Zelim Kotsoyev dünya çempionatında komandamıza növbəti bürünc medalı qazandırdı

Zelim Kotsoyev dünya çempionatında komandamıza növbəti bürünc medalı qazandırdı

Azərbaycan millisi Macarıstanın paytaxtı Budapeştdə keçirilən cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb. 
Olimpnews.az xəbər verir ki, bu gün  mübarizəyə başlayan Avropa, dünya və Olimpiya çempionumuz çıxışını bürünc medalla başa vurub. 
-100 kq çəki dərəcəsində qüvvəsini sınayan titullu idmançımız mübarizəyə 1/16 final mərhələsindən başlayıb. İlk görüşdə italiyalı Cennaro Pirelliyə qalib gələn Zelim növbəti mərhələdə qazaxıstanlı Marat Baykamurovdan üstün olub. Lakin 1/4 finalda Beynəlxalq Cüdo Federasiyasının (İJF) bayrağı altında çıxış edən Arman Adamyana məğlub olan cüdoçumuz təsəlliverici mərhələdə çıxışını davam etdirib.  
Zelim Kotsoyev bürünc medal uğrunda təsəlliverici mərhələnin ilk qarşılaşmasında ikiqat dünya çempionu, gürcü əsilli ispaniyalı cüdoçu Nikolos Şerazadişviliyə qalib gəlib. Həlledici qarşılaşmada isə Cənubi Koreya idmançısı Seheon  Kimdən üstün olan titullu cüdoçumuz dünya çempionatının bürünc medalına layiq görülüb.
Bu, Zelim Kotsoyevin dünya çempionatları tarixində ardıcıl qazandığı dördüncü medalı olub. Belə ki, 2022-ci ildə Daşkənddə, 2023-cü ildə isə Dohada bürünc medal qazanan Zelim ötən il Əbu Dabidə keçirilən dünya çempionatında qızıl medala layiq görülüb. 
Qeyd edək ki, Zelim Kotsoyevin qazandığı bu medal Azərbaycan millisinin turnirdə əldə etdiyi üçüncü bürünc medalıdır. Daha əvvəl Zelim Tçkayev (-81 kq) və Elcan Hacıyev (-90 kq) fəxri kürsüyə qalxıblar.