Ölkədə idman və Olimpiya Hərəkatının təbliğində, idmançıların uğur və nailiyyətlərinin işıqlandırılmasında özünəməxsus dəsti-xətti olan "Olimpiya dünyası” qəzetinə olimpnews.az saytına uğurlar arzu edirəm.



Səadət Zifiqızı