23:55 25-07-2025
94
Skopye-2025: Azərbaycan komandası üçün tarixi gün - GÜNÜN NƏTİCƏLƏRİ
Skopye-2025 XVIII Avropa Gənclər Olimpiya Festivalının beşinci yarış günü Azərbaycan komandası üçün əlamətdar nəticələrlə yadda qalıb. Təmsilçilərimiz 6 idman növündə iştirak etdiyi yarışların beşinci günündə daha üç (1 gümüş, 2 bürünc) medalı komandamızın aktivinə yazdırıblar. Qazanılan medallar güllə atıcılığı, cüdo və taekvondo növlərində olub. Bu medallardan ikisi komandamız üçün daha əlamətdardır. Belə ki, təmsilçilərimiz bu günə qədər EYOF tarixində atletika və taekvondo yarışlarında ilk medalı olub. Buna qədər isə komandamızın əsas medalları cüdo, atletika, güləş və idman gimnastikası növlərində qazanılmışdı. .
Skopyedə keçirilən XVIII Avropa Gənclər Yay Olimpiya Festivalı Azərbaycanın gənc idmançıları üçün uğurla davam edir. Festivalın beşinci yarış günü yığma komandamız üçün xüsusilə yaddaqalan nəticələrlə əlamətdar olub. İyulun 25-də təmsilçilərimiz 6 idman növündə mübarizə apararaq, üç medal - 1 gümüş və 2 bürünc mükafatla ölkəmizin aktivinə növbəti uğurları əlavə ediblər. Bununla da komandamızın Skopye-2025-də qazandığı medalların sayı 10-a (3 qızıl, 3 gümüş, 4 bürün) çatıb. Azərbaycan idmançıları gün ərzində güllə atıcılığı, cüdo və taekvondo yarışlarında fəxri kürsüyə yüksəliblər. Qazanılan medallardan ikisi idman tariximiz üçün xüsusi əhəmiyyət kəsb edir. Belə ki, atletika və taekvondo üzrə əldə edilən nəticələr Azərbaycanın EYOF tarixində bu növlərdə ilk medalları kimi qeydə alınıb. Bu günədək yığmamızın əsas medal ümidləri cüdo, güləş, atletika və idman gimnastikası növlərində olub.
Komandamızın bugünkü nəticələrini təqdim edirik:
Atıcılıq
Azərbaycan komandası festivalda günün ilk medalını atıcılıq idman növündə qazanıb. Güllə atıcılığı üzrə təmsilçilərimiz Leyli Əliyeva və Oleq Kerjankin 10 metr məsafəyə pnevmatik tapançadan duet yarışında yüksək nəticə göstərərək yarışın gümüş medalına layiq görülüb. Gənc idmançılarımız ilkin mərhələdə ən yüksək nəticə ilə çıxış edərək finala birinci olaraq vəsiqə qazanıblar və bu nəticə ilə Avropa rekordunu müəyyən ediblər. Gərgin mübarizə şəraitində keçən final mərhələsində isə Leyli Əliyeva və Oleq Kerjankin 2-ci yeri tutaraq yarışın gümüş medalına sahib olublar.
Cüdo
Avropa Gənclər Olimpiya Festivalı çərçivəsində keçirilən cüdo üzrə fərdi yarışlara yekun vurulub. Fərdi yarışların son günündə Azərbaycan komandasının iki idmançısı Sübhan Axundov (+90 kq) və Zemfira Əliyeva (+70 kq) tatami üzərinə çıxıb. Təmsilçilərimizdən Sübhan Axundov üçüncü yeri tutaraq Azərbaycan komandasına 9-cu medalı qazandırıb.
Mübarizəyə 1/8 finaldan başlayan idmançımız italiyalı Miçel Koriska üzərində texniki qələbə qazanıb. Lakin o, növbəti mərhələdə fransalı Azriel Dekenne Diffoya məğlub olub. Bürünc medal uğrunda təsəlliverici görüşlərdə iştirak edən Sübhan Axundov Beynəlxalq Olimpiya Komitəsinin bayrağı altında çıxış edən Danil Lukaşeviçə və Bosniya və Hesroqovina idmançısı Nikola Lubra qalib gəlib. Həlledici görüşdə çexiyalı Meliçar Skodanı da üstələyən idmançımız bürünc medala sahib olub.
Qeyd edək ki, komandamızın digər üzvü Zemfira Əliyeva (+70 kq) isə ilk mərhələdə Maxaela Hoelvarta məğlub olaraq yarışları mükafatsız başa vurub.
Beləliklə, Azərbaycan komandası Şimali Makedoniyanın paytaxtı Skopyedə keçirilən XVIII Avropa Gənclər Olimpiya Festivalının cüdo yarışlarını 8 medalla tamamlayıb. Azərbaycan millisi yekunda 3 qızıl, 2 gümüş və 3 bürünc medalla ümumi komanda hesabında Festivalın cüdo yarışlarının çempionu olub.
Qeyd edək ki, EYOF-2025-də daha əvvəl cüdoçularımızdan Gülşən Hüseynova (-44 kq), Rza Xəlilli (-50 kq), Rəsul Əlizadə (-55 kq) qızıl, Nuranə Hacızadə (-48 kq), Zeyd Ələsgərov (-60 kq) gümüş, Aysun Məmmədova (-52 kq) və Məhəmməd Ağakişiyev (-73 kq) bürünc medal qazanıb.
Taekvondo
Skopye-2025 çərçivəsində keçirilən taekvondo yarışlarına yekun vurulub. Yarışların son günü komandamız üçün əlamətdar olub. Belə ki, təmsilçimiz Yunis Hüseynov 73 kq çəki dərəcəsində festivalın bürünc medalına sahib çıxıb. Mübarizəyə 1/16 finaldan başlayan idmançımız ardıcıl olaraq Enes Duşku (Monteneqro), İlias Lauçi (Belçika) və Eravan Quilleti (Fransa) məğlub edərək yarımfinala yüksəlib və ən azı bürünc medalı təmin edib. Lakin yarımfinalda türkiyəli Buqra Coşqungönülə uduzan idmançımız festivalı bürünc medalla başa vurub.
Son yarış günündə mübarizə aparan digər idmançımız Elcan Əliyev (+73 kq) serbiyalı Nikola Vitkoviç və norveçli Martin Romundset Nilseni üstələyərək növbəti mərhələyə vəsiqə qazanıb. Lakin taekvondoçumuz yarımfinala vəsiqə uğrunda görüşdə İspaniya təmsilçisi İvan Lisenkoya məğlub olaraq çıxışını medalsız yekunlaşdırıb
Gimnastika
İyulun 25-də Xorvatiyanın Osiek şəhərlərində XVIII Avropa Gənclər Yay Olimpiya Festivalı çərçivəsində gimnastika yarışlarının final mərhələsi keçirilib. İlk turda idman gimnastikası üzrə fərdi çıxışlarda dayaqlı tullanma növü üzrə 12.900 xalla 8-ci yerə layiq görülən Albina Əliyeva finala yüksəlib. Təmsilçimiz finalda fərdi çıxışlarda dayaqlı tullanma növü üzrə 12,266 xal toplayaraq festivalı medalsız başa vurub.
Atletika
İyulun 25-də keçirilən atletika yarışlarında komandamızın üzvü Əmir İsmayılov da iştirak edib. Təmsilçimiz uzunluğa tullanma növündə mübarizə aparıb. Təsnifat mərhələsində 6.58 m nəticə göstərən idmançımız 15-ci olub. Bu nəticə atletimizin finala vəsiqə qazanması üçün kifayət etməyib.
***
Bu gün atletika üzrə oğlanlar arasında qarışıq məsafəli estafet qaçışı üzrə yarışlar da keçirilib. Yarışda iştirak edən Azərbaycan komandası ilk mərhələdə 2:05.55 saniyə nəticə ilə 15-ci olub və finala vəsiqə qazana bilməyib.
***
Bu gün Todor Proeski milli stadionuda oğlanlar arasında çəkicatma yarışlarında da qaliblər müəyyənləşib. Komandamızın üzvü Toğrul Şahtahtinski də bu yarışlarda mübarizə aparıb. Təmsilçimiz festivalı 13 iştirakçı arasında sonuncu pillədə başa vurub (49.53 m).
Üzgüçülük
Skopye-2025 XVIII Avropa Gənclər Olimpiya Festivalı çərçivəsində üzgüçülük üzrə 50 m məsafəyə sərbəst üzmə yarışları keçirilib. Təsnifat yarışında ölkəmizi Vlastilina Xasyanova və Mehri Əbdürrəhmanova təmsil edib. Lakin hər iki idmançımız növbəti mərhələyə vəsiqə qazana bilməyib. V.Xasyanova təsnifatda 29.07 saniyə, M.Əbdürrəhmanlı isə 29.43 saniyə nəticə ilə yadda qalıb.
***
Bu gün üzgüçülərin 400 metr məsafəyə fərdi qarışıq yarışında təmsilçimiz Amin Oruclu da çıxış edib. O, bu məsafədə finişə 28-ci yerdə çatıb - 5:01.08. Bununla da, təmsilçimiz növbəti mərhələyə yüksələ bilməyib.










