İyulun 12-də Milli Olimpiya Komitəsinin (MOK) inzibati binasında Sloveniyanın Maribor şəhərində keçiriləcək Avropa Yeniyetmələrinin XVII Yay Olimpiya Festivalında iştirak edəcək idmançılarla görüş olub.
Tədbirdə MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə, Azərbaycan komandasının missiya rəhbəri Vaqif Əliyev, festivala yollanacaq idmançılar və məşqçilər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Çingiz Hüseynzadə yarışın əhəmiyyəti barədə danışaraq, idmançılara uğurlar arzulayıb.
“10 gündən sonra Sloveniyanın Maribor şəhərində Avropa Yeniyetmələrinin növbəti Olimpiya Festivalı keçiriləcək. Azərbaycan komandası da ənənəvi olaraq bu tədbirdə iştirak edəcək. Budəfəki tədbirdə bəzi idmançılar ikinci dəfə təmsil olunacaqlar. Bunun da səbəbi bundan əvvəl Slovakiyada keçirilən festivalın COVİD-19 pandemiyasına görə bir il müddətinə - 2022-ci ilə təxirə salınması ilə bağlıdır. Oyunlar iki il ardıcıl olaraq keçirildiyinə görə bəzi idmançılar festivalda ikinci dəfə iştirak edəcəklər. Bir çox idmançı üçün bu, ilk beynəlxalq yarış olacaq. Festivalda iştirak edən komandamıza uğurlar arzulayır, onların Vətənə yüksək nəticələrlə qayıdacağına inanıram”, - deyə Çingiz Hüseynzadə bildirib.
Tədbirdə çıxış edən MOK-un idman idarəsinin baş məsləhətçisi, festivalın missiya rəhbəri Vaqif Əliyev isə Sloveniyanın Maribor şəhərində keçiriləcək yarış haqda tədbir iştirakçılarını məlumatlandırıb. “1991-ci ildən keçirilən Avropa Yeniyetmələrinin Olimpiya Festivalında Azərbaycan komandası 1995-ci ildən iştirak edir. Bu, sayca 17-ci idman tədbiridir ki, komandamız da bunlardan 13-də iştirak edib. Yeniyetmə idmançılarımız bu tədbirlərin hər birindən Vətənə medallarla qayıtmağı bacarıb”, - deyə Vaqif Əliyev bildirib.
O, həmçinin Olimpiya kəndinə dair məlumatlarla yanaşı, tibbi xidmət, nəqliyat, qidalanma və başqa texniki məsələlər haqda tədbir iştirakçılarına məlumat verib.
Daha sonra MOK-un beynəlxalq proqramlar idarəsinin əməkdaşı, “Olimpiya mədəniyyəti və təhsil proqramı”nın (OCEP) rəhbəri Ceyhun Rəhmanov çıxış edərək festival zamanı OCEP layihəsi çərçivəsində məktəblilərin iştiakı barədə danışıb. Qeyd olunub ki, OCEP layihəsi çərçivəsində iştirakçılar üçün qurulacaq pavilyonda ölkəmiziZaur Məmmədov adına 171 nömrəli tam orta məktəbin şagirdləri təmsil edəcək.
AMADA-nın Təhsil proqramları üzrə meneceri Qüdrət Səfərov isə çıxışında yeniyetmə idmançılara və komandanın məşqçilərinə antidopinq istiqamətində mövcud qaydalarından, həmçinin onların hüquq və vəzifələrindən bəhs edib.
Qeyd edək ki, festivalda 48 iştirakçı ölkə, 11 idman növü üzrə 3600-a yaxın 14-18 yaşlı yeniyetmə idmançılarla iştirak edəcək. Azərbaycan komandası festivalda 6 idman növü - cüdo, atletika, gimnastika, velosiped, tennis və üzgüçülük üzrə 36 idmançı ilə təmsil olunacaq.
Avropa Yeniyetmələrinin XVII Yay Olimpiya Festivalının rəsmi açılış mərasimi iyulun 23-də, bağlanış mərasimi isə iyulun 29-da keçiriləcək.