Bakı beynəlxalq idman tədbirinə ev sahibliyi edəcək

Bakı beynəlxalq idman tədbirinə ev sahibliyi edəcək


Azərbaycan Respublikası Atçılıq Federasiyasının dəvəti ilə Beynəlxalq Atçılıq Federasiyası Baş Assambleyanın illik iclasının dekabrın 11-dən 14-dək Bakıda keçirilməsi barədə qərar qəbul edib.
Mövcud təcrübəyə əsasən növbəti il üçün Baş Assambleyanın keçiriləcəyi şəhər və tarixlər Beynəlxalq Atçılıq Federasiyasının idarə heyətinin üzvləri tərəfindən müəyyən olunur. Ötən ilin noyabrında İsveçrənin Montrö şəhərində keçirilmiş Baş Assambleya ərəfəsində Azərbaycan Respublikası Atçılıq Federasiyasının təqdimatı bəyənilib və şəhərimiz bu cür möhtəşəm tədbirə ev sahibliyi etmək hüququnu qazanıb.
Tədbirdə iştirak etmək üçün Beynəlxalq Atçılıq Federasiyasının prezidenti Ülyahəzrətləri Haya Bint Əl Hüseyn və bu sahədə digər tanınmış nümayəndələrin ölkəmizə səfəri nəzərdə tutulub. Baş Assambleyanın iclasında federasiyanın yeni prezidentinin seçiləcəyi ilə əlaqədar tədbir beynəlxalq atçılıq ictimaiyyətinin diqqət mərkəzində olacaq. Hazırda bu vəzifəyə belçikalı İnqmar De Vos, fransalı Pier Durand, isveçrəli Pier Genesand, danimarkalı Ulf Helqstrand, britaniyalı Con Mak İven və ispaniyalı Xavier Revuelta Del Peralın namizədlikləri irəli sürülüb. Namizədlərdən britaniyalı Con Mak İven Beynəlxalq Federasiyanın vitse-prezidenti, İnqmar De Vos isə baş katibidir.
İclasda iştirak üçün 350-dən çox nümayəndə qeydiyyatdan keçib. Bu, indiyədək keçirilmiş Baş assambleyalar tarixində rekord göstəricidir.
Dekabrın 14-də "Buta Palace”da Beynəlxalq Atçılıq Federasiyası və Azərbaycan Respublikası Atçılıq Federasiyası tərəfindən tədbirin qala gecəsi təşkil olunacaq. Gecədə ilin ən yaxşı idmançısı, məşqçisi, mehtəri, komandası, gənc idmançısı və s. nominasiyalar üzrə mükafatlar təqdim ediləcək.