Tokio-2020 XXXII Yay Olimpiya Oyunlafrı davam edir. Oyunların 15-ci günündə daha 5 idmançımız mübarizəyə başlayacaq. İdmançılarımızdan üçü güləş, 1-i karate, 1-i isə bədii gimnastika yarışlarında qüvvəsini sınayacaq.
Təmsilçilərimizdən ən birinci mübarizəyə bədii gimnastımız Zöhrə Ağamirova başlayacaq. Fərdi proqramda yarışacaq gimnastımız ardıcıl olaraq topla, halqa ilə, lentlə və gürzlərlə çıxışını təqdim edəcək.
Güləş yarışlarında isə Mariya Stadnik (50 kq), Hacı Əliyev (65 kq) və Şərif Şərifov (97 kq) mübarizə aparacaq. Qadın güləşçimiz M.Stadnik rusiyalı Stalvira Orşuçla qarşılaşacaq. Sərbəst güləşçimiz Hacı Əliyev isə ilk qarşılaşmasını seneqallı Adama Diatta qarşı keçirəcək. London-2012 Yay Olimpiya Oyunlarının çempionu Şərif Şərifov isə rusiyalı Olimpiya çempionu Abdulrəşid Sadullayevlə üz-üzə gələcək. Hər üç pəhləvan mübarizəyə 1/8 final mərhələsindən başlayacaq.
Karate yarışlarında isə ölkəmizi Rafael Ağayev (75 kq) təmsil edəcək. B qrupunda mübarizə aparacaq karateçimiz Luici Busa (İtaliya), Noa Biç (Almaniya), Çuneari Yahiro (Avstraliya) və Nurkanat Ajiqanovla (Qazaxıstan) döyüşəcək. İlk iki yerin sahibi yarımfinala vəsiqə qazanmaqla yanaşı, bürünc medalı da özü üçün təmin edəcək.
Tokio-2020: Bu gün 5 idmançımız medal uğrunda yarışacaq