13:40 17-05-2025
69
Bakıda autizmli uşaqların cəmiyyətə inteqrasiyası məqsədilə festival keçirilib - FOTO
Mayın 17-də paytaxtın Fəvvarələr meydanında Gənclər və İdman Nazirliyinin dəstəyi, Azərbaycan Autizm Assosiasiyası və Azfest Qrupun təşkilatçılığı ilə V Autizm Festivalı keçirilib.
Olimpnews.az xəbər verir ki, festivalın keçirilməsində məqsəd autizm spektr pozuntusu olan uşaqların cəmiyyətə inteqrasiyası yolunda görülən işləri nümayiş etdirməkdən ibarət olub.
Festivalın rəsmi hissəsində dövlət rəsmiləri, Milli Məclisin deputatları və tanınmış ictimai xadimlər iştirak ediblər.
Tədbirin rəsmi hissəsində çıxış edən Azərbaycan Autizm Assosiasiyasının sədri Elnur Məmmədli ənənəvi festivalın V dəfə təşkil olunduğunu diqqətə çatdırıb. Festivalın məqsədləri barədə danışan qurum rəsmisi iştirakçıların hər birinə uğurlar arzulayıb.
Türk Dövlətləri Autizm Federasiyasının fəxri prezidenti, millət vəkili Vüqar İsgəndərov çıxışında festivalın keçirilməsinə görə təşkilatçılara minnətdarlığını bildirib. O, cəmiyyətimizdə autizm spektri ilə bağlı maarifləndirmə işlərinin daha da artırılmasının vacibliyini önə çəkib.
Tədbirdə çıxış edən millət vəkili Aydın Mirzəzadə Azərbaycan Autizm Assosiasiyasının bu sahədə gördüyü işlərin təqdirəlayiq olduğunu qeyd edərək autizmli fərdlərin cəmiyyətə inteqrasiyası üçün belə təşəbbüslərin mühüm rol oynadığını deyib.
Tədbirdə istedadlı və yaradıcı uşaqların iştirak etdiyini qeyd edən millət vəkili onlara göstərilən diqqət və qayğıya görə hər kəsə minnətdarlığını bildirib.
Millət vəkili Azər Allahverənov isə bu istiqamətdə çalışan cəmiyyətlərin bir-biri ilə yaxın təmasda əməkdaşlıq etmələrinin vacibliyini qeyd edib.
O, Autizm Festivalının cəmiyyət üzvlərinin əl işləri və uğurlarını nümayiş etdirməsi baxımından əhəmiyyətini vurğulayıb. Bildirib ki, hər il festivala yeni mərkəzlər qoşulur. Festival çərçivəsində əldə olunan bilik və bacarıqlar iştirakçıların tanıdılmasına, həmçinin gələcək uğurlarına zəmin yaradır.
Qeyd edək ki, festivalda ölkə üzrə fəaliyyət göstərən autizm mərkəzləri bir araya gəlib. Burada autizmli uşaqların əl işləri, təlimçilərin reabilitasiya proqramları nümayiş olunub.
Tədbirdə autizmli uşaqlar və onların ailələri də fəal iştirak ediblər. Festival, həmçinin bu kateqoriyadan olan şəxslərin bacarıqlarının nümayiş etdirilməsi və onların sosial həyatda fəal iştirakına dəstək göstərilməsi baxımından mühüm əhəmiyyət daşıyıb.

















