Rüstəm Orucov: “Qərara gəldim ki, artıq idmanı dayandırmaq lazımdır” - MÜSAHİBƏ

Rüstəm Orucov: “Qərara gəldim ki, artıq idmanı dayandırmaq lazımdır” - MÜSAHİBƏ

“Belə kreativ mükafata layiq görüləcəyimi gözləmirdim. Mənim üçün də böyük sürpriz oldu”. Bu sözləri jurnalistlərə açıqlamasında veteran cüdoçu Rüstəm Orucov Milli Olimpiya Komitəsinin idman yekunlarına həsr olunmuş “Olimpiya gecəsi” mərasimində ilin ən aktiv kişi idmançısı adını layiq görülməsi barədə danışarkən deyib. 

Bu ilin avqustunda peşəkar karyerasını başa vuran cüdoçumuz tatamiyə çıxmaq üçün darıxdığını bildirib: “Bəzən cüdodan uzaqlaşdığıma görə depressiyaya düşürəm. Amma hər şeyin bir sonu var. Bu, əvvəl-axır baş verməli idi. Çünki uduzmağı xoşlamırdım. Hər dəfə məğlub olanda özümü çox pis hiss edirdim. Ona görə də qərara gəldim ki, artıq idmanı dayandırmaq lazımdır”.

R.Orucov öz çəki dərəcəsində davamçısı olaraq gördüyü cüdoçunun adını da açıqlayıb: “Fikrimcə, hazırda 73 kiloqram çəki dərəcəsində Hidayət Heydərovdan daha güclüsü yoxdur. Reytinq cədvəlində ilk sıradadır. Bu yaxınlarda Yaponiyanın paytaxtı Tokioda keçirilmiş Böyük Dəbilqə turnirində tarixi uğura imza atdı. Bunadək Yaponiyada Azərbaycanın heç bir cüdoçusu qızıl medal qazana bilməmişdi. Mən bu ölkədə bir dəfə yarışmış və beşinci yeri tutmuşam. Amma Hidayət yaponiyalı və italiyalı rəqiblərinə qalib gələrək hamımızın acığını çıxdı”.