VOLEYBOL
Kişi voleybolçuların Yüksək Liqasında pley-off həyəcanı başladı
Kişi voleybolçular arasında Yüksək Liqada pley-off mərhələsinə start verilib.
Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, aprelin 16-da Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində keçirilən yarımfinal oyunları maraqlı və gərgin anlarla yadda qalıb.
İlk qarşılaşmada "Murov Az Terminal" komandası "Neftçi" üzərində inamlı qələbə qazanıb – 3:0 (25:20, 25:19, 27:25). Görüş boyunca üstün oyun nümayiş etdirən "Murov Az Terminal" seriyada ilk qələbəsini rəsmiləşdirib.
Günün ikinci oyunu isə "Azərreyl" və "Xilasedici" kollektivləri arasında baş tutub. Burada da hesab dəyişməyib – "Azərreyl" rəqibini 3:0 (25:22, 25:18, 25:23) hesabı ilə məğlub edərək finala bir addım da yaxınlaşıb.
Yarımfinal mərhələsi iki qələbəyədək davam edəcək. Komandalar arasında növbəti qarşılaşmalar aprelin 18-də keçiriləcək. Əgər seriyada bərabərlik yaranarsa və komandalar hərəyə bir qələbə əldə edərlərsə (xal fərqi də bərabər olarsa), o zaman finala vəsiqə qazanan kollektiv "Qızıl set"də müəyyənləşəcək.
Paylaş :