Bu gün Barselona-1992 Yay Olimpiya Oyunlarının qalibi, Avropa çempionu, dünya çempionatının gümüş və bürünc mükafatçısı Nazim Hüseynovun 55 yaşı tamam olur.
Nazim Hüseynov 1969-cu il avqustun 2-də Bakı şəhərində anadan olub. Uşaq yaşlarından idmana maraq göstərən Nazim 10 yaşından cüdo bölməsinə yazılıb. O, bir neçə dəfə SSRİ birinciliyində çempion olmaqla yanaşı, mükafatçılar sırasında da yer alıb. Onun dünya arenasında ilk böyük qələbəsi 1991-ci ildə Budapeştdə keçirilən super dünya kubokuna təsadüf edir. Fəxri kürsünün ən yüksək pilləsinə qalxan Nazim həmin ildə Barselonada keçirilən dünya çempionatında üçüncü yeri tutub.
N.Hüseynov 1992-ci ildə Fransanın paytaxtı Parisdə keçirilən Avropa çempionatında isə qızıl medala layiq görülüb. Onun final görüşündə fransalı cüdoçuya qarşı işlətdiyi fənd dünyanın 101 ən baxımlı ipponları siyahısına düşüb.
Cüdo əfsanəsi 1992-ci ildə Barselonada keçirilən 25-ci Yay Olimpiya Oyunlarında qızıl medal qazanaraq adını Azərbaycan idmanının tarixinə qızıl hərflərlə yazdırıb. 23 yaşında çempion olan Nazim Hüseynov öz ad günündə bayrağımızı qürurla dalğalandırıb.
Olimpiya Oyunlarından sonra 1993-cü ildə Yunanıstanın paytaxtı Afinada keçirilən Avropa çempionatında birinci yeri tutan Nazim növbəti dəfə bu titula sahib çıxıb.
Nazim Hüseynov idman sahəsində göstərdiyi uğurlara görə 1995-ci ildə “Şöhrət” ordeninə layiq görülüb.
Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2022-ci il noyabrın 12-də Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin yaradılmasının 30 illik yubileyi münasibəti ilə və idmanın inkişafında xidmətlərinə görə “Əməkdar bədən tərbiyəsi və idman xadimi” fəxri adı ilə təltif edilib.
Bu gün Azərbaycan Milli Olimpiya Komitəsinin və Azərbaycan Cüdo Federasiyasının İcraiyyə Komitəsinin üzvüdür.
Görkəmli idman xadimini 55 illik yubiley münasibətilə təbrik edir, cansağlığı və uzun ömür arzulayırıq!
Olimpiya çempionumuzun 55 yaşı tamam olur