ANA SƏHİFƏ


Paylaş :
15:05 19-06-2017
27221
“Zəfər günləri” layihəsinin rəsmi tərəfdaşları mükafatlandırıldı


İyunun 19-da Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) inzibati binasında "Zəfər günləri” layihəsinin tərəfdaşlarının mükafatlandırılması mərasimi keçirildi.
"Olimpnews.az" xəbər verir ki, tədbirdə Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, MOK-un baş katibi Ağacan Abiyev, qurumun marketinq şöbəsinin rəisi Mehman Kərimov, BP Azərbaycan şirkətinin regional vitse-prezidenti Bəxtiyar Aslanbəyli, P&G şirkətinin regional prezidenti Dəyər Kurtaslanoğlu, Go Sport şirkətinin regional prezidenti Maximilian Fraydenegg və digəriləri iştirak edirdilər.
Tədbiri giriş sözü ilə açan MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə "Zəfər günləri” layihəsinin əhəmiyyəti və bu layihənin həyata keçirilməsində rəsmi tərəfdaşların rolundan danışdı: "Azərbaycan Milli Olimpiya Komitəsi IV İslam Həmrəyliyi Oyunları zamanı "Zəfər Günləri" adlı xüsusi layihə həyata keçirib. Tədbir zamanı medallar qazanan atletlərimiz, onların ailə üzvləri, dostları, idman mütəxəssisləri və ictimaiyyət nümayəndələri ilə görüşlər təşkil edilib, zəfər qazanan idmançılarımıza mükafatlar verilib. Bu layihənin uğurla həyata keçməsində Azərbaycan Olimpiya Komandasının rəsmi tərəfdaşlarının da böyük zəhməti vardır. Həmin günlərdə Milli Olimpiya Komitəsi atletlərimizin, Kütləvi İnformasiya Vasitələri nümayəndələrinin və idman ictimaiyyətinin doğma ocağına çevrildi. Rəsmi tərəfdaşlarımıza "Zəfər günləri” layihəsinin həyata keçirilməsində göstərdikləri dəstəyə görə təşəkkür edirəm”.
Mehman Kərimov "Zəfər günləri” layihəsinin marketinq hesabatını təqdim edərək IV İslam Həmrəyliyi Oyunlarının keçirildiyi müddətdə MOK-un sosial mediada aktivliyindən danışdı.
"Zəfər Günləri” layihəsinin və Azərbaycan Olimpiya Komandasının rəsmi tərəfdaşları olan AzərSun, BP, Go Sport, Lider TV və P&G şirkətlərinin nümayəndələri çıxış edərək idman və Olimpiya Hərəkatının inkişafı, eləcə də fəal həyat tərzinin təbliği istiqamətində hər zaman əməkdaşlıq etməyə hazır olduqlarını bildirdilər.
Tədbirin sonunda tərəfdaşlara "Zəfər Günləri” hayihəsində iştirakına görə diplom və hədiyyələr təqdim edildi.
Məlumat üçün bildirək ki, Azərbaycan Milli Olimpiya Komitəsi (MOK) IV İslam Həmrəyliyi Oyunlarının keçirildiyi günlərdə yarışların qalibləri və mükafatçıları olan idmançılarımızın şərəfinə "Zəfər günləri” adlı xüsusi tədbir həyata keçirib. Milli Olimpiya Komitəsinin qapıları "Zəfər günləri”ndə Azərbaycan idmançılarını dəstəkləyən, onların qazandıqları uğurlara sevinən, qaliblərlə canlı təmasda olmaq istəyən, bir sözlə, IV İslam Həmrəyliyi Oyunlarının şahidi olmaq istəyənlərin üzünə açıq idi. Lider Televiziya və Radio şirkəti I Avropa Oyunlarında olduğu kimi, IV İslam Həmrəyliyi Oyunlarında da "Zəfər Günləri” tədbirinin canlı yayımını uğurla həyata keçirib.