Yaponiya hökuməti, paytaxt Tokionun rəhbərliyi, eləcə də Yay Olimpiya və Paralimpiya Oyunlarının təşkilatçıları yarışlarda koronavirusun yayılmasının qarşısını almaqdan ötrü görüləcək tədbirləri müzakirə etməyi planlaşdırırlar.
Bu barədə müntəzəm mətbuat konfransında Yaponiyanın Nazirlər Kabinetinin baş katibi Yosihide Suqa açıqlama verib. O bildirib ki, Oyunlarda koronavirus əleyhinə tədbirlərin təmin olunması üçün bir çox aspektə baxılmalıdır. Bura idmançı və azarkeşlərin gəlişi, testlərin aparılması, tibbi sistemin vəziyyəti və idman obyektlərinin iş vaxtı daxildir: "Bunu nəzərə alaraq, sentyabrdan müvafiq iclasların təşkili nəzərdə tutulub".
Qeyd edək ki, Tokio Yay Olimpiya Oyunları 24 iyul - 9 avqustda keçirilməli idi. Lakin koronavirus pandemiyası ilə əlaqədar Oyunlar gələn il 23 iyul - 8 avqusta təxirə salınıb.