ANA SƏHİFƏ






Paylaş :
15:51 12-12-2017
42740
Ağacan Abiyev: “Elm və idmanı heç vaxt biri-birindən ayırmamışam”

İnsan hansı yaşda olursa olsun, uğur əldə etmək, insanlara gərək olmaq, vətənə, xalqa şərəflə xidmət etmək üçün yaşayır. Bu həyatda hər kəsin öz missiyası var. Kimi bu missiyanı yerinə yetirir, kimi isə yox. Müsahibimiz, 80 illik yubileyini qeyd edən Ağacan Abiyev də öz missiyasını şərəflə, vətəninə, xalqına layiq yerinə yetirən insanlardandır. Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) baş katibi, Milli Məclisin deputatı, Boks Federasiyasının vitse-prezidenti, Əməkdar elm xadimi, texnika elmləri namizədi, professor, beynəlxalq dərəcəli hakim Ağacan Abiyev mənalı və zəngin həyat yolu keçib. Yubiley günündə "Şərəf” ordeni ilə təltif olunan müsahibimiz "Olimpiya dünyası” qəzetinə mənalı ömür yolundan, idman və elm karyerasından danışdı.
-Ağacan müəllim, ömrün 80-ci payızına qədəm qoydunuz. Həyatınızdan razısınızmı?
-İnsan dünyaya qurmaq, yaratmaq üçün gəlir. Ömrüboyu çalışır ki, ailəsi, vətəni, xalqı üçün xeyirli işlər görsün. O insan xoşbəxtdir ki, mənalı ömür yaşayır və vətəninin çiçəklənməsi üçün nəsə edir. Belə insanlar nə qədər çox yaşasalar, vətənə, xalqa da, bir o qədər xeyir verəcəklər. Fərqi yoxdur, nə qədər ömür yaşayırsan yaşa, əsas odur ki, gərəkli olasan. Mən də özümü belə xoşbəxt insanlardan hesab edirəm.
- Seçilmiş insanlar əldə etdiyi uğurlara görə kimə və nəyə borcludurlar?
- İnsan allahın yaratdığı varlıqdır. Təbiətən hamı eyni doğulsa da, eyni taleyi və ömrü yaşamır. Burada ailə tərbiyəsi, gen, təhsil, xarakter mühüm rol oynayır. Bütün bunların məcmuyunda insan mükəmməl olur. İnsan gərək şeytana uymasın, şər qüvvədən uzaq olsun. Kamil, inamlı insan ömrünü gözəl işlərə, əməllərə sərf edir. İnsan övladı uca yaradanın tövsiyələrinə əməl etməli, onun qoyduğu proqramla hərəkət etməlidir. Bu zaman onun həyatı düz yolda olur və mənalı ömür yaşayır. Bir sözlə, kim yaradanın dediklərinə əməl edirsə, xoşbəxt insandır. Çünki tanrı insanları birliyə, yaxşılığa, bəşəriyyətə xidmət etməyə çağırır. Deyirlər ki, dünyanı gözəllik xilas edəcək. Mən isə deyərdim ki, yaxşılıq dünyanı xilas edəcək.
"Nə qədər sağam, oxuyun”
- Ağacan müəllim, sizin həyatınız bugünkü gənc nəslə örnəkdir...
- Suraxanı rayonunun, Bülbülə qəsəbəsində, sadə neftçi ailəsində dünyaya göz açmışam. Ailədə 9 uşaq olmuşuq -6 qardaş, 3 bacı. Ağlım kəsəndən atamın bu sözlərinin eşitmişik: "Nə qədər sağam, oxuyun”. Onun bu sözləri bir şüara çevrilmişdi. 4 yaşım olanda atam müharibəyə getdi. Anam 5 uşağa tək baxırdı. Böyük bacım, qardaşım imkan daxilində anama köməklik edirdilər. Biz məktəbə atam müharibədən qayıdandan sonra getdik. Böyük qardaşım Əsgər 10 yaşında orta məktəbə getdi. Bir il sonra isə mən. Aramızda 3 yaş fərq var idi. Əsgər məktəbi əla qiymətlərlə bitirdi və Azərbaycan Dövlət Universitetinin fizika fakultəsinə qəbul olundu. Əla oxuduğuna görə 2-ci kursda onu Moskva Dövlət Universitetinə göndərdilər. Qardaşım oranı da qırmızı diplomla qurtardı. Sonra aspirantuyara girdi, elmlər namizədi oldu. Əsgər Bakıya qayıtdıqdan 3 il sonra atom fizikası mövzusu üzrə doktorluq dissertasiyanı müdafiə etdi. Əsgər mənim üçün həmişə nümunə olub. Mən həmişə ona oxşamağa çalışırdım. Mən də Əsgər kimi Moskvada oxudum, orada aspiranturanı qurtardım, müdafiə elədim. İndi fəhlə Qulamın övladlarından 2-si professor, 3-ü elmlər namizədidir. Bacım tibb insitutunu qurtarıb, baş həkimdir. Məndən kiçik qardaşım Telman isə həmişə deyirdi ki, mən Əsgərə yox, Ağacana oxşamaq istəyirəm.
- Niyə belə deyirdi ki?
- Çünki mən həm yaxşı oxuyurdum, həm də idmanla məşğul olurdum.
- İdmana maraq sizdə hardan idi?
-Bu barədə heç danışmamışam. Məhləmizdə müxtəlif millətlərin nümayəndələri yaşayırdılar. Tez-tez həyətdə uşaqlar arasında "razborka” olurdu. Ağzımın əzildiyi, burnumun qanadığı günlər o qədər olub ki (gülür). Bəzi uşaqlarla bacara bilmədiyim üçün özümü qınayırdım və çarə axtarırdım: nə edim ki, onların cavabını verə bilim və yerlərində otuzdurum. 10-12 yaşlarında çəlimsiz oğlan idim o baxt, çəkim də 46-48 kq. Böyük qardaşım Eyvazəlinin 19 yaşı var idi. O, Suraxanıdakı Mədəniyyət evində boks idman növü ilə məşğul olurdu. Hardasa 2 ildən sonra Eyvazəli Azərbaycan çempionatında 2-ci yeri tutdu. Mən onun məşqlərində olur, döyüşlərinə baxırdım. Məndə də boksa həvəs oyandı. Bir gün qardaşıma dedim ki, məni də boksa yazdır. Qardaşım məni zala apardı. Məşqçi rus idi. O mənə baxan kimi gülərək dedi ki, bunun nə canı var ki, boksla məşğul olsun. Məni məşqə götürməsi üçün çox yalvardım. Sizi inandırıram ki, yorulmadan, fasiləsiz məşqlər edirdim. Həftədə 3 dəfə 2 saat məşğul olurduq. Həm Suraxanıya gedirdim, həm də Sabunçu rayonundakı Razin stadionuna. Sizə deyim ki, idmançıların çoxu sadə, kasıb ailələrdən çıxırlar. Çünki çətinlik görürlər, əzab-əziyyətə qatlaşırlar.
- Məşqə başlayanda neçə yaşınız var idi?
- 14 yaşım olardı. Uşaqlar 2 saat məşq edəndə, mən 3 saat məşq edirdim. Qarşıma məqsəd qoymuşdum, yarışa çıxmalı, nəticə əldə etməliydim. Amma dərslərimi də yaxşı oxuyurdum. Çünki atamın sözləri qulaqlarımda sırğa idi: "Bax ha, pis oxusan, idmana getməyəcəksən”. Boksa gedəndən sonra dərslərimi daha da yaxşı oxumağa başladım.
"Bədən tərbiyəsi və idman insanın həyat keyfiyyətini yüksəldən bir vasitədir”
- Bu gün sizi cavan, gümrah saxlayan da elə idmandır...
- İdman sağlamlıqdır, insanın gümrah yaşaması üçün bir qarantidir. İdmanla məşğul olan adamın beyni də, zehni də yaxşı işləyir, fəal olur. Bir sözlə, bədən tərbiyəsi və idman insanın həyat keyfiyyətini yüksəldən bir vasitədir.
- Rinqdə ilk döyüşünüzü necə xatırlayırsınız?
- (gülür) Çox pis. İlk döyüşümü uduzdum. Eyvazəli həmin yarışda hakimlik edirdi. Yaman dilxor olmuşdum. Uduzduğum üçün özümə bəraət qazandıranda qardaşım dedi ki, Ağacan, sən uduzmusan, vəssalam. Mən də qayıtdım ki, eybi yox, gələn dəfə sizə göstərərəm. Növbəti döyüşə 1 aydan sonra çıxdım. Rəqibim erməni boksçusu idi. Böyük üstünlüklə ona qalib gəldim. Sonra dalbadal iştirak etdiyim 10 yarışın hamısını qələbə ilə başa vurdum. İndiki kimi yadımdadır, 1954-cü ilin dekabr ayı idi, Bakı birinciliyi keçirilirdi. Həmin yarışda 1-ci yeri tutdum. O vaxt 17 yaşım var idi. Növbəti il gənclər arasında həm Bakı çempionu, həm də Azərbaycan çempionu oldum. 1954-cü ilin axırlarında Moskvada ümumittifaq yarışları keçirilirdi. "Neftçi” İdman Cəmiyyətinin təmsilçisi kimi bu yarışın da qalibi adına layiq görüldüm.
- Yəqin ki, uçmağa qanadınız yox idi...
- Moskvada mənə diplom, hədiyyə verdilər. Sevinə-sevinə onları valideynlərimə göstərdim. Onların mənimlə fəxr etdiyini görəndə ürəyim dağa döndü. Nəticələrim artdıqca, boksa həvəsim daha da artırdı. O vaxtlar orta məktəbin sonuncu sinfində oxuyurdum. Oxuyacağım ali məktəbi seçməli idim. Atam mənim mühəndis olmağımı istəyirdi.
- Niyə, məhz mühəndis olmağınızı istəyirdi?
- Atam neft mədənlərində fəhlə işləyirdi. İşdən gələndə adətən, onun çəkmələrini ya mən, ya da qardaşım çıxardırdı. Atamın çəkmələri hisin-pasın, mazutun içində olardu. Çəkmələri çıxaranda əllərimiz mazuta bulaşırdı. O da deyərdi ki, "Görürsünüz, oxumayanın axırı bax, belə olur. Oxuyun, mühəndislər kimi ağ köynək, kostyum geyinin”. Bir sözlə, atamın arzusu məni mühəndis görmək idi.
"Peşman olsam, gəlib səndən üzr istəyəcəm”
- Seçim etmək lazım idi və siz çətin vəziyyətə düşmüşdünüz...
- Bir tərəfdə atam, digər tərəfdə boksa olan sevgim. Bilmirdim, nə edim. Arzum bədən tərbiyəsi institutuna qəbul olmaq, sonra isə boksçu, məşqçi olmaq idi. Evdəkilərə nə qədər dil tökdümsə, mənə məhəl qoyan olmadı. Nə isə, 1955-ci ildə sənədlərimi Azərbaycan Neft və Kimya İnstitutuna verdim və neft mədən fakultəsinə qəbul oldum. Orada cəmi 2-3 ay oxudum. Məşqə gedirdim, yarışlarda iştirak edirdim. İdman məni özünə çəkirdi. 1956-cı ildə Moskvada Spartikada təşkil ediləcəkdi və mən bu yarışa çox ciddi hazırlaşırdım. Yanvar ayından dərsə getmədim. İnstituta getmədiyimi bircə Əsgər bilirdi.

- Bəs atanızın qəzəbindən qorxmurdunuz?
- (Gülür) Atamın könlünü almaq üçün planım var idi. Bizim həyətimiz daşlıq, qayalıq idi. Heç nə əkmək olmurdu. Atamın ürəyini yumşaltmaq üçün torbalarda torpaq daşıyıb, həyətə tökdüm. Sonra göy-göyərti toxumu alıb, səpdim. Anam mənə baxıb məətəl qalmışdı, fikirləşirdi, uşağın başına hava gəlib, nədir. Atam səhər çıxır, axşam gəlirdi. Nə biləydi ki, oğlu mühəndis olmaq əvəzinə həyətə torpaq tökür. May ayında artıq toxumlar cücərməyə başlamışdı. Həyəti əməlli-başlı abıra salmışdım. Nə başınızı ağrıdım, yay sessiyasında atam məsələdən agah oldu. Bir gün məni yanına çağırıb dedi: "Bu nədir, oxuyub mühəndis olmaq əvəzinə vəzəri əkirsən?”. Ona dil tökdüm ki, mən idmanı, boksu sevirəm. İdman institutuna girəcəm, müəllim olacam və müəllimin maaşı heç də mühəndisin maaşından az deyil və s. Atam əllərini yellədi də dedi: "Özün bilərsən. Peşman olsan, deyərsən”. Mən də dedim ki: "Peşman olsam, gəlib səndən üzr istəyəcəm”.
1956-cı ildə sənədlərimi AZİ-dən alıb Bədən Tərbiyə və İdman İnstitutuna verdim. İkinci kursda oxuyanda artıq idman ustası normasını yerinə yetirmişdim. Növbəti il isə SSRİ idman ustası oldum. Oxuya-oxuya həm yarışlarda iştirak edir, həm də məşqçilik edirdim. 1960-cı ildə ali məktəbi qurtaran kimi məni "Neftçi”yə boks üzrə baş məşqçi götürdülər. 6 qat Azərbaycan çempionu, Zaqafqaziya, Moldova birinciliklərinin qalibiyəm.
- Abbas Ağalarovla bağlı hansı xatirə yadınızdadır?
-1962-ci ildə Azərbaycan çempionatı keçirilirdi. Yarışın qalibi olan 20 çempiondan 4-ü təmsil etdiyim "Nefçi”dən idi: mən və 3 yetirməm. Abbas Ağalarov məni digər məşqçilərə göstərib dedi: "Baxın, gözünüzə su verin. İki onun boydasınız, bir nəticəniz də yoxdur. Bu adam özü də çempiondur, uşaqları da”. Sonra həmin yetirmələrimdən ikisi SSRİ idman ustası oldu.
-Necə oldu ki, ikinci ali təhsil aldınız?
- Dediyim kimi, "Neftçi”də baş məşqçi işləyirdim. Dərsdən və məşqdən sonra boş vaxtım qalırdı. Darıxırdım, 21 yaşım var idi, gənc idim. Atamın arzusu ürəyimdə qalmışdı. Sənədlərimi Politexnik İnstitutunun metallurgiya istehsalının avtomatlaşdırılması və kompleks mexanikləşdirilməsi fakültəsininin əyani şəbəsinə verdim. 1966-cı ildə oranı fərqlənmə diplomi ilə bitirdim. Məni institutda saxladılar. Bir ildən sonra isə Moskvaya aspiranturaya göndərdilər. Orda müdafiə elədim və elmlər namizədi adı aldım. Mənə Lipetsk şəhərində ev verdilər. O vaxt artıq evli idim və 1 qızım var idi. 1971-ci ildən Lipetsk Politexnik İnstitutunun dosenti, kafedra müdiri işləmişəm. Bakıya 1983-cü ildə qayıtdıq. Həmin ildə məni İnşaat Mühəndisləri İnstitutunda Elektrotexnika və elektronika kafedrasının müdiri təyin etdilər. O vaxtlar həm də beynəlxalq dərəcəli hakim kimi beynəlxalq yarışlarda iştirak edirdim.
- 28 il İdman Akademiyasına rəhbərlik etmisiniz...
-1987-ci ildə məni doğma instituta rektor seçdilər. 4 nəfərin arasından mənim namizədliyim keçdi. 2015-ci ilə qədər ADBTİA-na rəhbərlik etmişəm. Milli Məclisin deputatı olduğum üçün bu vəzifədən getməliydim.
- İndiyə qədər bir çox vəzifələrdə çalışmısınız. Hansı vəzifədə özünüzü daha rahat hiss etmisiniz?
- 17 il çalışdığım Lipetsk Politexnik İnstitutunun "Avtomatika və elektronika” kafedrasının müdiri işləyəndə. İndi də keçmiş iş yoldaşlarımla əlaqə saxlayıram. Buyaxınlarda bir tədbirə dəvət etmişdilər. Orada tələbələrimlə də görüşdüm. Elm və idmanı heç vaxt biri-birindən ayırmamışam, paralel aparmışam. Elmi işlə məşğul olduğum vaxtlarda Avropa Boks Federasiyasının vitse-prezidenti, Dünya Boks Federasiyasının İcraiyyə Komitəsinin üzvü kimi fəaliyyət göstərmişəm.

"Ata ocağından isti yer yoxdur”
-Sizin valideynləriniz Bakıya Cənubi Azərbaycandan gəliblər...
- Atamla anam Bakıya 1920-ci ildə, Cənubi Azərbaycandan gəliblər. Atam Sarab, anam isə Ərdəbil şəhərindəndir. Burda tanış olub, evləniblər. O vaxt bura işləməyə gələn insanları Sabunçu qəsəbəsindəki mədənlərin arasındakı evlərdə yerləşdiriblər. Sonra atam işləyib yığdığı puldan Bülbülə qəsəbəsində ikiotaqlı ev tikib. Moskvadan qayıtdıqdan sonra həmin ata ocağında yaşayıram.
Ata, anamın yaşadığı, uşaqlığımı, gəncliyimi keçirdiyim o ev mənim üçün çox doğmadır. Ata ocağından isti yer yoxdur. Çünki burada atamın-anamın ruhu dolaşır. Sevinirəm ki, onların ruhu şaddır.
- Bəziləri təhsillə idmanı bir yerdə tutmağın mümkün olmadığını deyirlər. Bu fikirə münasibətinuz necədir?
- Mən orta məktəbdə yaxşı oxumuşam. Boksa da gedirdim. Hər ikisini də çatdırırdım. Bunlar sadəcə, bəhanədir. Ölkəmizdə hər bir sahədə olduğu kimi, təhsil sahəsinə böyük diqqət və qayğı var. Ölkə rəhbəri İlham Əliyev gənclərə həmişə diqqət və qayğı göstərir, onların problemləri ilə maraqlanır. Ölkənin birinci xanımı, birinci vitse-prezident Mehriban Əliyeva bağça, məktəblərin əsaslı təmir olunması və yenilərinin tikilməsi üçün əlindən gələni əsirgəmir. Respublikamızda təhsil sistemi günü-gündən inkişaf edir. Təhsil ocaqlarında hər cür şərait yaradılır. Qeyd edim ki, idman yarşları zamanı ölkəmizdə qonaq olan rəsmilər təəccüblərini gizlətmirlər. Onlar bizə bizə həsəd aparırlar. Firavan ölkədə yaşayırıq.
Bu gün digər ölkələr bizim təcrübəmizdən yararlanırlar. Azərbaycan I Avropa Oyunlarını müvəffəqiyyətlə təşkil etməklə böyük təcrübə və şöhrət qazandı. II Avropa Oyunlarına ev sahibliyi edəcək Belarus bugünkü gündə kömək üçün bizə müraciət edir. Bu faktın özü Azərbaycanın böyük gücə və potensiala malik olduğunu bir daha sübut edir.
-Siz həm də Milli Məclisin deputatısınız. Bugünlərdə müzakirə olunan məsələ ilə bağlı nə deyə bilərsiniz?
- Dövlətimiz əhalinin aztəminatlı təbəqəsini həmişə diqqətdə saxlayır, onların problemləri ilə maraqlanır. Bugünlərdə aztəminatlı ailələrə yardım göstərilməsi barədə müzakirələr aparıldı. Bu, çox yaxşıdır. Azərbaycan müharibə şəraitində olmasaydı, həyatımız, güzəranımız daha yaxşı olardı. Çünki bu vəziyyət yaşayış səviyyəsinin hardasa 30 faiz aşağı düşməsinə səbəb olur.

-Ağacan Abiyev gərgin iş qrafikindən yorulmur. Bunun sirri nədədir?
- Səhər saat 8-dən axşam 8-ə kimi, bilirsiniz, nə qədər iş görmək olar? Amma istəsən. İstəməsən, rahat yata bilərsən. Heç kəs sənə mane olmayacaq. Enerjini sərf etmək lazımdır. Enerji sərf olunduqca, həyat keyfiyyəti də yüksəlir. İnsan bədəninin 70 faizi sudan ibarətdir. İnsan hərəkət etdikcə, həmin su qaynayır. Nə qədər çox hərəkət etsən, bir o qədər yaxşıdır. Götürək, Kür və Araz çaylarını. Biri sakit axır, biri isə gurultu ilə, səs salaraq. Daim hərəkətdə olan insan Kür çayına bənzəyir. Hərdən valideynlər uşaqların dəcəlliyindən narazılıq edirlər. Hərəkətli uşaq sağlamdır və bunun qarşısını almaq olmaz.
-Yaradıcılığınız barədə nə deyə bilərsiniz?
- 4 elmi ixtiram var, 1 monoqrafiyanın, 100 elmi nəqalənin müəllifiyəm. 2 kitabım çapdan çıxıb. Savadlı, təhsilli olmaq insanın zinətidir, baş ucalığıdır, mənəvi zənginliyidir.
"İnsanı yaşadan gözəl əməllərdir”
-Necə düşünürsünüz, yaxşı insanlar artıb, ya azalıb?
-Azərbaycan xalqı öz keçmişinə, adət-ənənələrinə, milli, mənəvi dəyərlərə çox bağlıdır. Milli mənəvi dəyərlər üzərində qurulan müasir, dünyəvi dövlətimiz insanlığı, hümanizmi üstün tutur. Insanlar gərək biri-birinə laqeyd olmasınlar. Biri-birini sevsinlər, diqqət, qayğı göstərsinlər. Allah bizi sevirsə, biz niyə sevməyək? İnsanı yaşadan, var edən, onun ruhunu gözəlləşdirən gözəl əməllərdir, yaxşılıqdır.

-Ağacan müəllim, hansı mükafatlara layiq görülmüsünüz?
- Vətən qarşısında xidmətlərimə görə "Şöhrət”, 3-cü dərəcəli "Vətənə xidmətə görə” ordeni ilə və "Şərəf” ordeni ilə mükafatlandırılmışam. Bundan sonra da qalan ömrümü vətənimə, xalqıma qulluq etməyə hazıram.
-Mətbəxlə aranız necədir?
- Yeməyə qarşı o qədər tələbkar deyiləm. Evdə nə hazırlasalar, yeyirəm. Özüm qayğanaq, pomidor çığırtması bişirə bilirəm.
-Neçə övladınız var?
- 2 qızım var- Mehriban və Milena. Mehribanın 2 oğlu var -Cavid və Ağacan. Cavidin 28, Ağacanın isə 21 yaşı var. Milenanın bir qızı var- Nərminə. Buyaxınlarda toyu olub.
-Ailədə idmanı seçən olmayıb...
-Anaları razı olmadı. Mənim anam idmanla məşğul olmağıma heç nə demədi, çünki 9 övladı var idi. Biri var, 1 uşağa baxasan, biri də var, 9 uşağa (gülür). Tək övladın üstündə əsirsən də, istər-istəməz.
- Hansı olimiadalarda iştirak etmisiniz?
- Afina-2004, Pekin-2008, London-2012 Yay Olimpiya Oyunlarının iştirakçısıyam. Afina-2004-də baş hakim, London-2012-də isə münsiflər heyətinin üzvü kimi çıxış etmişəm.
-Artıq 25 ildir ki, MOK-un baş katibisiniz...
- 1997-ci ildə ölkənin qabaqcıl idmançıları Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti, millət vəkili İlham Əliyevə qəzet vasitəsilə açıq məktubla müraciət etdi. Müraciətdə ondan MOK-a rəhbərlik etməsi xahiş olunurdu. İlham Əliyev məktubumuz müsbət cavab verdi. O, idmançıların xahişi ilə 1997-ci il iyulun 31-də MOK-un prezidenti seçildi. Həmin vaxt məni də baş katib seçdilər. O vaxtdan indiyə kimi işləyirəm.
-Gənclərimizə nə tövsiyə edərdiniz?
-Gənclər cəmiyyətin əsas və fəal hərəkətverici qüvvəsidir. Ölkənin gələcəyi onların əlindədir. İlk növbədə əməksevər olsunlar, vətəni sevsinlər. Ümummilli lider, dahi şəxsiyyət Heydər Əliyev hər zaman gənclərimizə dəstək olub və dövlət səviyyəsində onlara yardım göstərib. Həmin siyasət bu gün onun davamçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Gənclərimizə tövsiyəm budur ki, ulu öndərin dediklərinə riayət etsinlər. Əgər bunu etsələr, həyatda uğur qazanacaqlar, irəli gedəcəklər, vətənə, xalqa gərəkli olacaqlar. Həm də idmanı sevsinlər.
-Dönüb ömür yoluna baxanda nə görürsünüz?
-Yaşadıqlarımdan peşman deyiləm. Həyatda lazım olan hər şeyi etmişəm və mənalı, şərəfli ömür yaşamışam.

Səadət Hakıyeva