Pxençan-2018-də iştirak edən Azərbaycan nümayəndə heyətinin tərkibində olan Milli Olimpiya Komitəsinin (MOK) marketinq idarəsinin rəisi Mehman Kərimov Olimpiada zamanı Olimpiya Yayım Xidmətinin (Olympic Broadcasting Sercices) və Olimpiya Kanalının (Olympic Channel) bir sıra rəsmiləri ilə görüşmüşdür. Olimpnews.az saytının məlumatına görə, ilk görüş Olimpiya Yayım Xidmətinin telekommunikasiya direktoru Mario Reislə olmuşdur. Görüşdən əvvəl XXIII Qış Olimpiya Oyunlarının yayım mərkəzi və əsas xidmətləri üzrə tur təşkil edilmişdir. Xidmətin əməkdaşları kosmik peyklər və fibro optik vasitələrlə dünyanın 160-dan artıq ölkəsində yayımlanan Qış Olimpiya Oyunlarının yayımı haqda geniş məlumat vermişlər. Mehman Kərimov xidmətlərin həyata keçirildiyi əsas şöbələrin fəaliyyəti ilə yaxından tanış olmuşdur.
Azərbaycanın ev sahibliyi etdiyi IV İslam Həmrəyliyi Oyunları zamanı Olimpiya Yayım Xidmətinin və Olimpiya Kanalının əhəmiyyətli rol oynadığını bildirən Mehman Kərimov göstərdikləri dəstəyə və xidmətlərə görə Mario Reisə və xidmətin bütün əməkdaşlarına minnətdarlığını bildirmişdir. Məhz bu dəstəyin nəticəsi olaraq Bakı 2017 İslam Həmrəyliyi Oyunlarının gündəlik xəbərlər proqramı Olimpiya Kanalı vasitəsilə dünyanın bütün ölkələrinə yayımlanmışdır. Görüşdə tərəflər televiziya yayımı və rəqəmsal marketinq sahəsində əməkdaşlığı genişləndirmək niyyətində olduqlarını ifadə etmişlər. Daha sonra 2019-cu ildə Bakının ev sahibliyi edəcəyi Avropa Yeniyetmələrin Olimpiya Festivalı və Olimpiya oyunları çərçivəsində planlaşdırılmış bir sıra müştərək layihələr müzakirə edilmişdir.
Növbəti görüş Olimpiya Kanalının biznes xidmətləri şöbəsinin rəhbəri Xose Dominqiyez (José Domínguez), həmçinin Milli Olimpiya Komitələri və Beynəlxalq Federasiyalar üzrə baş menecer Con Palfrey (John Palfrey) ilə keçirilmişdir. Tərəflər əsasən Olimpiya Gündəliyi 2020 sənədinin qarşıya qoyduğu vəzifələrə uyğun olaraq, MOK-un marketinq fəaliyyətinin genişləndirilməsi və bu istiqamətdə görüləcək işləri müzakirə etmişlər. Xose Dominqiyez Bakı 2017 İslam Həmrəyliyi Oyunları çərçivəsində Azərbaycan tərəfi ilə imzalanmış çoxtərəfli memoranduma uyğun olaraq sosial media platformalarının və digər internet resurslarının idarə olunmasında, rəqəmsal arxivləşdirmədə, kontent yaradılmasında və bu kimi başqa sahələrdə MOK-a hər cür texniki dəstəyin göstərilməsi üçün hazır olduqlarını söyləmişdir. Azərbaycanın regiondakı aparıcı rolunu nəzərə alaraq, bir sıra layihələrin həyata keçirilməsində qonşu ölkələrin Milli Olimpiya Komitələri ilə birgə əməkdaşlığı da hər iki tərəf razılıqla qarşılamışdır.
Qeyd edək ki, belə görüşlərin keçirilməsi qarşılıqlı əməkdaşlığın daha da möhkəmlənməsinə, Olimpiya Hırıkatının təbliği sahəsində müştərək layihələrin uğurla həyata keçirilməsinə şərait yaradır. Belə ki, növbəti görüş Olimpiya Gündəliyi 2020 sənədinin tələb və tövsiyələrinə uyğun olaraq, Olimpiya Həmrəyliyi Fondu və Beynəlxalq Olimpiya Komitəsinin Televiziya Marketinq Xidmətinin rəsmiləri ilə nəzərdə tutulmuşdur.