Futbol üzrə İspaniya Superkubokunun qalibi müəyyənləşib. Bu həlledici oyunda “Real Madrid”i böyükhesabla məğlub edən “Barselona” klubudur. Səudiyyə Ərəbistanının Ciddə şəhərindəki “Kral Abdulla Sports Sity” stadionunda keçirilən oyun kataloniyalıların 5:2 hesablı qələbəsi ilə başa çatıb. Xesus Xil Mansanonun idarə etdiyi oyunda hesabı beşinci dəqiqədə Madrid “Real”ının fransalı hücumçusu Kilian Mbappe açıb. Lakin Hans Filikin komandası “Kral Klubu”nu hesabı açmağına peşman edib. Kataloniyalılar ilk hissənin tamamına kimi əzəli rəqibini 4 dəfə meydanı mərkəzdən başlamağa məcbur edib. Əvvəlcə matçın 22-ci dəqiqəsində Lamin Yamal hesabdakı tarazlığı bərpa edib. Matçın 36-cı dəqiqəsində polşalı hücumçu Robert Levandovski penaltinini dəqiq yerinə yetirməklə komandasını hesabda önə çıxarıb. Üç dəqiqə sonra “Barselona"nın braziliyalı futbolçusu Rafinya Dias hesabdakı fərqi iki topa çatdırıb. Birinci hissəyə əlavə olunmuş 10-cu dəqiqədə isə Kataloniya klubunun müdafiəçisi Balde komandasının dördüncü qolunun müəllifi olub. İkinci hissəyə də fəal başlayan “Barselona” 48-ci dəqiqədə Rafinya ilə hesabı darmadağın həddinə çatdırıb -1:5. Lakin oyunun 57-ci dəqiqəsində "Barselona"nın qapıçısı Voyçex Şensnınin qırmızı vərəqə alaraq meydandan qovulması katalonların planını alt-üst edib. Buna baxmayaraq, “Real” klubu bir nəfər azlıqda qalan “Barselona”nın qapısına cəmi bir dəfə yol tapıb. Rodriqo cərimə zərbəsindən baxımlı qola imza ataraq oyunda son nöqtəni qoyub. Beləliklə, “Real Madrid”i darmadağın edən "Barselona" 15-ci dəfə İspaniya Superkubokunun qalibi adını qazanıb. Kataloniyalılar bu göstəriciyə görə rekorda imza atıblar. "Real" klubu isə kuboku 13 dəfə qazanıb. Madrid komandası sonuncu dəfə 2024-cü ildə finalda "Barselona"nı 4:1 hesabı ilə məğlub edərək turnirin qalibi olmuşdu.
Xatırladaq ki, bu, əzəli rəqibləri cari mövsümdə ikinci “El-Klasiko”su olub. Oktyabrın 26-da "Barselona" İspaniya çempionatının XI turunda "Real"ı 4:0 hesabı ilə məğlub etmişdi.