Bu gün dünyamız yeni bir bəla ilə - koronavirusla qarşı-qarşıyadır. Bütün dövlətlərdə olduğu kimi, Azərbaycanda da pandemiyaya qarşı dövlətimiz tərəfindən çox ciddi tədbirlər həyata keçirilir. Dövlətimiz tərəfindən əhalinin təhlükəsizliyini və sağlamlığının qorunması üçün qabaqlayıcı tədbirlər həyata keçirilir. “Olimpiyadunyasi.com” və "Olimpmnews.az” saytı hər zaman olduğu kimi, karantin günlərində məşhur idmançılarımız və idman mütəxəssislərimizlə mütəmadi olaraq əlaqə saxlayır, onlar haqqında yeni xəbərlər verir. Budəfəki həmsöhbətimiz “Şöhrət” ordenli, “Tərəqqi” medalı mükafatçısı, Əməkdar məşqçi, Beynəlxalq dərəcəli hakim, London Olimpiya Oyunlarının “Qızıl Fit” mükafatçısı, dünyanın ən yaxşı hakimi Hicran Şərifovdur. Müsahibimiz ona ünvanlanan sualları səmimi cavablandırdı.
- Hicran müəllim, karantin rejimini necə keçirirsiniz?
- Ölkəmizdə bu gün koronavirus pandemiyasına görə karantin rejimi tətbiq olunub. Təbbi ki, biz də ilk növbədə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin çağırışına dəstək olaraq, bu qaydalara riayət edirik. Bu məqsədlə artıq bir neçə aydır ki, Mərdəkandakı bağ evinə köçmüşük. Şəhərə isə zəruri hallarda çıxıram. Belə olan halda dövlətimizin qoyduğu qaydalara əməl edərək, sosial məsafə saxlayıb, tibbi maskalardan istifadə edirəm.
- Karantin günlərində fürsətdən istifadə edib hansı yarımçıq qalan işlərinizi tamamladınız?
- Mən pedaqoqika üzrə elmlər doktoru proqramı üzrə doktorantam. Karantin günlərində bu istiqamətdə işləməyə vaxtım çox oldu. Vaxtımı səmərəli keçirdim, elmi məqalələrlə məşğul oldum. Zamanı mənasız keçirməyi xoşlamıram. Bundan başqa fürsətdən istifadə edib, Mərdəkandakı bağ evinin həyətində böyük dəyişikliklər etdim.
- Məlum səbəblərə görə idman yarışları təxirə salındı. Bu isə idmanın artan tempinə böyük təsir göstərdi. Sizcə bu problem idmanın gələcək mərhələsinə necə təsir göstərəcək?
- Təkcə Azərbaycanda deyil, bütün dünyada idman növləri üzrə məşqlər dayandırıldı, zallar bağlandı. Əgər indi azacıq məşqlər başlayırsa, bu da əvvəlki məşqlərin yerini vermir. Pandemiya idmana başqa sahələrə olduğu kimi, böyük təsir etdi. Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya xarakterli yarışlar təxirə salındı. Hətta dünyanın ən mötəbər idman bayramı olan Olimpiya Oyunlarının vaxtı dəyişdirildi. Bir sözlə idmançılar bir neçə ay yarışsız qaldılar, hələ bilinmir ki, nə vaxta qədər yarışlar keçirilməyəcək.
- Olimpiya Oyunlarından söz düşmüşkən, pandemiyadan əvvəl bütün dünya idmançıları olimpiadaya köklənmişdilər. Necə düşünürsünüz, sizcə bu vəziyyət yeni simalar və adlar üçün nə qədər şans yaradacaq?
- Tokio Olimpiadası artıq XXXII Yay Olimpiya Oyunları olacaq. 1896-cı ildən bu yana keçirilən Yay Olimpiya Oyunlarına nəzər yetirsək görərik ki, Yaponiyaya 3 dəfə dördilliyin zirvə yarışı həvalə olunub. Bu yarışların ilki İkinci Dünya Müharibəsinə görə ləğv olundu. Tokioya həvalə olunan ikinci Olimpiya Oyunları isə 1964-cü ilə keçirildi. Amma bu Oyunlar susuzluq probleminə görə 3 ay müddətinə təxirə salındı, yəni payız ayında keçirildi. Tokionun üçüncü dəfə ev sahibliyi etməyə hazırlaşdığı olimpiada bu dəfə pandemiyaya görə gələn ilə kimi təxirə salındı. Bu sanki, Yaponiyanın taleyinə belə yazılıb. Əlbəttə bu, idmançılar üçün çox ağır prosesdir. Bütün hazırlıqlı idmançılar bu qərardan məyus oldular. Mən hətta deyərdim ki, onların gələn ilə kimi eyni formada qalması mümkün deyil. Burada ilk növbədə yaşı ötən idmançılar var ki, bu il onlar nəticə qazana bilərdilər. Bir ildən sonra onlar əvvəlki formasında olmayacaqlar. Onların nəticə verməsi sual altındadır. Sözsüz ki, olimpiada bu il baş tutsa idi, hazırlıqlı ölkələrin idmançıları medal qazanacaqdılar. Lakin bu oyunların təxirə salınması onu göstərir ki, gələn il “Gündoğar ölkədə” daha gənc və yeni sürpriz idmançılar iştirak edəcək. Ümumiyyətlə, belə düşünürəm ki, biz gələn il təsadüfi Olimpiya çempionları və mükafatçılarına rast gələcəyik. Yəni idman xoşbəxtliyi olan idmançılar medal qazanacaqlar.
- Pandemiyadan sonra idman yarışlarını necə təsəvvür edirsiniz?
- Əgər hər şey qaydasına düşərsə, idmançılarımız məşqlərini tam bərpa edərlərsə, onların əvvəlki hazırlıq səviyyəsinə qayıtması üçün bir neçə ay lazım olacaq. Bu gün Olimpiya Oyunlarına hələ lisenziyalar tam qazanılmayıb. Düzdür, kimlər ki, lisenziya qazanıb, həmin lisenziyalar yerində qalır. Amma elə güləş çəkiləri var ki, idmançılarımız orada lisenziyalar qazanmalıdırlar. Olimpiya Oyunlarının ən çətin və ən əsas mərhələsi lisenziya əldə etməkdir. Lisenziyalar fərdidir, dövlətindir. Məsələn güləşdə hər hansısa bir çəkidə idmançı lisenziya qazanırsa, bu o demək deyil ki, məhz o, olimpiadaya gedəcək. Onun əvəzinə digər hazırlığı yüksək olan idmançı da olimpiadaya gedə bilər.
- Bu yaxınlarda Hakimlər Komissiyasının sədri Antonio Silvestrinin iştirakı ilə milli federasiyaların hakimləri üçün vebinar təşkil olundu. Bu vebinarda hansısa yeniliklər oldumu?
- Dünya Hakimlər Kallegiyasının sədri olan Antonio Silvestri çox savadlı hakimdir. Biz neçə il onunla birgə güləş xalçası üzərində hakimlik etmişik. Onun vebinarını mən də izlədim. Güləş qaydalarına hakimliklə bağlı heç bir dəyişiklik olmadı. O, bütün sözlərində, ona ünvanlanan suallara cavab olaraq qeyd etdi ki, idmandan, hakimlikdən soyumayın. Ölkənizdəki zallarınızda balaca yarış belə keçirilirsə, iştirak edin ki, qaydaları unutmayasınız, hakimlikdən uzaqlaşmayasınız. Peşəkar səviyyədə beyninizə həkk olunmuş hakimlik səviyyəsinin aşağı düşməsinin hər cür yollarla qarşısını alasınız.
- Rəhbərlik etdiyiniz “Cəngi” güləş klubunda hazırda vəziyyət nə yerdədir? Klubun idmançıları ilə əlaqələr saxlanılırmı? Məşqlər hansı qaydada keçirilir?
- Bu gün “Cəngi” idman klubunda məşqlər pandemiya ilə əlaqədar olaraq, müvəqqəti olaraq dayandırılıb. Amma güləşi özünə peşə seçən idmançılar açıq havada, parkda, turnikdə məşqlərini edirlər. Bu nə qədərsə onlara kömək edir. Amma bu, o demək deyil ki, həmin güləşçi böyük idman üçün lazım olan məşqlər edir. Onlar sadəcə, idmansevər kimi məşqlərini edərək, formasını qorumağa çalışırlar. Zallar bağlandıqdan sonra idmançılar mütəmadi olaraq, mənimlə də, məşqçilərlə də əlaqə saxlayırlar. İdmançılara məşqçilər tərəfindən xüsusi proqramlar verilib. Bu məşqlərlə yalnız fiziki hazırlığı müəyyən qədər qorumaq olar. İdmançılar da öz məşqləri barədə məşqçilərə məlumat verirlər. Bir sözlə klubun məşqçiləri idmançıların güləşdən yayınmaması üçün maksimum dərəcədə çalışırlar.
- Onlayn idman anlayışını necə qarşılayırsınız?
- Ümumiyyətlə distant təhsil və digər təhsil növləri, üsulları həmişə pedaqoqikada olub və bu gün də var. Onlayn təhsil anlayışı ancaq seminar kimi, mühazirə kimi yüksək təsir göstərir, nəticə verir. Amma bu gün neynəmək olar, başqa variant yoxdur. Yalnız onlayn məşqlərlə hazırlıq keçmək mümkündür. Fikrimcə, bu heç də pis alınmır. Yenə də deyirəm onlayn məşqlər, əvvəlki peşəkar hazırlıqların yerini vermir. Bu məşqlərlə böyük idman formasını qorumaq mümkün olmasa da, idmançını tamamilə məşqdən kənarda qalmasının da qarşısını alır.
- Dünya Güləş Birliyi pandemiyadan sonra idmançıları zədələrdən və ya digər təhlükələrdən qorumaq üçün hansısa addımlar atıbmı?
- Dünya Güləş Birliyinin prezidenti Nenand Laloviç dəfələrlə müraciət edərək bildirib ki, bütün yarışları təxirə salın. Bizim üçün əsas idmançıların sağlamlığıdır. O, ilk növbədə bu məsələni irəli sürür. Bundan əvvəl Macarıstanın perspektivli sərbəst güləşçisi 22 yaşında məşq zamanı rəhmətə getdi. Bu kimi məsələlərə görə Dünya Güləş Birliyi belə halların olmaması üçün bütün dünya ölkələrin federasiyalarına müraciət edir, yazılı məktublar göndərir ki, idmançıları pandemiyadan qoruyun.
- Hicran müəllim, siz eyni zamanda daxili işlər orqanlarında işləmisiniz. Asayişi qoruyan polislərin fiziki hazırlığında öz töhvələrinizi vermisiniz. Karantin dövründə baş verən hadisələr barəsində nə deyərdiniz?
- Karantin ərəfəsində dövlətimizdə olan hadisələr bizi çox maraqlandırır. Məsələyə birbaşa keçid etmək istəyirəm. Heç vaxt istəməzdim ki, xalq ilə polis arasında qarşıdurma yaransın. Nəzər yetirsək görərik ki, koronavirusla bağlı mübarizədə ən çox əziyyət çəkən həkimlərimiz və polislərimizdir. Onları da başa düşmək lazımdır. Ajiotaj yaratmaq olmaz. Ölkədə sabitliyə və qaydalara əməl etsək bu gözəgörünməz düşmənə daha tez qalib gələrik. İnanıram ki, dövlətimiz qabaqlayıcı addımlar vasitəsi ilə ən az itki ilə bu bəladan qurtula biləcək. Pandemiyaya qarşı mübarizədə təkcə idmanda yox, hər bir sahədə məsuliyyətli olmalıyıq. Başda Azərbaycan Prezidenti cənab İlham Əliyev, Birinci vitse-prezident Mehriban xanım Əliyeva və Azərbaycan xalqı bir olub, bu çətinliklərdən üzüağ çıxacağıq.
Azər Əlizadə