OLİMPİYA DÜNYASİ
Milli Olimpiya Komitəsi medal qazanan idmançıları mükafatlandırdı
XVIII Avropa Gənclər Olimpiya Festivalında Azərbaycan idmançıları uğurlu çıxışlarını davam etdirirlər.
Olimpnews.az xəbər verir ki, Skopye-2025-də bu günə qədər Azərbaycan idmançıları 10 (3 qızıl, 3 gümüş, 4 bürünc) medal qazanıblar. Sabah yarışlarda digər idmançılarımız da qüvvələrini sınayacaqlar. Ənənəvi olaraq Avropa Gənclər Olimpiya Festivalında uğur qazanan idmançılara Milli Olimpiya Komitəsi tərəfindən yarışlar zamanı pul mükafatı təqdim olunur. Bu ənənə Skopye-2025 Olimpiya Festivalında da davam etdirilir. Bu gün gümüş medal qazanan atıcılarımız Oleq Kerjankin və Leyli Əliyeva, həmçinin cüdoçularımız Məhəmməd Ağakişiyev (-73 kq) və Sübhan Axundov (+90 kq) da Azərbaycan Milli Olimpiya Komitəsi tərəfindən mükafatlandırılıb. Bununla bağlı idmançıların Skopyedə məskunlaşdığı hoteldə tədbir keçirilib. Tədbirdə idmançılar, uğur qazanan atletlər və məşqçilərə Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə və baş katib Azər Əliyevin təbrikləri çatdırılıb. Azərbaycan komandasının missiya rəhbəri Vaqif Əliyev idmançıları təbrik edərək onların qayğıları ilə maraqlanıb və yarışın son günündə iştirak edəcək idmançılara uğurlar arzulayıb.
Mükafatları idmançılara MOK-un əməkdaşları Nazir Rəhimov, Ruslan Məmmədov və Elxan Səmədzadə təqdim edib.
Paylaş :