Polşanın Krakov və Malopolye şəhərlərində təşkil olunacaq III Avropa Oyunlarının başlamasına 29 gün qalır. Oyunların rəsmi açılış mərasimi iyunun 21-də Krakovda təşkil olunacaq. İyulun 2-dək davam edəcək budəfəki yarışlarda “köhnə qitə”nin 48 ölkəsindən olan idmançılar 30 idman növündə 253 dəst medal uğrunda mübarizə aparacaqlar. Yarışa əsas diqqətçəkən məqamlardan biri isə tarixdə üçüncü dəfə təşkil olunacaq Avropa Oyunlarına Rusiya və Belarus idmançılarının buraxılmamasıdır. Avropa Olimpiya Komitələrinin (AOK) rəsmi saytında yer alan məlumata görə, həm Rusiya, həm də Belarus idmançıları bu oyunlarda heç bir statusda iştirak edə bilməyəcəklər.
Qeyd edək ki, Rusiya idmançıları Bakı-2015 və Minsk-2019 Avropa Oyunlarının qalibi olmuşdular.
“Olimpiya dünyası” qəzeti olaraq bu sayımızda Rusiya və Belarus idmançılarının qitənin nüfuzlu yarışındakı statistik göstəricilərini araşdırıb, oxuculara təqdim edirik.
İki yarış və cəmi 273 medal
İlk dəfə Bakıda 50 ölkənin iştirakı ilə keçirilən və 17 gün əsrarəngiz mübarizə ilə yaddaqalan oyunlar Rusiya idmançılarının qələbəsi ilə başa çatdı. Şimal qonşularımız oyunlarda iştirak üçün paytaxtımıza 620 nümayəndə heyəti ilə gəlmişdilər. Onlardan 7-si Olimpiya, 34-ü isə dünya çempionu olmaqla ümumilikdə 358-i qalib adı uğrunda yarışırdı. Belə böyük heyətlə Bakıya gələn ruslar buradan çempion kimi ayrıldılar. Onlar 164 (79 qızıl, 40 gümüş, 45 bürünc) medalla birinci yeri tutdular. Ruslar Bakıda əsasən güləş, üzgüçülük, gimnastika, avarçəkmə, boks, cüdo və qılıncoynatma idman növlərində rəqibləri üçün əlçatmaz oldular.
Rusiya komandası 4 il sonra Minskdə təşkil olunan ikinci Avropa Oyunlarında da eyni uğuru təkrarladı. Lakin bu dəfə daha az idmançı ilə - cəmi 225 atletlə buna nail oldular. Onların arasında Bakıdakı Avropa Oyunlarının 18 qalibi və 5 Olimpiya çempionu da yer almışdı. Rusiya komandası bu oyunlarda 109 (44 qızıl, 24 gümüş, 41 bürünc) medal qazanaraq, birinci yeri tutdu.
Şərqi avropalıların puç olmuş
arzuları
Belarus idmançılarına gəlincə isə bu komandanın da Avropa Oyunlarındakı təcrübəsini qeyd etmək yerinə düşər. Ən azından onlar Bakıdan sonra bu yarışa ev sahibliyi edən ikinci təşkilatçı ölkə kimi yadda qalıblar. Avropa Oyunlarının standartları Bakıda müəyyənləşdiyindən onlar bu Oyunları təşkil etmək üçün Azərbaycan modelindən yararlandılar. Bu məsələyə toxunmazdan əvvəl isə Belarusun Bakı-2015-dəki statistik göstəricilərinə nəzər salaq.
149 idmançı ilə Bakıya gələn şərqi avropalılar burada 43 (10 qızıl, 11 gümüş, 22 bürünc) medalla yeddinci yeri tutdular. Onlar paytaxtımızda əsasən gimnastika (12), güləş (9), sambo (7), avarçəkmə (5), atıcılıqda (6) növlərində fərqləndilər. Cüdo, taekvondo, karate, qılıncoynatma, badminton, triatlon, çimərlik voleybolu kimi növlərdə isə Belarus idmançıları mükafatçılar sırasına düşə bilmədilər.
İkinci Avropa Oyunlarının ev sahibləri Minskdəki yarışda 221 idmançı ilə təmsil olundular. Onlar bu yarışda 68 (23 qızıl, 16 gümüş, 29 bürünc) medal qazanaraq, Rusiyadan sonra ikinci pillədə qərarlaşdılar. Belarus idmançıları bu oyunlarda da əsas medallarını gimnastika, boks, güləş, velosiped, avarçəkmə, atletika və sambo növlərində əldə etmişdilər.
Yeni favoritlər və yeni çempionların uğuruna şahidlik edəcəyik
Yarışların başlamasına az qalmış Avropa Olimpiya Komitələri öz sözünün üstündə bir daha duraraq, bu oyunların ən çox medal qazanan və yarışlardan ikincisinə ev sahibliyi edən ölkələrin iştirakçılarını siyahıdan çıxardı. Rusiya və Belarus idmançılarının tarixdə üçüncü dəfə təşkil olunacaq Oyunlardan kənarda qalması isə qitənin digər aparıcı ölkələrinin işinə yarayacaq. Belə ki, bu ölkələr özlərinin üçüncü sınağında oyunların qalibi olması üçün əsl fürsət qazanıblar. İndi qalır hansı dövlətlərin bu fürsətdən necə yararlanması və yarışları neçə medalla başa vurması. Bəs üçüncü oyunların qalibi kim olacaq? Avropa Oyunları tarixində Polşadakı mübarizədə Rusiyadan sonra ilk dəfə olaraq yeni qalib ölkə, yeni favoritlər və yeni çempionların uğuruna şahidlik edəcəyik. Sözsüz ki, budəfəki yarışda Almaniya, Böyük Britaniya, Fransa, İtaliya, Ukrayna, Niderland və ev sahiblərini Polşanı əsas favoritlər siyahısında görmək olar. Bir sözlə, Bakıda təşkil olunan bu oyunların növbəti tarixi Polşada yazılacaq. Bəs görəsən, Polşada güləşin oyunların proqramına daxil edilməməsini, cüdonun isə qarışıq komanda yarışları formatında təşkil olunacağını nəzərə alsaq, idmançılarımız bu dəfə hansı nəticə ilə yadda qalacaqlar?
Qeyd edək ki, Azərbaycan idmançıları 2015-ci ildə Bakıda təşkil olunan birinci Avropa Oyunlarında 56 (21 qızıl, 15 gümüş, 2 bürünc) medal qazanaraq ikinci, Minsk-2019-da isə 28 (5 qızıl, 10 gümüş, 13) medalla 10-cu yeri tutmuşdular.
Anar Əhmədov,
Azər Əlizadə