19:43 27-04-2025
79
Füzuli sakinləri “Prezident Kuboku-2025” reqatası öncəsi məlumatlandırılıb
Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının (AKAF) nümayəndələri 28 aprel - 2 may tarixlərində keçiriləcək ümummilli lider Heydər Əliyevin 102-ci ildönümünə həsr olunmuş avarçəkmə üzrə “Prezident Kuboku-2025” beynəlxalq reqatası öncəsi Füzuli şəhərinin sakinləri ilə görüş keçiriblər.
Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, yeni salınmış Füzuli şəhərciyinə köç edən sakinlərlə keçirilən görüş zamanı aprelin 28-də Köndələnçayda təşkil olunacaq tədbir haqqında ətraflı məlumat verilib. Bildirilib ki, saat 11:00-dan etibarən başlayacaq tədbirdə maraqlı su şouları, peşəkar avarçəkənlərin nümunəvi çıxışları təqdim olunacaq. Bundan başqa, uşaqlar və yeniyetmələr üçün müxtəlif viktorinalar və intellektual yarışmalar təşkil ediləcək, iştirakçılara federasiya tərəfindən xatirə hədiyyələri təqdim olunacaq.
Görüş zamanı sakinlərə bildirilib ki, Qarabağda ilk dəfə olaraq həvəskarlar üçün avarçəkmə qayıqlarında özlərini sınamaq imkanı da yaradılacaq. Bu təşəbbüs bölgə əhalisinin idmana marağını artırmaq məqsədi daşıyır.
Qeyd edək ki, “Prezident Kuboku-2025” beynəlxalq reqatasında Avropa, Asiya və Afrikadan 20-dən çox ölkəni təmsil edən 200-dən artıq idmançı mübarizə aparacaq. Aprelin 29-da saat 14:00-da Mingəçevirdə, Heydər Əliyev prospektində yarışların rəsmi paradı keçiriləcək. Aprelin 30-da isə saat 11:00-dan etibarən Suqovuşan su anbarında beynəlxalq reqatanın açılış mərasimi və ilk yarışlar baş tutacaq.
Turnir mayın 1-2-də Mingəçevir “Kür” Olimpiya Tədris-İdman Mərkəzində davam etdiriləcək.










