22:11 25-06-2025
50
“Santiaqo Bernabeu” - “Real”ın qızıl məbədi
Madrid klubu bu stadiondan necə olur ki, milyonlar qazanır?
İspaniyanın nəhəng futbol klubu olan “Real Madrid” yalnız yaşıl meydanlardakı uğurları ilə deyil, həm də maliyyə strategiyası ilə gündəmdə qalır. Kluba məxsus “Santiaqo Bernabeu” stadionu yenidənqurmadan sonra, hazırda təkcə futbol oyunlarının keçirildiyi bir məkandan əlavə, eyni zamanda böyük gəlir mənbəyidir.
Son məlumatlara görə, “Real Madrid” klubu “Santiaqo Bernabeu” stadionundan təkcə bir gün ərzində 1 milyon dollara yaxın gəlir əldə edir. Bu rəqəm illik hesablama ilə təxminən 354 milyon ABŞ dolları deməkdir. Maraqlıdır ki, bu məbləğ bəzi məşhur futbolçuların transfer dəyərini belə, geridə qoyur.
Futboldan kənar gəlir mənbələri
Əldə olunan gəlirin böyük hissəsi yalnız oyun günü satılan biletlər və atributlar vasitəsilə deyil, stadionun çoxfunksiyalı kommersiya platformasına çevrilməsi ilə təmin edilir. Arenada təşkil olunan konsertlər, sərgilər, korporativ tədbirlər, stadion turları, eləcə də VIP zonaların kirayəsi bu gəlir modelinin əsasını təşkil edir.
Stadionun yenilənməsi çərçivəsində dam örtüyü tamamilə qapalı vəziyyətə gətirilib və transformasiya olunan sahələr müxtəlif tədbirlərin keçirilməsi üçün uyğunlaşdırılıb. Bu da “Santiaqo Bernabeu”nun ilboyu davamlı gəlir mənbəyinə çevrilməsini təmin edir.
Klubun yeni dövr strategiyası
“Santiaqo Bernabeu” stadionu idman arenası kimi Madrid “Real”ının iqtisadi sabitliyini və maliyyə müstəqilliyini təmin edən əsas sütunlardan birinə çevrilib. Klubun rəhbərliyi gələcəkdə bu sistemin daha da genişləndirilməsini və stadionun “dünya səviyyəli kommersiya mərkəzi” kimi fəaliyyətini davam etdirməsini planlaşdırır.
Mütəxəssislər bu strategiyanı “daha az xərclə daha çox qazanmaq” prinsipi ilə dəyərləndirir. Klubun stadion gəlirlərindən əldə etdiyi vəsait, potensial transferlərdə rəqiblərindən geri qalmamaq üçün ciddi üstünlük kimi qiymətləndirilir.
Gələcəyin stadion modeli: Futbol arenasından iqtisadi platformaya
“Real Madrid”in uğuru təkcə idman meydanları ilə məhdudlaşmır. Klubun “Santiaqo Bernabeu” stadionunu kommersiya mərkəzinə çevirməsi həm maliyyə azadlığını gücləndirib, həm də futbolun biznes tərəfinə yeni bir nəfəs verib. Bu model yalnız oyun günləri ilə kifayətlənməyən, ilboyu fasiləsiz gəlir gətirən, müxtəlif tədbirlərlə iqtisadi dövriyyəyə xidmət edən müasir yanaşmadır.
Maraqlıdır, bəs görəsən bu təcrübə Azərbaycanda da tətbiq oluna bilərmi? Bakı Olimpiya Stadionu, Tofiq Bəhramov adına Respublika Stadionu və ya digər yeni idman arenaları da bu cür gəlir mənbəyinə çevirmək mümkündür?
Azərbaycanda idman infrastrukturu son illərdə əhəmiyyətli dərəcədə inkişaf edib. Ancaq bu obyektlərin tam potensialdan istifadəsi üçün sadəcə oyun meydanı olmaqdan çıxıb, çoxfunksiyalı mərkəzlərə çevrilməsi zərurəti yaranmalıdır.
Bəlkə də bir gün paytaxtımızdakı stadionlar da təkcə idman yarışları ilə deyil, həm də beynəlxalq konsertlər, sərgilər, forumlar və digər böyük tədbirlərlə dünya gündəminə çıxacaq. Axı futbol artıq təkcə oyun deyil, həm də biznesdir.
Türkay Niftəliyeva

