Kişi boksçular arasında bu il Serbiyanın paytaxtı Belqradda keçiriləcək dünya çempionatının vaxtı dəqiqləşib. Bu barədə Beynəlxalq Boks Assosiasiyası (AIBA) məlumat yayıb. Məlumatda bildirilib ki, koronavirus pandemiyası ilə əlaqədar vəziyyət gərgin olsa da, boksun inkişafı davam etdirilməlidir. Bu səbəbdən çempionatın oktyabrın 26-dan noyabrın 6-dək təşkil edilməsi qərara alınıb.
Qeyd edək ki, sonuncu dünya çempionatı 2019-cu ildə Rusiyanın Yekaterinburq şəhərində təşkil olunub. İki il sonra - 2023-cü ildə keçiriləcək çempionata isə Özbəkistanın paytaxtı Daşkənd ev sahibliyi edəcək.
Hazırda kişi boksçulardan ibarət milli komandamız Avropa Olimpiya təsnifat turnirinə hazırlığını məhz Özbəkistanda davam etdirir. Umberto Orta Dominqesin rəhbərlik etdiyi komanda Daşkənd vilayətinin Yanqiabad şəhərində bir neçə ölkənin millisi ilə təşkil olunan məşqlərdə 6 boksçu ilə itirak edir. Hazırlıq prosesinə boksçularımızdan Cavid Çələbiyev (63 kq), Lorenzo Sotomayor (69 kq), Kamran Şahsuvarlı (75 kq), Alfonso Dominqes (81 kq), Məhəmməd Abdullayev (+91 kq) və Olimpiadada iştirakını təmin edən Tayfur Əliyev (57 kq) qatılıblar. Özbəkistanda təlim-məşq toplanışı mayın 23-dək davam edəcək.
Avropa Olimpiya təsnifat turniri iyunun 4-8-də Parisdə keçiriləcək.
Qeyd edək ki, Avropa Olimpiya təsnifat turniri ötən il martın 14-də başlayıb. Lakin Londondakı yarış üç gündən sonra koronavirus pandemiyası səbəbindən dayandırılıb. Azərbaycan millisinin heyətində Tayfur Əliyev dörddəbir finala yüksəlməklə Olimpiadada iştirak hüququ qazanıb.
Dünya çempionatının tarixi dəqiqləşdi