Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində Yasamal rayon orta ümumtəhsil məktəbliləri arasında “Şahin” hərbi-idman oyunu üzrə rayon birinciliyi keçirilib.
Yasamal rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə keçirilən birincilikdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra torpaqlarımızın bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Daha sonra çıxış üçün söz Yasamal rayon Gənclər və İdman İdarəsinin rəisi İlham Səfərova verilib. İlham Səfərov yarış iştirakçılarını salamlayaraq komandalara uğurlar arzulayıb. İlham Səfərov qeyd edib ki, yeniyetmə və gənclər arasında hərbi-vətənpərvərlik tərbiyəsi işinin təşkili, onlar arasında vətənpərvərlik tərbiyəsinin aşılanması, məktəbliləri hərbi-idman oyunlarına cəlb etməklə onların ordu sıralarında hərbi xidmətə hazırlanmasına kömək göstərmək gənclərlə iş sahəsində idarə qarşısında duran başlıca vəzifələrdən biridir. İlham Səfərov bildirib ki, 44 günlük Vətən müharibəsi xalqımızın, o cümlədən ordumuzun yüksək hərbi-vətənpərvərlik ruhunu bir daha nümayiş etdirdi və Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev cənablarının rəhbərliyi altında torpaqlarımız işğaldan azad edildi, 30 illik yurd həsrətinə son qoyuldu.
Sonra “Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri” İctimai Birliyinin Yasamal rayon təşkilatının sədri Bəhram Şeydayev çıxış edib. Bəhram Şeydayev iştirakçılara uğurlar arzulayıb və çıxışında bildirib ki, Azərbaycan ordusu indi regionun ən güclü ordusu olmaqla yüksək peşəkar əsgər və zabit heyətinə malikdir. O qeyd edib ki, Vətən müharibəsi Azərbaycan ordusunun döyüş qabiliyyətini bütün dünyaya nümayiş etdirdi, ordumuz şanlı qələbə qazandı.
Qarabağ müharibəsi qaziləri və digər rəsmi şəxslərin iştirak etdiyi təntənəli açılış mərasimi başa çatdıqdan sonra komandalar yarışın əsasnaməsinə müvafiq olaraq mərhələlər üzrə yarışa başlayıblar.
Birincilikdə rayon ərazisində fəaliyyət göstərən 19 tam orta ümumtəhsil məktəbin komandası öz qüvvəsini sınayıb. Yarışın yekun nəticəsinə görə birinci yerə 158 saylı tam orta məktəbin komandası layiq görülüb. 31 saylı tam orta məktəbin komandası ikinci, 175 saylı tam orta məktəbin komandası isə üçüncü yerə sahib çıxıb. Rayon mərhələsinin qalibi olmuş komanda Bakı şəhər zona birinciliyində rayonu təmsil etmək hüququ qazanıb.
Rayon məktəbliləri “Şahin” hərbi-idman oyunlarında
