İnna Rıskal: “Azərbaycan mənim vətənim, Bakı isə doğma şəhərimdir”

İnna Rıskal: “Azərbaycan mənim vətənim, Bakı isə doğma şəhərimdir”


İnna Valeryevna Rıskal 1944-ci il iyunun 15-də Bakıda anadan olub. Məşhur Azərbaycan voleybolçusu ikiqat Olimpiya çempionu (Mexiko-1968 və Münhen-1972), Tokio-1964 və Monreal-1976 Olimpiya Oyunlarının gümüş mükafatçısıdır. İnna xanımın adı Olimpiya voleybol turnirlərində əldə etdiyi medalların sayına görə Ginnesin Rekordlar Kitabına düşüb. O, dünya, (1970), üçqat Avropa çempionu (1963, 1967, 1971) və 1973-cü ildə dünya Kubokunun sahibidir. İnna Rıskal Yaponiyanın fəxri vətandaşı adına layiq görülüb. O, həm də Petroqrad, Petrozadosk şəhərlərinin də fəxri vətəndaşıdır.
Azərbaycan və keçmiş SSRİ voleybolunun canlı əfsanəsi İnna Rıskalın iyunun 15-də ad günüdür. O indi vətəndən uzaqda, Moskva şəhərində yaşayır. Əfsanəvi voleybolçunun ad gününü təbrik etmək üçün "Olimpiya dünyası” qəzeti olaraq onunla telefonla əlaqə saxladıq və çoxsaylı oxucularımız üçün müsahibə aldıq.

- İnna xanım, Sizi "Olimpiya dünyası” qəzetinin kollektivi adından ad gününüz münasibəti ilə təbrik edir, uzun ömür, cansağlığı arzu edirik.

- Çox sağ olun. Minnətdaram ki, "Olimpiya dünyası” qəzeti olaraq məni unutmursunuz. Mən Bakıda olanda da məni axtarıb taparaq müsahibə almışdınız. Axı mənim bütün həyatım, karyeram Azərbaycanla bağlıdır. Yaxşı ki, varsınız. Bilirəm ki, Azərbaycanda unudulmamışam, sevilirəm. Sizin zənginiz məni hədsiz sevindirdi. Ürəyim həmişə sizinlədir.

- Vətəndən uzaqda yaşasanız da yəqin ki, Bakı üçün çox darıxırsınız?

- Sözlə demək mümkün deyil. Bilirsiniz, Bakı üçün, Azərbaycan üçün necə darıxıram. Canım, (İnna xanım hər müraciətinin əvvəlində şirin Bakı ləhcəsilə "canım” ifadəsini işlədirdi - S.H.) mən bakılıyam. Bakıda doğulmuşam, burada böyümüşəm. Uşaqlığım, gəncliyim, ümumiyyətlə, həyatımın şirin anları burada keçib. Bakının hər qarışı, dalanları, küçələri mənim üçün çox əzizdir. Bu qədim şəhərlə bağlı xoş, ömrümdən silinməyəcək xatirələrim var. Mən böyük fəxrlə deyirəm ki, Azərbaycan mənim vətənim, Bakı isə doğma şəhərimdir.

- Azərbaycanda gedən dəyişikliklərlə, o cümlədən idmanda baş verən yeniliklərlə maraqlanırsınızmı?

- Bəs necə, sosial İnternet şəbəkəsi və kütləvi informasiya vasitələri sayəsində ölkəmizdə baş verən idman hadisələrini, idmanın və Olimpiya Hərəkatının inkişafında müsbət dəyişiklikləri, atletlərimizin çıxışlarını maraqla izləyirəm. İdmançılarımızı alqışlayıram. Halal olsun, onlara. Sevinirəm ki, bu gün Azərbaycan dünyada idman ölkəsi kimi tanınır. İdmançılarımız Olimpiya oyunlarında, dünya və Avropa çempionatlarında öz layiqli sözlərini deyirlər. Bu sözləri komanda idman növləri haqqında da fəxrlə demək olar. Bütün bunlar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin idmana, Olimpiya Hərəkatına diqqət və qayğısı sayəsində mümkün olmuşdur. Sevindirici haldır ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan ağıllı, uzaqgörən və ardıcıl siyasət bu gün onun layiqli varisi cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

- Azərbaycan voleybolu ilə bağlı nə deyə bilərsiniz?

- Sevinirəm ki, bu gün ölkə voleybolunda müsbət irəliləyişlər var. Çünki burada Faiq Qarayev, Feliks Məmmədov və s. kimi bacarıqlı mütəxəssislər işləyir. Çox şadam ki, fərdi idman növləri kimi, komanda idman növlərində də yüksək nəticələr əldə olunur.

- Özünüzü xoşbəxt hesab edirsinizmi?

- Sizdən nə gizlədim. Bir ana, bir idmançı kimi çox xoşbəxtəm. İki oğlum var. Böyük oğlumun öz ailəsi, evi var. Balaca oğlum bizimlə yaşayır. Digər tərəfdən... (səsində kədər hiss olunur - S.H.) həyat yoldaşım yataq xəstəsidir, Parkinson xəstəliyindən əziyyət çəkir. Ona baxmaq, əziyyətini çəkmək mənim öhdəmə düşür. Gileylənmirəm, bu da mənim qismətimdir, alın yazımdır. Yenə hər şeyi tanrı bilir. Həyat yoldaşım, Aleksandr Syomin futbolçudur, 1963-1964-cü illərdə Bakının "Neftyanik”, 1967-1972-ci illərdə "Neftçi” komandasının şərəfini qoruyub. Mənim indi bütün qayğılarım yalnız onunla bağlıdır.

- İnna xanım, bəlkə də, zəif qadın olsaydınız bu çətinliklərə dözmək o qədər də asan olmazdı.

- Çox şükür, mən zəif və iradəsiz qadın deyiləm. Mən axı azərbaycanlıyam (gülür), oranın çörəyini yemişəm. Biz azərbaycanlılarda isə, xəyanət yoxdur, sədaqət var.



- Bakıya, Azərbaycana qayıtmağı düşünürsünüzmü?

- Həyat yoldaşıma görə Bakıya gələ bilmirəm. Amma doğma şəhərdə şəxsi mənzilim olsaydı, məmnuniyyətlə gələrdim. Bakısız çox darıxıram. Azərbaycan üçün burnumun ucu göynəyir. Mən vətənimi sevirəm.

- Bir daha Sizin ad gününüzü təbrik edir, ən xoş və səmimi arzularımızı bildiririk. Sağ olun.

- Sağ olun.
Səadət Hakıyeva