Bu gün Naxçıvanda ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş bədii gimnastika üzrə “Grace of Nature” beynəlxalq turnirinə start verilib. Bölgədə gimnastika üzrə təşkil olunan ilk beynəlxalq yarışda Azərbaycan və Qazaxıstan komandalarını təmsil edən 300-dək idmançı çempion adı uğrunda mübarizə aparır.
Naxçıvan Olimpiya İdman Kompleksində keçirilən turnirə paytaxt və bölgələri təmsil edən 20 klubdan kiçikyaşlı, yeniyetmə və gənc gimnastlar qatılıb.
İdmançılar kiçiklər (2016-2017-ci il), balacalar (2013-2015-ci il), yeniyetmələr (2011-2012-ci il) və gənclər (2008-2010-cu il) yaş kateqoriyasında çıxış edirlər. Yarışda paytaxt idmançılarına Naxçıvan, Gəncə, Ağdaş, Mingəçevir, Oğuz, Qax, Şəmkir və Zaqatalanı təmsil edən gimnastlar da qoşulublar.
İki gün davam edəcək yarışda qaliblər yaş qruplarına müvafiq olaraq, fərdi proqramda çoxnövçülük və ayrı-ayrı alətlər, qrup hərəkətləri proqramında isə ayrı-ayrı alətlər üzrə müəyyənləşəcək.
Turnirin ilk günündə 2008-2010, 2011, 2012, 2013, 2015, 2016 və 2017-ci il təvəllüdlü gimnastlar qüvvəsini sınayacaqlar.