Rinqin “möhtəşəm” qadını

Rinqin “möhtəşəm” qadını


Bütün dünyada Meri Kom və ya “Möhtəşəm Meri” kimi tanınan Çunqneycanq Hmante Meri Kom Hindistanı təmsil edən məşhur qadın boksçudur. Beş qat dünya çempionu, Olimpiya mükafatçısı olan hindistanlı idmaçının uğurları boks həvəskarlarına yaxşı məlumdur. Haqqında danışacağımız peşəkar boksçu öz keşməkeşli həyat yolu və idman karyerası ilə azarkeşlərinin böyük rəğbətini qazanıb. Onun keçdiyi həyat yolu ilə tanış olan insanlar bu mərd və mübariz qadının idmanda böyük çətinliklərlə qarşılaşdığının şahidi olurlar.
“Olimpiya dünyası” oxucular üçün maraqlı olacağını nəzərə alaraq möhkəm iradə sahibi olan və idman karyerasında böyük çətinliklərə sinə gərən boksçu Meri Komun həyatının maraqlı məqamlarına toxunub.

 

Kasıb ailənin qızı
 

Meri Kom 1983-cü ildə Hindistanın Manipur ştatında dünyaya gəlib. Evin böyük qızı olan Meri yoxsul ailədə tərbiyə alıb. Kənd təssərrüfatı işləri ilə məşğul olan atası övladlarını çətinliklə böyüdüb. Orta məktəbi bitirdikdən sonra gənc Meri İmphal şəhərində yerləşən yüksək səviyyəli məktəbə qəbul olmaq istəsə də, imtahanlardan keçə bilmir.

 

Gənc qız uzun müddət məşqçisinin
diqqətini cəlb edə bilməyib

 

Merinin uşaqlıqdan boksa böyük marağı var idi. Bu gizli marağı onda həmyerlisi Dinko Sinkxin yaratmışdı. Dinko Sinkxin Asiya Oyunlarının qızıl medalına layiq görülməsi Meridə bu növə qarşı bir həvəs oyatmışdı. Bu o dövr idi ki, Hindistanda qadınların boksla məşğul olmasına icazə verilmirdi. Lakin Meri bu qadağalara baxmayaraq ailəsindən gizli boksla məşğul olmağa qərar verir. Öz inadkarlığı və prinsipiallığı ilə həmyaşıdlarından seçilən Meri boksla məşğul olmaq üçün ailəsi ilə uzun müddət mübarizə aparıb. Amma boks məşqlərinə yazılması o qədər də asan olmayıb. Merinin imkanlarına inanmayan müəllim əvvəlcə onu məşqlərə qəbul etməkdə tərəddüd edib. O, gənc qıza mane olmağa çalışıb. Meri Kom niyə məhz boksu seçdiyi üçün 5 səbəb göstərməli idi. Meri məşq müəlliminin soruşduğu beş səbəbin qarşılığında hər dəfə “Ona görə ki, mən boksu çox sevirəm”, - cavabını verib. Hindistanlı qız məşqlərə yazılmamışdan əvvəl hər gün boks zalına gələrək buradakı prosesi izləyirmiş. Maraqlıdır ki, Merini məşqçinin özü zala dəvət etsə də, o, bir müddət gənc qıza əhəmiyyət verməyib. Beləcə, gənc qız bir ay məşqləri kənardan seyrçi kimi izləməli olub. Nəhayət boksa olan sevgi və marağı hər şeyə üstün gəlib və bu inadcıl qız tezliklə idmanda uğurlar qazanmağa başlayıb.

Siyahılara sığmayan soyad
 

“Kom” soyadı boksçu xanıma məşqçisi tərəfindən verilib. Çünki əsl soyadı siyahıya yerləşmirmiş. Hətta bir dəfə yarışların birində Meri Kom qalib olmasını öyrənmək üçün siyahıya baxdıqda öz adını tapmaqda çətinlik çəkib. Maraqlıdır ki, Meriyə ilk boks əlcəyini də məhz məşqçisi hədiyyə edib.
Təbii ki, Merinin ailəsində heç kəs onun boksla məşğul olduğunu bilmirdi. Deyilənlərə görə, atası Merinin Şimali Benqaliyada keçirilən yarışlarda qalib olduğu haqda qəzetdə oxuyandan sonra hirsindən onun boks əlcəklərini yandırmışdı. Qəzəblənən ata qızının məşqlərə getməsini qadağan etmişdi. Lakin Meri Kom təslim olmaq fikrində deyildi və o, növbəti yarışlarda uğur qazanaraq həm atasına, həm ölkəsinə güclü bir idmançı olduğunu sübut etdi.
Deyilənlərə görə, Meri Kom peşəkar boksçu olmamışdan əvvəl pul qazanmaq və ailəsini maddi sıxıntılardan azad etmək məqsədilə qaydasız küçə döyüşündə də iştirak edib. Döyüşün şərtlərinə görə, o, müəyyən müddət rinqdə güclü kişi rəqibinin hücumlarına davam gətirəcəyi təqdirdə, qalib elan olunacaqdı. Burada əsas məqsəd pul mükafatını almaq idi. Meri dözümlülük göstərərək rinqdən qalib ayrılmağı bacarıb.


 

Ailə həyatı və boks arasında seçim
 

Meri Kom bir müddət ailə qurmaq üçün idmana fasilə verməyi qərara alır. Lakin məşqçisi yetirməsinin karyerasının zirvəsində olduğu bir zamanda buna qarşı çıxır. Amma yenə də inadcıl və möhkəm iradəyə malik xanım boksçu öz dediyinin üstündə durur. Sevdiyi insanla ailə həyatı quran Meri rinqdən uzaqlaşır. Əkiz oğlanları olan idmançı xanım uzunmüddətli fasilədən sonra yenidən boksa qayıdır.
Tanınmış xanım boksçu Meri 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərində keçiriləcək XXXI Yay Olimpiya Oyunlarında çıxış edəcək.


 

Rinqin “möhtəşəm” qadını