23:52 23-07-2025
135
Skopye-2025: Azərbaycan idmançıları günü 3 medalla başa vurdular - GÜNÜN NƏTİCƏLƏRİ
Skopye-2025 XVIII Avropa Gənclər Yay Olimpiya Festivalının üçüncü yarış gününə yekun vuruldu.
Olimpnews.az xəbər verir ki, bu gün Azərbaycanın 19 idmançısı 8 (cüdo, taekvondo, üzgüçülük, atletika, idman gimnastikası, dağ velosipedi, stolüstü tennis, güllə atıcılığı) idman növündə mübarizə aparıb. Yarışların ikinci günündə Azərbaycan idmançıları EYOF-2025-in daha 3 (2 gümüş, 1 bürünc) medalını komandamızın aktivinə yazdırıblar
Komandamızın nəticələrini təqim edirik:
Cüdo
Bu gün Şimali Makedoniyanın paytaxtı Skopyedə keçirilən XVIII Avropa Gənclər Yay Olimpiya Festivalının cüdo yarışlarının ikinci gününə yekun vurulub. Növbəti üç cüdoçumuzun mübarizəyə başladığı festivalın ikinci günü də komandamız üçün yaddaqalan olub. Belə ki, təmsilçilərimizdən Nuranə Hacızadə (-48 kq) və Zeyd Ələsgərov (-60 kq) gümüş medala yiyələnib. -52 kq çəki dərəcəsində çıxış edən Aysun Məmmədova isə üçüncü yer uğrunda görüşdə fransalı Alis Lopezə ipponla qalib gələrək bürünc medala sahib çıxıb.
Xatırladaq ki, ilk yarış günündə cüdoçularımızdan Gülşən Hüseynova (-44 kq), Rza Xəlilli (-50 kq) və Rəsul Əlizadə (-55 kq) bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanmışdı. Aktivində 3 qızıl, 2 gümüş və 1 bürünc olmaqla 6 medal olan Azərbaycan millisi cüdo yarışlarında ümumi komanda hesabında liderdir.
Fərdi yarışların növbəti günlərində komandamızın daha 6 (3 oğlan, 3 qız) idmançısı mübarizə aparacaq.
Taekvondo
Bu gün XVIII Avropa Gənclər Yay Olimpiya Festivalı çərçivəsində keçirilən taekvondo yarışlarına da start verilib.
İlk yarış günündə üç idmançımız mübarizəyə başlayıb. Təmsilçilərimizdən Mehdi Budaqlı (48 kq) ilk mərhələdə rəqib görüşə çıxmadığına görə qalib elan edilib. Dünya və Avropa çempionumuz 1/16 finalda isə ermənistanlı Sergey Davtyana qalib gələrək növbəti mərhələyə vəsiqə qazanıb.
Lakin taekvondoçumuzun 1/8 finalda türkiyəli Altuq Keskeyə məğlub olaraq Skopye-2025-i medalsız başa vurub. Komandamızın digər üzvlərindən Humay Dadaşova (49 kq) və Xuraman Cavadzadə (44 kq) 1/32 finalda məğlub olaraq EYOF-2025-də çıxışını başa vurub.
Komandamızın xanım bayraqdarı Humay Dadaşova (49 kq) 1/32 finalda xorvatiyalı Dora Radikə məğlub olub. Digər idmançımız Xuraman Cavadzadə (44 kq) isə Vircinia Lampisə (İtaliya) uduzaraq festivaldakı çıxışı yekunlaşdırıb.
Stolüstü tennis
Şimali Makedoniyada XVIII Avropa Gənclər Yay Olimpiya Festivalı çərçivəsində keçirilən stolüstü tennis yarışları davam edir.
Bu gün komandamızın üzvü Uğur Nəzərli festivalda növbəti görüşünə çıxıb. Serbiyalı David Kalanda ilə qarşılaşan idmançımız rəqibinə 3:0 (11:8, 11:7, 11:7) hesabı ilə məğlub olub.
O, bu gün növbəti görüşünü rumıniyalı Robert İstrateyə qarşı keçirib. Digər stolüstü tennisçimiz Şəbnəm Mansurova isə festivalın üçüncü oyununda bolqarıstanlı Nina Nikolova ilə qarşılaşıb. Görüş rəqib idmançının 3:0 (11:4, 11:6, 11:9) hesablı qələbəsi ilə yekunlaşıb.
İdman gimnastikası
Bu gün Xorvatiyanın Osiek şəhərlərində XVIII Avropa Gənclər Yay Olimpiya Festivalı çərçivəsində gimnastika yarışlarının ikinci gününə yekun vurulub.
İdman gimnastikası üzrə fərdi yarışlarda Albina Əliyeva dayaqlı tullanma növündə 12.900 xalla 8-ci yerə layiq görülüb. Bununla da o, finala vəsiqə qazanıb. Final görüşləri 25 iyulda baş tutacaq. Digər gimnastlar isə fərdi çıxışları medalsız başa vurublar.
Komanda yarışlarında Albina Əliyeva 45.900 xalla 37-ci, Aynaz Məcidzadə 43.550 xalla 67-ci, Leyla Məmmədzadə isə 28.150 xalla 98-ci sırada yer alıb. Komanda hesabında gimnastlarımız 19-cu yerə layiq görülüblər. Bununla da gimnastlar komanda yarışlarını medalsız başa vurublar.
Üzgüçülük
Bu gün təmsilçimiz Vlastilina Xasyanova XVIII Avropa Gənclər Yay Olimpiya Festivalı çərçivəsində qızların 200 metr məsafəyə sərbəst üsulla üzgüçülük yarışında iştirak edib. O, 2:15:60 saniyə nəticə göstərərək növbəti mərhələdən kənarda qalıb.
Bu gün həmçinin qızların 100 metr məsafəyə batterflay yarışları da keçirilib. Azərbaycan təmsilçisi Mehri Əbdürəhmanlı bu məsafə üzrə yarışlarda növbəti mərhələ üçün vəsiqəni əldən verib. 35 qız üzgüçünün mübarizəsində o, çıxışını 30-cu yerdə tamamlayıb - 1:07.10.
Atıcılıq
Şimali Makedoniyada Skopye-2025 çərçivəsində keçirilən güllə atıcılığı yarışları davam edir. Bu gün komandamızın üzvü Oleq Kerjankin 10 metr məsafəyə pnevmatik tapançadan solo yarışlarda mübarizə aparıb. 15 xalla 20-ci pillədə qərarlaşan idmançımız növbəti mərhələyə vəsiqə qazana bilməyib.
Bu gün eyni zamanda 10 metr məsəfəyə pnevmatik tapanca ilə qızların solo yarışı da start götürüb. 23 iştirakçı arasında ölkəmizi təmsil edən Leyli Əliyeva mərhələ səddini keçə bilməyib. Birinci mərhələni 15 xalla keçən idmançımız ikinci mərhələdə 28 xal toplayıb. Bu nəticə ilə o, təsnifatı altıncı pillədə tamamlayaraq finala vəsiqə qazanmaq şansını itirib.
Atletika
XVIII Avropa Gənclər Yay Olimpiya Festivalı çərçivəsində keçirilən atletika yarışları davam edir.
Atletimiz Həmid Nəbiyev bu gün növbəti mübarizəsinə başlayıb. O, təsnifat mərhələsində 200 metr məsafəyə qaçışda 22.77 saniyə nəticə göstərib. Bu, təmsilçimizin yarımfinala vəsiqə qazanması üçün kifayət etməyib.
Qızların 200 m məsafəyə qaçış yarışında isə Safiya Kərimova ölkəmizi təmsil edib. İdmançımız 27.76 saniyə göstərici ilə növbəti mərhələdən kənarda qalıb.
Dağ velosipedi
Bu gün Skopye-2025 XVIII Avropa Gənclər Yay Olimpiya Festivalı çərçivəsində Kumanovada dağ velosipedi üzrə yarışlar da keçirilib. Qitənin 27 gənc qız velosipedçisinin mübarizəsində ölkəmizi təmsil edən Marina Akimova yarışı 26-cı yerdə tamamlayıb. Oğlanların mübarizəsində 34 iştirakçı arasında yer alan velosipedçimiz Əli Zeynalzadə isə festivaldakı çıxışını 29-cu pillədə başa vurub.
























