Prezidentin bu gün nazir müavini təyin etdiyi şəxslər kimdir? - DOSYE

Prezidentin bu gün nazir müavini təyin etdiyi şəxslər kimdir? - DOSYE

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev bu gün Samir Məmmədov və Fərid Əhmədovun Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini təyin edilməsi haqqında müvafiq sərəncam imzalayıb.

Olimpnews.az yeni təyin edilən nazir müavinlərinin dosyesini təqdim edir:

SAMİR MƏMMƏDOV

 

 

Samir Məmmədov 1974-cü ilin iyun ayının 15-də Bakı şəhərində anadan olub. O, 1993-1998-ci illərdə Xəzər Universitetində Beynəlxalq İqtisadi Münasibətlər ixtisası üzrə bakalavr, 2004-2006-cı illərdə Azərbaycan Dövlət İqtisad Universitetində Biznesin Təşkili və İdarəedilməsi ixtisası üzrə magistr təhsili alıb.

 

2010-2016-cı illərdə isə Şotlandiyanın Edinburq Universitetində təhsilini davam etdirib və Təhsildə İKT ixtisası üzrə doktorluq dərəcəsi alıb.

 

1999-2006-cı ilərdə ABŞ-ın “Relief International” humanitar yardım təşkilatının Azərbaycan nümayəndəliyinin direktor müavini, daha sonra direktoru vəzifəsində işləyib.

 

2006-cı ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinə “Azərbaycan Respublikası ümumtəhsil məktəblərinin informasiya və kommunikasiya texnologiyaları ilə təminatı Proqramı”nın idarəetmə qrupunun müdiri vəzifəsinə təyin olunub.


2008-2017-ci illərdə Azərbaycan Respublikası Təhsil Nazirliyi nəzdində Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi vəzifəsində çalışıb.

 

2021-ci ildə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Aparatının rəhbəri vəzifəsinə təyin olunub.

FƏRİD ƏHMƏDOV

 

Fərid Turab oğlu Əhmədov 1979-cu ilin iyul ayının 14-də Bakı şəhərində  anadan olub. O, 2000-ci ildə Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq fakültəsini bakalavr, 2002-ci ildə isə magistr pilləsi üzrə bitirib.

 

2002-2003-cü illərdə Böyük Britaniyanın Esseks Universitetində, “British Chevening” təqaüdü ilə beynəlxalq insan hüquqları üzrə magistr təhsili alıb.

 

2004-cü ildə AMEA-nın Fəlsəfə və Hüquq İnstitutunun aspirantı olmuş, 2009-cu ildə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə hüquq üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülüb.

 

2016-cı ildə Oksford Universitetində hüquq elmləri üzrə fəlsəfə doktorluğu elmi dərəcəsi alıb.

 

2004-2006-cı illərdə Konstitusiya Məhkəməsinin Beynəlxalq Hüquq şöbəsində böyük məsləhətçi, 2006-2007-ci illərdə Milli Məclisinin İnzibati və hərbi qanunvericilik şöbəsində məsləhətçi vəzifəsində çalışıb.

 

2007-2008-ci illərdə “LegCon Group” hüquq şirkətində baş hüquqşünas kimi fəaliyyətini davam etdirib, 2014-cü ildə “BM Morrison Partners” hüquq şirkətində Məhkəmə təcrübəsinin rəhbəri vəzifəsində çalışıb.

 

2015-2017-ci illərdə Azərbaycan Universitetinin rektoru, 2017-2020-ci illərdə “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-də baş direktorun müavini vəzifəsində işləyib.

 

2021-ci ildə Rəqəmsal İnkişaf və Nəqliyyat nazirinin müşaviri, 15 noyabr 2021-ci ildə isə "İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi” publik hüquqi şəxsin sədri təyin olunub.


Azərbaycan, rus və ingilis dillərini bilir.