BOKS
Boksçularımız Gimnaziadanı 21 medalla başa vurdular
Serbiyada keçirilən Gimnaziada İdman Oyunlarında boks yarışlarına yekun vurulub. Yarışın son günündə Azərbaycan yığması növbəti uğurlara imza ataraq medal kolleksiyasını daha da zənginləşdirib.
Yarışın final mərhələsində milli komandamızın üzvləri 4 qızıl və 3 gümüş medal qazanıblar. Nəsrin Abdullazadə (38 kq), Tunca Mürşüdova (40 kq), Xumar Cəfərli və Babək Abdullayev (40 kq) finalda rəqiblərini məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Xüsusilə qeyd edək ki, hər üç qadın idmançımız finalda ukraynalı rəqiblər üzərində inamlı qələbə qazanıblar.
Finalda uduzan İsmayıl Aslanlı (50 kq), Sabir Rüstəmov (57 kq) və Kəmalə Həsənova (54 kq) isə yarışları gümüş medalla başa vurublar.
Ümumilikdə, Gimnaziadada 22 idmançı ilə təmsil olunan Azərbaycan boks millisi 9 qızıl, 8 gümüş və 4 bürünc medal olmaqla ümumilikdə 21 medal qazanıb.
Yarışın əvvəlki günlərində Aysan Miriyeva (46 kq), Nurlan Müseyibli (66 kq), Zirəddin Rüstəmli (70 kq), Mehran Rəsulov (75 kq) və Yusif Ağakişiyev (80 kq) də qızıl medallara sahib olublar. Aişə Muradova (44 kq), Amir Həsənov (48 kq), Nuray Qafarova (48 kq), Leyla Mahmudlu (51 kq), Sərxan Haqverdiyev (63 kq) gümüş, Kazım Baxışov (42 kq), Azad Məmmədli (44 kq), Yusif Əli (52 kq) və Nəriman Əli (54 kq) isə bürünc medal qazanıblar.
Bu nəticə ilə boks yığmamız Gimnaziadanın ən uğurlu komandalarından biri kimi yadda qalıb.
Paylaş :