Moskvadakı terror aktını kimlər törədib?

Moskvadakı terror aktını kimlər törədib?

Xəbər verdiyimiz kimi, Moskvada azərbaycanlı iş adamı Araz Ağalarova məxsus “Crocus City Hall” ticarət mərkəzində terror aktı törədilib. Rusiya Fövqəladə Hallar Nazirliyi hadisə nəticəsində 99 nəfərin həlak olduğunu, 146 nəfərin yaralandığını açıqlayıb.
"Olimpnews.as" xəbər verir ki, bununla bağlı "Sfera.az"a açıqlama verən siyasi şərhçi Asif Nərimanlı deyib ki, hazırda bu terror aktının əsas müzakirə mövzusu hücumun arxasında hansı qüvvənin dayanması məsələsidir:
“Böyük ehtimalla, tərəflər öz maraqlarına uyğun “günahkarlar” təqdim edəcəklər. ABŞ hücumda Ukraynanın iştirakına dair heç bir əlamətin olmadığını açıqlayıb, rəsmi Kiyev də Rusiyanın özünü günahlandırır. Moskva isə “Ukraynanın iştirakına dair əlamətin olmadığı” fikri ilə razılaşmayıb. Bu o deməkdir ki, Rusiya terror aktına görə Ukraynanın günahlandırılmasına hazırlaşır və ikinci çeçen müharibəsində olduğu kimi, indi də belə bir hücumların Moskva üçün sərfəli tərəfləri də var”.
Ekspert bildirib ki, Kremlin sözçüsü Dmitri Peskovun günün birinci yarısında verdiyi Ukraynada “xüsusi əməliyyatın müharibəyə keçdiyi” haqda açıqlama xüsusilə diqqət çəkir:
“Belqorod hücumundan sonra Moskvada əyləncə mərkəzinə edilən hücum, rus ictimai rəyində Ukraynanın üzərinə bütün gücü ilə getməyin zəruriliyi fikrinin hakim olacağı istisna deyil. Peskovun dediyi kimi, “Rusiya elə bir addım atacaq ki, Ukrayna hərbi potensialı onun vətəndaşlarını və ərazisini təhdid edə bilməsin”. Bu addım ilkin olaraq Ukrayna şəhərlərinin kütləvi bombardman edilməsi kimi görünür. Bu kontekstdə Qərbin gedişlərindən biri Rusiyanın Ukraynaya hücumlarını “legitimləşdirmək” cəhdinə qarşı terror aktının günahkarının tapılması ola bilər. İstisna deyil ki, bunu İŞİD, yaxud "Rusiyanın Azadlığı Legionu", "Rusiya Könüllüləri Korpusu", "Sibir batalyonu" kimi daxili qruplar “üzərlərinə” götürə bilər”.