Fərid Qayıbov: “Gimnastlarımızın Avropa Oyunlarına hazırlığı yüksək səviyyədə həyata keçirilir”

Fərid Qayıbov: “Gimnastlarımızın Avropa Oyunlarına hazırlığı yüksək səviyyədə həyata keçirilir”


Gimnastika ölkəmizdə kifayət qədər populyarlığa malikdir. Son illər idmanın bu növü yüksək sürətlə inkişaf edib. Azərbaycan Gimnastika Federasiyasının prezidenti (AGF) Mehriban xanım Əliyevanın səmərəli və məqsədyönlü fəaliyyəti nəticəsində gimnastika respublikamızda çox populyarlaşmış, uşaq, yeniyetmə və gənclərin gimnastika növləri üzrə bölmələrə axını artmışdır. Gimnastikanın maddi-texniki bazasının gücləndirilməsi, kadr islahatlarının aparılması sayəsində bu sahədə uğurlar qazanılıb. Azərbaycan Gimnastika Federasiyasının rəhbərliyi gimnastikanın inkişafı, kütləviliyi üçün paytaxtla yanaşı, respublikamızın ayrı-ayrı bölgələrində də fəaliyyətini genişləndirir. İndiyə qədər AGF-in dəstəyi ilə Sumqayıt, Naxçıvan, Şırvan, Balakən, Kürdəmir, İsmayıllı, Ağdaş, Gəncə, Xırdalan, Qusar, Göyçay və İsmayıllıda gimnastika bölmələri istifadəyə verilib. Gimnastika yarışları təkcə Bakıda deyil, eyni zamanda, Bakı ətrafı qəsəbələrdə və bölgələrdə inşa olunan Olimpiya idman komplekslərində də keçirilir. Məhz bu cür yarışlar yeniyetmə gimnastlara təcrübə qazandırır, onların müxtəlif beynəlxalq turnirlərdə əldə etdikləri nailiyyətlərin əsasını təşkil edir.
Qeyd edək ki, ölkəmizin bu sahədə beynəlxalq əlaqələri yüksək səviyyədədir.
Paytaxtımızda indiyədək bədii gimnastika üzrə bir sıra Avropa və dünya səviyyəli mötəbər yarışlar təşkil olunub. İyun ayında paytaxtımızda keçirilən bədii gimnastika üzrə XXX Avropa çempionatının yüksək səviyyəli təşkili bu növün ölkəmizdə inkişafını bir daha nümayiş etdirdi. Yeni inşa olunan Milli Gimnastika Arenasında təşkil olunan yarışda 33 ölkədən 200-dən artıq gimnast mübarizə apardı.
Heç də təsadüfi deyil ki, gimnastlarımız ildən-ilə öz uğurlarını artırırlar. Əvvəlki illərlə müqayisədə bu növdə qazanılan medalların sayı artmaqdadır. Ümumiyyətlə, gimnastlarımız son illər ərzində iştirak etdikləri yarışlarda öz sözlərini layiqincə deyiblər. Əldə olunan uğurlar göstərir ki, gimnastikanın inkişafına göstərilən diqqət və qayğı öz bəhrəsini verməkdədir. Qeyd edək ki, 2014-cü ildə keçirilən yarışlarda gimnastlarımız 114 medal qazanıblar ki, bunlardan 42-si qızıl, 30-u gümüş, 42-si bürünc medaldır.
Dekabrın 11-12-də Milli Gimnastika Arenasında bədii gimnastika üzrə Azərbaycan birinciliyi, Bakı çempionatı və "Bölgələrarası kubok” yarışı keçirildi. AGF tarixində ilk dəfə keçirilən "Bölgələrarası kubok”da 13 klubun nümayəndələri mübarizə apardılar. Onların arasında paytaxt gimnastları ilə yanaşı, Göyçay, Kürdəmir, Qusar, Sumqayıt və Xırdalan təmsilçiləri də var idi. Ümumilikdə yarışda 122 gimnast çıxış edirdi.
Qeyd edək ki, Azərbaycan Gimnastika Federasiyasının qarşısında dayanan əsas məqsəd gələn il Bakıda təşkil olunacaq I Avropa Oyunları və 2016-cı ildə Rio-de Janeyroda keçiriləcək yay Olimpiya oyunlarına yüksək səviyyədə hazırlaşmaqdır.
Bugünlərdə Azərbaycan Gimnastika Federasiyasının baş katibi Fərid Qayıbovla görüşərək, son illər əldə olunan uğurlar, qarşıdakı planlar, Bakı-2015-ə hazırlıqla bağlı fikirlərini öyrəndik.

- Fərid müəllim, Azərbaycanda gimnastika idman növünün son illərdəki inkişafını necə qiymətləndirirsiniz?
- Digər idman növlərində olduğu kimi, gimnastika idman növünə də ölkəmizdə dövlət səviyyəsində yüksək diqqət və qayğı göstərilir.
Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi altında gimnastikanın inkişafı üçün hərtərəfli şərait yaradılıb. Gimnastlarımız mötəbər yarışlarda iştirak edir, uğurla nəticələr qazanırlar. Paytaxtımızda ən mötəbər yarışlar təşkil olunur. Hazırda gimnastika üzrə bölmələrə kütləvi axın var. Xüsusilə bədii gimnastika ilə məşğul olanların sayı çoxdur. Paytaxtımızda ən müasir tələblərə cavab verən Milli Gimnastika Arenası istifadəyə verildikdən sonra gimnastika növü ilə məşğul olanların sayı daha da artıb. Burada gimnastikanın bütün növlərində məşq etmək üçün yüksək səviyyəli şərait yaradılıb. Əlbəttə, kəmiyyət artdıqca, idmançılar yetişdikcə, keyfiyyət də artmağa başlayır. Qeyd edim ki, Azərbaycan Gimnastika Federasiyası tərəfindən bu növün bölgələrdə inkişafı üçün də şərait yaradılır. Artıq bir neçə bölgədə bədii gimnastika üzrə bölmələr fəaliyyət göstərir. Həmin bölmələrdə müxtəlif sayda uşaqlar təcrübəli məşqçilərin rəhbərliyi altında gimnastikanın sirlərinə yiyələnirlər. Bunun nəticəsində bölgələrdə ehtiyat qüvvə yaranmaqdadır və bu, sevindirici haldır. Çünki bölgələrdə yetişən perspektivli gimnastlar nə vaxtsa yığma komandada öz yerlərini tutacaqlar.


- Yeri gəlmişkən, bugünlərdə bədii gimnastika üzrə Azərbaycan birinciliyi və Bakı çempionatı ilə yanaşı, ilk dəfə "Bölgələrarası kubok” yarışları da keçirildi.
- Bu, ilin son yarışı idi. Budəfəki yarışın təşkilində əsas yenilik "Bölgələrarası kubok”un keçirilməsi oldu. "Bölgələrarası kubok”un təşkilində əsas məqsəd bölgə təmsilçilərini fərqləndirmək, onlarda bu növə olan həvəsi daha da artırmaq idi. Qeyd edim ki, rayon təmsilçilərinin paytaxt gimnastları ilə mübarizə aparması bir qədər çətindir. Çünki onların təcrübəsi azdır. Gimnastların peşəkarlıq səviyyələrinin artırılması məqsədilə Azərbaycan Gimnastika Federasiyası tərəfindən mütəxəssislər mütəmadi olaraq bölgələrə ezam olunurlar. Bu yarışda iştirak bölgə təmsilçilərinin təcrübələrinin artırılmasına, gimnastikanın inkişafına daha da təkan verəcək. Budəfəki yarışı başlanğıc olaraq 8-10 yaşlı gimnastlar arasında keçirdik. Kubokda Xırdalan, Qusar, Kürdəmir, İsmayıllı rayonlarının gimnastları daha çox fəallıq nümayiş etdirdilər.

Qeyd edim ki, "Bölgələrarası kubok”un qalibi olan Xırdalan şəhərinin "Zirvə” klubunun təmsilçisi Azərbaycan birinciliyində ikinci yeri tutub. Bu o deməkdir ki, bölgə idmançıları paytaxt gimnastları ilə rəqabətə girirlər. Əsas məqsədimiz onları paytaxt idmançıları səviyyəsinə çatdırmaqdır.

- Fərid müəllim, hazırda ölkə idman ictimaiyyətinin diqqəti 2015-ci ildə Bakıda keçiriləcək birinci Avropa Oyunlarına yönəlib. Avropa Oyunlarında gimnastikanın 6 növü üzrə yarışlar keçiriləcək. Bununla bağlı hazırlıq işləri necə gedir?
- Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi altında gimnastlarımızın Avropa Oyunlarına hazırlığı yüksək səviyyədə həyata keçirilir.
İdmançılarımız yarışlara ciddi hazırlaşırlar. Komandanın Avropa Oyunlarında yüksək səviyyədə çıxışı üçün lazımi işlər həyata keçirilir. Mart ayında Avropa Oyunları Təşkilat Komitəsi tərəfindən gimnastika üzrə açıq Azərbaycan çempionatının keçirilməsi planlaşdırılır. Bu çempionat Avropa Oyunlarına hazırlıq və sınaq məsqədi daşayacaq. Qeyd edim ki, Avropa Oyunları çərçivəsində eyni vaxtda gimnastikanın 6 növü (aerobik və akrobatik gimnastika, kişi və qadın idman gimnastikası, bədii gimnastika və batut) üzrə yarışların keçirilməsi tamaşaçıların da böyük marağına səbəb olacaq. İndiyədək bu formatda yarışlar nə Avropa və dünya çempionatlarında, nə də Olimpiya oyunlarında təşkil edilməyib. Akrobatika və aerobika idman növləri Olimpiya oyunlarının proqramında yer almayıb. Amma bu növ Avropa Oyunlarının proqramına salınıb. İdman gimnastikası üzrə kişi və qadınlar arasında yarışların eyni vaxtda keçirilməsi qərara alınıb. Bədii gimnastika və akrobatika, həmçinin batut və aerobika yarışları da eyni gündə qarışıq şəkildə keçiriləcək. Yarışların bu cür formatda keçirilməsi mübarizəni daha da maraqlı və rəngarəng edəcək. Federasiyada hər bir idman növü üzrə yığma komandanın hazırlığına xüsusi diqqət yetirilir.

Proqramda yer alan 3 idman növü bizdə yenidir. Bu növlərdə qısa müddət ərzində yüksək səviyyəli idmançı yetişdirmək bir qədər çətindir. Buna görə də bəzi növlərdə legionerlərdən istifadə olunacaq. Artıq bir sıra yarışlarda legionerləri sınaqdan keçirmişik. Qadın idman gimnastikasında formata görə 3 idmançı çıxış edə bilər. Bu növ üzrə idmançılarımız milli komandaya cəlb olunublar. Həmin idmançılarımız yığmamızın tərkibində Avropa və dünya çempionatlarında çıxış ediblər. Bu növdə gimnastlarımızın medal qazanacaqlarına ümidlərimiz var. Kişi idman gimnastikası da çətin idman növüdür. Burada idmançının zədə almaq ehtimalı yüksəkdir. Hazırda yığmamızın bir neçə üzvü zədəlidir. Bu növdə də, yəqin ki, legionerlərin köməyinə ehtiyac duyulacaq. Batut idman növündə 2 qadın və 2 kişi idmançı ilə iştirak edəcəyik. Akrobatika növündə idmançılarımız qarışıq cütlüklərin yaraşında və qadınların qrup hərəkətlərində çıxış edəcəklər. Bədii gimnastika üzrə fərdi növlərdə iki idmançının və qrup hərəkətləri üzrə yığma komandanın çıxışı nəzərdə tutulub. Aerobika növündə 6 idmançımız qrup hərəkətləri və qarışıq cütlüklərin yarışında qüvvələrini sınayacaqlar. İdmançıların seçimi ilə bağlı son qərar mart ayında elan olunacaq.

- Fərid müəllim, Avropa Oyunlarında gimnastika üzrə neçə medala ümid bəsləyirsiniz?
- Təbii ki, hər bir ölkə kimi, biz də istərdik ki, Avropa Oyunlarında medal qazanaq. Sadəcə olaraq, bəzi idman növlərində şansımız çox, bəzilərində isə bir qədər azdır. Avropa Oyunlarına kimi bəzi növlərdə gimnastlarımız mötəbər yarışlarda iştirak edəcəklər. İdman gimnastikası üzrə kişi və qadınlar arasında Avropa və dünya çempionatı, bədii gimnastika üzrə aprel ayında Avropa çempionatı keçiriləcək. Bu yarışlarda və ölkədaxili yarışlarda idmançılarımızı bir daha sınaqdan keçirəcəyik. Aerobika idman növündə medal iddiasında olmasaq da, idmançılarımızdan yaxşı çıxış gözləyirik. Digər növlərdə isə gimnastlarımızın medalçılar sırasında yer alma ehtimalı daha yüksəkdir. Əlbəttə ki, medalların qazanılması idmançıların hazırlıq səviyyəsindən, psixoloji durumundan da asılı olacaq. Ölkəmizdə gimnastika idman növləri ilə məşğul olmaq üçün hər cür şərait yaradılıb. İdmançılarımızın yaşayışı, qidalanmaları, həkim nəzarətindən keçmələri üçün bütün imkanlar mövcuddur. İnanıram ki, gimnastlarımız I Avropa Oyunlarında onlara bəslənilən ümidləri doğruldacaqlar.
Aysel Sultanova,
Türkay Niftəliyeva